80 yaşlı Bruney sultanı Hassanal Bolkiah aviasiyaya qeyri-adi həvəsi ilə yenidən diqqət çəkib. Lüks təyyarələrə sevgisi və hava gəmilərini şəxsən idarə etməsi ilə tanınan monarx Moskvaya təxminən 600 milyon dollar dəyərində şəxsi “Boeing 747-8” təyyarəsi ilə gəlib. Təyyarə güclü qar yağışı zamanı eniş edib. İndi isə maraqlı bir versiya ortaya çıxıb: nəhəng laynerin sükanı arxasında sultanın özü ola bilərdi.
Azpost.info bildirir ki, “Luxury Launches”in məlumatına görə, noyabrın 24-də təyyarə çovğun və mürəkkəb hava şəraiti fonunda Moskvanın Vnukovo-2 aeroportuna enib. TASS-ın məlumatına görə, Hassanal Bolkiahı Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov, diplomatlar və digər rəsmi şəxslər qarşılayıblar.
Lakin əsas müəmmа 350 tonluq layneri kimin idarə etməsi ilə bağlıdır. Sultanın bu uçuş zamanı təyyarəni şəxsən pilotlaşdırdığına dair rəsmi təsdiq yoxdur. Bununla belə, belə bir ehtimalın ortaya çıxması təsadüfi deyil. Monarx uzun müddətdir aviasiyaya həvəsi ilə tanınır və pilot ixtisasına malikdir.
Bundan əlavə, o, beynəlxalq səfərləri zamanı öz təyyarələrini dəfələrlə şəxsən idarə edib. 2026-cı ildə sultan Rusiya–ASEAN sammitində iştirak etmək üçün Kazana uçarkən “Boeing 747” təyyarəsini özü pilotlaşdırıb. Daha bir məşhur hadisə 2013-cü ildə baş verib. Həmin vaxt onun ABŞ-ın o zamankı prezidenti Barak Obama ilə görüşmək üçün öz “Boeing 747” təyyarəsi ilə Vaşinqtona şəxsən uçduğu bildirilirdi.
2017-ci ildə də Bolkiahın APEC sammitində iştirak etmək üçün Vyetnama gələrkən “Airbus A340-200” təyyarəsinin pilot kabinəsində çəkilmiş fotoları yayılmışdı.
Budəfəki Moskva uçuşu hava şəraiti baxımından xüsusilə diqqətəlayiqdir. Paytaxtda eniş zamanı güclü qar yağırdı, aviasiya xidmətlərinin məlumatına görə, küləyin sürəti təxminən 33 knot (saatda 61 km) təşkil edirdi. Qar və sulu qar uçuş-enmə zolağında təkərlərin ilişmə qabiliyyətini azaldır, yan külək isə ağır təyyarənin idarə edilməsini daha da çətinləşdirir.
600 milyon dollarlıq “uçan saray”
Sultanın təyyarəsi qeydiyyat nömrəsi V8-BKH olan “Boeing 747-8 BBJ”dir. Bu, məşhur dörd mühərrikli laynerin şəxsi və dövlət istifadəsi üçün nəzərdə tutulmuş xüsusi versiyasıdır.
Təyyarənin dəyəri təxminən 600 milyon dollar qiymətləndirilir. Yüzlərlə sərnişin daşımaq üçün nəzərdə tutulan adi “Boeing 747-8”dən fərqli olaraq, bu şəxsi versiya nəhəng uçan rezidensiyaya çevrilib.
Təyyarənin daxili sahəsi təxminən 465 kvadratmetrdir. Burada şəxsi mənzillər, qonaq otaqları, işgüzar görüşlər üçün məkanlar və kral ailəsini müşayiət edən şəxslər üçün otaqlar nəzərdə tutulub. Təyyarənin təxminən 75 nəfər tutumuna malik olduğu bildirilir.
Sultanın qeyri-adi dəbdəbəyə olan həvəsi əvvəlki “Boeing 747-400” təyyarəsini də məşhurlaşdırmışdı. Onun salonu qızıl örtüklü detallar, kristal dekor, bahalı mebel və qızılı elementlərlə bəzədilmiş vanna otağı ilə dəfələrlə müzakirə mövzusuna çevrilib.
Yeni “Boeing 747-8” nəhəng təyyarənin daha müasir versiyasıdır. O, təkmilləşdirilmiş mühərriklər və müasir avionika ilə təchiz olunub, qitələrarası uçuşlar həyata keçirə bilir.
Adi sərnişin olmaq istəməyən monarx
2026-cı ilin iyulunda 80 yaşını qeyd edən Hassanal Bolkiah dünyanın ən varlı monarxlarından biri hesab olunur. O, 1967-ci ildən Bruneyə rəhbərlik edir və qeyri-adi dəbdəbəyə, avtomobil kolleksiyasına, eləcə də aviasiyaya sevgisi ilə tanınır.
Onun şəxsi avtomobil parkı, sarayları və təyyarələri uzun müddətdir Bruneyin zənginliyinin simvollarına çevrilib. Lakin uçuşlara olan həvəsi onu digər varlı monarx ailələrinin nümayəndələrindən də fərqləndirir. Bolkiah yalnız öz təyyarələrində səyahət etməyi deyil, həm də pilot kabinəsində əyləşməyi üstün tutur.
Sultanın həqiqətən də qarla örtülmüş Moskvada “Boeing 747-8” təyyarəsini şəxsən endirib-endirmədiyi məlum deyil. Ancaq 80 yaşlı hökmdarın çovğun şəraitində 350 tonluq təyyarəni idarə etməsi ehtimalının özü bu hadisəyə xüsusi maraq qatır.
Orxan Əlizadə