Beynəlxalq tədqiqatçılar qrupu 1,4 milyondan çox insanın genetik məlumatlarını təhlil edərək yetkin insanların boyu ilə əlaqəli 207 gen aşkarlayıb.

Azpost.info bildirir ki, “Nature” jurnalında dərc olunan araşdırma göstərib ki, bəzi son dərəcə nadir genetik variantlar insan boyuna geniş yayılmış genetik variantlardan qat-qat güclü təsir göstərə bilər. Bu, insanların faktiki boyunun bəzən genetik məlumatlar əsasında proqnozlaşdırılan göstəricidən niyə əhəmiyyətli dərəcədə fərqləndiyini izah etməyə kömək edir.

Tədqiqat Regeneron Genetika Mərkəzinin mütəxəssislərinin rəhbərliyi ilə aparılıb. Təhlilə 12 tədqiqat qrupundan 1 450 633 nəfərin məlumatları daxil edilib. Alimlər zülalların strukturunu dəyişdirə və ya onların normal fəaliyyətini poza bilən gen variantlarını araşdırıblar. Aşkarlanan 207 gendən 115-i əvvəllər sekvensləşdirmə metodundan istifadə edilən oxşar genişmiqyaslı tədqiqatlarda müəyyən edilməmişdi. Xüsusilə 17 gendə aşkar edilən son dərəcə nadir variantların təsiri diqqət çəkib. İlkin təhlil zamanı bu variantların hər birinə yalnız bir dəfə rast gəlinib. Belə variantlardan biri orta hesabla insan boyunun 8,92 santimetr dəyişməsi ilə əlaqələndirilib. Bu, geniş yayılmış ayrı-ayrı genetik variantların orta təsirindən – 0,17 santimetrdən təxminən 52 dəfə çoxdur.

Bununla belə, təsir konkret gendən asılı olaraq dəyişib. Məsələn, ACAN geninin variantları boyun 16,6 santimetr azalması, FBN1 geninin variantları isə 11,1 santimetr artması ilə əlaqələndirilib. Sümüklərin inkişafının irsi pozuntusu olan axondroplaziya ilə əlaqəli FGFR3 geninin bir variantı isə boyun təxminən 30 santimetr azalması ilə bağlı olub.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, boy fərqlərinə nəzərəçarpacaq təsir göstərən bəzi genlər əvvəllər skeletin inkişaf pozuntuları ilə müşayiət olunan məlum sindromlarla əlaqələndirilməyib. Bu nəticələr insan boyunu tənzimləyən bioloji mexanizmlər haqqında təsəvvürləri genişləndirir. Buraya insulinəbənzər böyümə faktorunun siqnal yolları və hüceyrələri əhatə edən, toxumaları dəstəkləyən hüceyrəxarici matriksin təşkili də daxildir.

Nadir gen variantları tədqiqat iştirakçılarının boy fərqlərinin təxminən 4 faizini izah edib. Lakin onların ayrı-ayrı insanlar üçün əhəmiyyəti daha böyük ola bilər.

Faktiki boyu geniş yayılmış genetik variantlar əsasında verilən proqnozdan 17–20 santimetr və ya daha çox fərqlənən insanlarda aşkarlanan 17 gendən birində nadir variantın olması ehtimalı boy fərqi təxminən 3 santimetrdən çox olmayan insanlarla müqayisədə 17 dəfə yüksək olub. Nadir gen variantlarının nəzərə alınması fərdi boy proqnozlarının dəqiqliyini artırmağa imkan verib. Bu yaxşılaşma xüsusilə boy artımına güclü təsir göstərən variantların daşıyıcılarında müşahidə olunub.

Təhlillərdən birində FGFR3 geninin konkret variantının nəzərə alınması altı nəfər üçün boy proqnozunun dəqiqliyini orta hesabla 26,1 santimetr yaxşılaşdırıb.

Tədqiqat iştirakçılarının təxminən 78 faizi Avropa mənşəli genetik xüsusiyyətlərə malik olub. Alimlər fərqli mənşəli qruplar arasında gen variantlarının təsir gücündə statistik baxımdan əhəmiyyətli fərq aşkar etməyiblər. Bununla belə, ayrı-ayrı variantların rastgəlmə tezliyinin və tədqiqat nümunələrinin ölçüsünün nəticələrə təsir göstərə biləcəyini qeyd ediblər.

Müəlliflər gələcək genetik tədqiqatlara daha müxtəlif mənşəli əhali qruplarının daxil edilməsinin vacibliyini vurğulayıblar.

Nadir Talıblı