İnfarkt və insult riskinin artmasının ilkin əlamətləri ürək-damar hadisəsindən onilliklər əvvəl özünü göstərə bilər. Edinburq Universitetinin alimləri 1985–2019-cu illər ərzində 100 mindən çox insanın məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.
Azpost.info bildirir ki, tədqiqatın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.
Tədqiqatçılar ABŞ, Norveç və Böyük Britaniyada aparılmış dörd uzunmüddətli əhali araşdırmasının məlumatlarını öyrəniblər. Onlar illər ərzində ürək-damar xəstəlikləri riskinə təsir edən müxtəlif amillərin – arterial təzyiqin, qanda şəkərin səviyyəsinin, böyrəklərin fəaliyyətinin, fiziki aktivliyin və qan göstəricilərinin necə dəyişdiyini izləyiblər.
Ən nəzərəçarpan fərqlərdən biri sistolik arterial təzyiqlə – ürək yığıldığı zaman damarlarda yaranan təzyiqlə bağlı olub. Sonradan ürək-damar xəstəlikləri inkişaf edən insanlarda bu göstərici hadisədən 30 il əvvəl belə orta hesabla 4 mm civə sütunu yüksək olub. Xəstəliyin baş vermə vaxtı yaxınlaşdıqca fərq 7 mm civə sütununa qədər artıb.
Tədqiqatçılar kişilər və qadınlar arasında da fərqlər aşkar ediblər. Gənc yaşlarda qadınların arterial təzyiqi adətən kişilərdən aşağı olub. Lakin təxminən 65 yaşa yaxın bu nisbət dəyişib: qadınlarda təzyiq göstəriciləri daha yüksək olub.
Daha gənc yaşda infarkt və ya insult keçirən insanlarda hadisədən onilliklər əvvəl diabet və yüksək bədən kütlə indeksi daha çox müşahidə edilib.
Qan biomarkerlərində də fərqlər müəyyən olunub. Xüsusilə ürəyin vəziyyətini qiymətləndirmək, o cümlədən ürək çatışmazlığının diaqnostikası və müşahidəsi zamanı istifadə edilən NT-proBNP adlı zülal markerinin səviyyəsindəki dəyişiklikləri ürək-damar hadisəsindən təxminən 10 il əvvəl aşkar etmək mümkün olub. Böyrəklərin fəaliyyətini və fiziki aktivliyi əks etdirən göstəricilərin uzunmüddətli dəyişikliklərində də fərqlər qeydə alınıb.
Tədqiqat müəlliflərinin fikrincə, yalnız bir göstəricini deyil, bir neçə risk amilinin zamanla dəyişmə dinamikasını izləmək ürək-damar xəstəliklərinin ehtimalını daha dəqiq qiymətləndirməyə kömək edə bilər. Bu, ciddi simptomlar yaranmazdan xeyli əvvəl profilaktik tədbirlərə ehtiyacı olan insanları müəyyənləşdirməyə imkan verəcək.
Edinburq Universitetinin Aşer İnstitutunun əməkdaşı, Britaniya Ürək Fondunun elmi işçisi Dorien Kimenay bildirib ki, dəyişdirilə bilən risk amilləri ürək-damar hadisəsindən 30 il əvvəl fərqlənməyə başlayır. Onun sözlərinə görə, bu, həyatın bütün mərhələlərində erkən profilaktika strategiyalarının hazırlanması üçün geniş imkanlar yaradır.
Britaniya Ürək Fondunun baş elmi və tibbi direktoru Brayan Uilyams vurğulayıb ki, infarkt və insult hallarının çoxunun qarşısını almaq mümkündür. Lakin insanlar yüksək risk altında olduqlarını çox vaxt gec öyrənirlər. Onun fikrincə, gələcəkdə təhlükənin erkən aşkarlanması üçün yalnız arterial təzyiq və xolesterin ölçmələrindən deyil, qandakı müəyyən zülalların analizindən də istifadə oluna bilər.
Müəlliflər qeyd edirlər ki, araşdırma uzunmüddətli qanunauyğunluqları üzə çıxarsa da, aşkar edilmiş dəyişikliklərin konkret insanda infarkt və ya insultu dəqiq proqnozlaşdırmağa imkan verdiyini sübut etmir. Bundan başqa, alimlər etnik qruplar arasındakı fərqləri təhlil etməyiblər. Buna görə də bu məsələnin əlavə araşdırılmasına ehtiyac var.
Hələlik mütəxəssislər arterial təzyiqi və xolesterinin səviyyəsini mütəmadi yoxlamağı, risk amilləri olduqda isə əlavə müayinələrə və profilaktik tədbirlərə ehtiyac barədə həkimlə məsləhətləşməyi tövsiyə edirlər.
N.Talıblı