Ukrayna Rusiyanı Krımla birləşdirən Krım körpüsünü tamamilə sıradan çıxarmaq məqsədilə yeni hücumlar hazırlayır.
Azpost.info bildirir ki, “Telegraph” nəşrinin Ukrayna hərbi dairələrindəki mənbələrə istinadən yazdığına görə, Vladimir Zelenski hərbi komandanlığa körpünün qalan hissəsini də məhv etmək tapşırığı verib.
Noyabrın 18-də Ukrayna pilotsuz uçuş aparatları və qanadlı raketlərlə 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından bəri körpüyə ən böyük hücumlardan birini həyata keçirib. Nəticədə Kerç boğazında dördzolaqlı avtomobil hissəsi və onu dəstəkləyən tağ konstruksiyası çöküb. Bu, Rusiyanın Krımdakı qoşunlarının təchizat imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, “Neptun” raketləri körpünün gücləndirilmiş dəmir yolu hissəsinə də ciddi ziyan vurub. “Hər şey prezidentin körpünün tamamilə dağıdılmasını istəməsindən xəbər verir”, – hərbi mənbə nəşrə bildirib və yeni hücumların hazırlanmaqda olduğunu əlavə edib.
Noyabrın 18-də həyata keçirilən əməliyyat yeddi mərhələdən ibarət olub və 11 müxtəlif silah sistemindən istifadə edilib. Ukrayna qüvvələri əvvəlcə körpə ətrafında Rusiyanın müdafiəsini zəiflədib, daha sonra isə birbaşa qurğuya hücum etməyə başlayıb. Ukrayna Hərbi Dəniz Qüvvələrinin raket briqadası ölkənin cənubunda mobil qurğulardan buraxılan “Neptun” gəmi əleyhinə qanadlı raketlərdən istifadə edib.
“Telegraph”ın məlumatına görə, ilk hücumlardan sonra Ukrayna hərbçiləri avtomobil yolunun bir hissəsinin və dayaq tağının boğaza çökdüyünü müəyyən ediblər. Növbəti gecə isə yük qatarlarının ağırlığına hesablanmış dəmir yolu hissəsinə yenidən raket zərbələri endirilib.
Böyük Britaniya Müdafiə Nazirliyinin cümə günü yaydığı kəşfiyyat hesabatında bildirilirdi ki, hücumlardan sonra körpünün avtomobil yolu hərəkət üçün yararsız vəziyyətə düşüb.
Bununla belə, qurumun qiymətləndirməsinə görə, dəmir yolunun bir xətti, ehtimal ki, hələ də istifadəyə yararlı ola bilərdi. Konstruksiyanın dağılması Azov və Qara dənizlər arasında dəniz marşrutlarını da akvatoriya təmizlənənədək bağlayıb.
Uzunluğu təxminən 19 kilometr olan Krım körpüsü Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2014-cü ildə inşa edilib və 2018-ci ildə istifadəyə verilib. Müharibənin başlanmasından sonra Ukrayna dəfələrlə onu sıradan çıxarmağa cəhd göstərib.
Sovet dövrünün gəmi əleyhinə raket texnologiyaları əsasında Ukraynanın “Luç” konstruktor bürosu tərəfindən hazırlanan “Neptun” raketləri 2022-ci ildə Rusiyanın “Moskva” kreyserinin batırılması ilə nəticələnən hücumdan sonra tanınıb. Daha sonra yerüstü hədəfləri vurmaq üçün raketin yeni versiyası da hazırlanıb.
Nəşrin məlumatına görə, “Neptun”un təkmilləşdirilmiş uzaqmənzilli modifikasiyası 1000 kilometrədək məsafədəki hədəfləri vura bilir. Raketin istehsalçısı Oleq Korostelyov bildirib ki, bu il yüzlərlə belə raket istehsal edilə bilər.
Krım körpüsünün tamamilə dağıdılması Kiyev üçün ciddi siyasi və hərbi qələbə olardı. Lakin yeni əməliyyat çətin ola bilər: son hücumlardan sonra Rusiyanın körpünün müdafiəsini gücləndirdiyi ehtimal edilir.
N.Talıblı