COVID əleyhinə vaksinasiya 20 milyon insanın həyatını xilas edib- “The Lancet”

Ekspertlərin yeni tədqiqatları nəticəsində məlum olub ki, COVID-19 əleyhinə vaksinasiya 2021-ci ildə təxminən 20 milyon insanın həyatını xilas edib.

Biologiya və tibb sahəsində nüfuzlu elmi nəşrlərdən biri olan “The Lancet” jurnalı (Böyük Britaniya) xəbər verir ki, tədqiqatçılar riyazi modelləmə üsuluna əsaslanaraq vaksinin dünya üzrə potensial ölüm sayını azı iki dəfə azaltdığı qənaətinə gəliblər. Onların fikrincə, peyvənd olmasaydı, dünyada 31,4 milyon insan koronavirus infeksiyası səbəbindən ölə bilərdi.

ABŞ-ın Con Hopkins Universiteti indiyə qədər dünyada koronavirus infeksiyası əleyhinə 11,6 milyard müxtəlif vaksin dozasından istifadə edildiyini bildirib.

Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına görə, indiyə qədər dünyada koronavirusa 547 milyon 526 mindən çox yoluxma və 6 milyon 347 min 934 ölüm faktı qeydə alınıb. Hazırda aktiv xəstələrin sayı 18 milyon 329 min nəfər təşkil edir ki, onların da 36 mindən çoxunun vəziyyəti ağırdır.

Əvvəlki məqalə

Meymunçiçəyinin mənşəyi tapılıb

Sonrakı məqalə

Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib