Dəmir yolunun siması necə dəyişdi?  –Xarici siyasətin prioritetinə çevrilən “Azərbaycan tranziti” (TƏHLİL)

Azərbaycanda son illərdə  “dəmir yolu” bumunun başlanmasının şahidinə çevrilmişik.  Köhnə vaqonları, gözümüzün uzun illər öyrəşdiyi bələdçiləri müasir qatarlar, gənc və gülərüz personal əvəz etməyə başlayıb. Yollarımızda müxtəlif dövlətlərin bayraqları əks edilmiş  çoxlu yük vaqonları şütüyür.

Azərbaycan  Şimaldan-Cənuba, Şərqdən Qərbə doğru gedən qatarların görüş yerinə – tranzit qovşağına çevrilməkdədir.

Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdə qərarlaşıb. Nəqliyyat infrastrukturunun səviyyəsinə görə isə Azərbaycan dünyada 31-ci yerdədir.

Davos Forumunun 2019-cu il üçün tərtib etdiyi “Qlobal Rəqabətlilik Hesabatı”na görə isə Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci olub.  Azərbaycan 70,8 bal toplayaraq MDB-də lider, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olub.

Bəs neft dövlətinin tranzit ölkəsinə çevrilməsində  hansı şərtlər rol oynayıb?  Azərbaycan bu çağırışların öhdəsindən gələ bilirmi?

Bu gün dünyada beynəlxalq ticarətin sürətlə artması nəticəsində  dəmir yolu daşımaları prioritet məsələ hesab olunur. Dövlətlər arasında yük daşımalarının həcminin artması dəmiryolu qovşaqlarının inkişafına təsir edən prosesə çevrilib. Konteyner yük daşımalarının həcminin yüksək artımı dövlətləri  beynəlxalq dəmir yolu şəbəkələrinə  çıxışına həvəsləndirib,  belə layihələrə böyük həcmdə investisiya qoymasına stimul verib.  Ölkələr yerləşdikləri ərazidəki dəniz, quru yolu, dəmir yolu daşımalarında logistika mərkəzləri yaradaraq iqtisadi faydaları əldə etməyə çalışırlar.

Azərbaycan qədim zamanlardan müxtəlif ölkələrin tacirlərinin mal daşıdığı ticarət qovşağı olub.  Tarixi “İpək yolu” üzərində yerləşən ölkəmiz ticarət üçün etibarlı və rahat yol sayılıb. Azərbaycanın coğrafi mövqeyi  ölkəmizin yenə belə beynəlxalq qovşaq kimi çıxış etməsinə imkan verir.

Bu baxımdan ölkənin dəmir yolu şəbəkəsinin yenidən qurulması Prezident İlham Əliyevin əsas  hədəflərindəndir.  Çünki belə beynəlxalq şəbəkə ölkənin regional və beynəlxalq ticarətdə rolunun artmasına təkan verir, həm Şərq-Qərb dəhlizi, həm də Şimal-Cənub dəhlizi üzərindən tranzit  ticarətindən, idxal-ixrac əməliyyatlarından pay əldə etmək imkanı yaradır.

Azərbaycan ərazisindən beynəlxalq daşımalar, əsasən dəmir yolu vasitəsilə həyata keçirilir.  Son illərdə bu istiqamətdə aparılan dövlət siyasəti ciddi uğurlar əldə etməyə imkan verib.

Ölkədə 2015-ci ilə qədər  tranzit yükdaşımaların həcmi aşağı idi. 2015-ci ildə Azərbaycanda dəmir yolları ilə cəmi 17,1 milyon ton yük daşınmışdı. Onun23,4 faizi (4 milyon ton) daxili yükdaşımanın, 32,2 faizi (5,5 milyon ton) idxal yüklərinin, 21,4 faizi (3,7 milyon ton) ixrac yüklərinin və 23 faizi (3,9 milyon ton) tranzit yüklərin payına düşüb. 2015-ci ildə Azərbaycanın ərazisindən dəmir yolu ilə daşınan yüklərin ümumi həcmində tranzit yüklərin payı cəmi 23 faiz olub.  Halbuki, həmin dövrdə Gürcüstanda dəmir yolları ilə daşınan yüklərin 71 faizini tranzit yüklər təşkil edib.

Beynəlxalq tranzitdə  vacib həlqə

Prezident İlham Əliyev  “Azərbaycan Dəmir yolları” QSC-yə 2015-ci ildə təyin etdiyi yeni rəhbərliyinin qarşısında əsas  məsələ kimi beynəlxalq yükdaşımalar üçün tranzit qovşağın yaradılması və daxili yolların dünya standartlarına çatdırılması qoyulmuşdu.

Bu baxımdan  son 4 ildə Cavid Qurbanov QSC-nin fəaliyyətini yeni çağırışlara kökləyə bilib. Yürüdülən siyasətin zəruri rıçaqını təşkil edən “ADY” QSC ölkədə aparılan islahatların önündə gedən dövlət qurumuna çevrilib.  Prezident İlham Əliyev  Pirşağı stansiyasının açılışı zamanı ADY-nin bununla bağlı fəaliyyətinə toxunaraq  dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində böyük irəliləyişlər olduğunu bəyan etmişdi. Dövlət başçısı Cavid Qurbanovun fəaliyyətini qeyd etməklə aparılan proses  nəticəsində Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrildiyini demişdi.

Bu gün demək olar ki, ADY-nin rəhbərlik etdiyi böyük miqyaslı nəqliyyat layihələri  ölkənin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Azərbaycanın qoşulduğu və vacib tərəfdaşa çevrildiyi beynəlxalq tranzit yolların qurulması vacib həlqə təşkil edib.  Bu sırada 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm layihə olaraq  dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək şansı yaradıb. Açıqlanan rəsmi məlumatlara görə, təkcə ötən il bu yolla 300 min tona yaxın yük daşınıb.

Digər tranzit layihələri olan “Şimal-Cənub”, “Şimal-Qərb”  nəqliyyat dəhlizi də ölkəmizə tranzit dövlət kimi uğur gətirir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələri üçün əla şərait yaradıb. 

Rəsmi rəqəmlərə görə, 2018-ci ildə  “Şimal-Cənub” dəhlizi ilə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artıb. Rusiyadan, İrandan gələn yüklər Azərbaycandan keçməklə “Şimal-Qərb” dəhlizi ilə Qərb istiqamətinə daşınır.  Ərazimizdən Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər gedir.  Azərbaycanın bu nəqliyyat dəhlizlərinin iştirakçısı olmaqla unikal tranzit imkanlarını nümayiş etdirir.

 

 Bölgədə təhlükəsizliyi möhkəmləndirən əməkdaşlıq

Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq eyni zamanda bölgədə təhlükəsizliyi möhkəmləndirir.  Azərbyacan böyük dövlətlərin tranzit dəhlizlərində əsas qovşağa çevrilməklə həm də regionda özünün siyasi maraqlarının ardıcıl müdafiə etmək imkanı qazanır. Odur ki, “tranzit siyasəti” dövlətimizin xarici siyasətinin mühüm komponenti kimi çıxış edir. Aparılan bu siyasətin nəticəsidir ki, düşmən Ermənistan bütün cidd-cəhdlərinə baxmayaraq regiondakı nəqliyyatla bağlı böyük layihələrdən kənarda saxlanılıb.  Ayrı-ayrı qitələri təmsil edən ölkələrin Azərbaycanla fəal əməkdaşlığa can atması bu siyasətin uğurunu təsdiq edən amildir.

Məsələn, “Şərq-Qərb dəhlizi”nə baxaq:  Bu dəhlizə düşən  Azərbaycan ərazisi Orta Asiyadan Qara dəniz regionuna məsafə baxımından ən qısa marşrutdur. Bakı ilə Tbilisi arasında dəmir yolu, Orta Asiya ilə Azərbaycan arasında bərə ilə daşınan dəmir yolu qatarları xətti Azərbaycanın bu marşrutda əsas iştirakçı olması üçün bir çox üstünlüklər yaradır.

Ən gəlirli marşrutların əksəriyyətinə rəqabətin güclü olduğu Çinlə ticarət daxildir.  Azərbaycan Şərq-Qərb dəhlizi boyunca Çinlə Avropa arasında ticarətdən daha çox faydalanaraq, üstünlük əldə etməsinə imkan yarada bilər.  Azərbaycandan keçən TRASEKA Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı beş əsas marşrut arasında ən sərfəli marşrut kimi çıxış edə bilər.

MDB ölkələri arasında dəmiryol əlaqələri son illərdə xeyli irəliləyiş əldə edilib.  “Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə 1-cidir”-deyə bir müddət əvvəl  Cavid Qurbanov demişdi.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları ” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür. Bu qurumun fəaliyyəti əsasən keçmiş sovet ölkələri arasında sərnişin və yük daşımalarını həyata keçirməkdir.

Cavid Qurbanovun QSC-yə sədr təyin olunduğu 2015-ci ildə Şura üzvlərinin bir-birləri qarşısında əməliyyat fəaliyyəti borcu 48 mln. İsveçrə frank təşkil edib. Bu borcun  29,6 mln. frankı (61,6%-i) “ADY” QSC-nin payına düşürdü. 2014-cü ildə bu göstərici 41,4 % olub.

Amma 2019-cu ilin birinci rübünün nəticələrinə görə, səhmdar cəmiyyət debitor  borclarını tam olaraq ödəyib. Bu münasibətlərdə yeni səviyyəni müəyyən edən amil kimi çıxış edir.

Tranzit yollarında ən güclü rəqib sayılan Rusiyanın Azərbaycanla birgə yükdaşıma dəhlizi ilə bağlı müzakirələri bu baxımdan diqqətçəkəndir.  Rusiyanın Azərbaycanın tranzit imkanlarına marağı bu günlərdə Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov arasında görüş bir daha göstərdi. Rusiya tərəfi beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti barədə danışaraq “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat  Dəhlizinin qərb marşrutunun əhəmiyyətini xüsusi vurğulayıb.  Həmçinin Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qars-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi müzakirə edilib.

Azərbaycanın nəqliyyat dəhlizi kimi perspekivi beynəlxalq maliyyə qurumlarının mövqeyində də özünü əks etdirir. Ən böyük maliyyə donorları sayılan Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya Bankı nəqliyyat layihələrinə həvəslə kredit ayırmağa hazır olduğunu bəyan edirlər. Ölkəmizin nəqliyyat imkanları onu dünya üçün cazibədar edib. Prezident İlham Əliyev Bakı Dövlət Universitetində çıxışı zamanı dediyi “bizə həvəslə kreditlər verirlər” ifadəsi dolayısı yolla ölkəmizin tranzit imkanlarına beynəlxalq marağına işarə idi.

Bakını birləşdirən yeni qovşaq

Azərbaycanda həmçinin  ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində böyük addımlar atılır.  Azərbaycanda dəmir yollarının uzunluğu 4200 kilometr, baş yolların uzunluğu isə  2955 km -dir. Rəsmi açıqlamaya görə, bu gün dəmir yolu sistemində 20 min nəfər işləyir.  Burada əmək haqqı 2015-ci illə müqayisədə 95 faiz artıb. Əvvələr əmək haqqı 130 manat idisə, bu gün 583 manat civarındadır. Son illərdə 900 km yol dəyişdirilib, yeni elektrik qatarları alınıb. Elektrik qatarlarının sayı 9-a çatıb.   2017-ci ildə Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra  istifadəyə verilib. Bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb.

Dəmiryolunda aparılmış yeniliklərdən biri də sərnişin qatarları üçün onlayn bilet satışı sistemini tətbiqdir.  Bundan başqa  səyyar “ASAN qatar” xidməti böyük maraq doğurub.  “ASAN qatar”ları ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Xidmətlər 4 dövlət orqanı – Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.

Bu sırada fevralda açılışı gözlənilən Bakı dairəvi dəmir yolu şəhər təsərrüfatında ciddi dəyişkik yarada biləcək,  Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayacaq.  Xalq arasında “elektriçka” adlanan Bakı dairəvi dəmir yolu SSRİ-nin suqutundan sonra uzun illər işləməyib. Dövlət başçısının  göstərişi ilə  “ADY” QSC bu yolu yenidən tikməyə başlayıb.  Məlumata görə, uzunluğu 200 kilometr olan bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib.

Yolun birinci hissəsi  Abşeron dairəsini – Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirəcək.  Bu yolla vətəndaşlar tıxaclarda vaxt itirməyəcək, daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər.

Eyni zamanda, turizm mərkəzi sayılan Qəbələyə dəmir yolunun çəkilişi turzimin inkişafı üçün mühüm rol oynayacaq. Uzunluğu 46 km. olan Ləki-Qəbələ yolunun 11 kilometri artıq qoyulub. Yol gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq.

Bakı-Sumqayıt dəmir yolu ilə ilə hər gün 12 min sərnişin daşınır. Bakı dairəvi dəmir yolu açılandan sonra gündə təqribən 25-30 min sərnişin daşınacaq. Sərnişinləri daşıyan müasir “Stadler” vaqonları həm ekoloji cəhətdən təmiz, həm çox yüksək səviyyəli və sürətli qatarlardır.

Qarşıda duran məqsədlərdən biri də Bakı-Gəncə dəmir yolunu Gəncədən Gürcüstan sərhədinə qədər uzatmaqdır. Sərhəd rayonlarında yaşayan vətəndaşlar bu yoldan faydalanacaqlar.

 Mühüm layihələrədən sayılan Ələt-Astara yolu ilə bağlı bütün layihələndirmə işləri görülüb. Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib.

Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün də torpaq alınması prosesləri başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Lənkəran indi böyük turizm potensialına malik olan bir rayondur. Yol hazır olduqdan sonra Lənkəranın sahil zonası da turizm üçün açıq olacaq.

Biləcəri-Yalama istiqamətində yolun tikintisi yanvar ayında başlanacaq. Uzunluğu 348 kilometr olan bu yolun artıq büdcəsi müəyyənləşib. O yolla  Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəsi böyük dərəcədə artacaq.

Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələri Azərbaycanın beynəlxalq dəhlizlərə inteqrasiyasını gücləndirir, Azərbaycan ərazisindən Avropaya daşınması üçün yeni qapı rolu oynayır.

Beləliklə, dövlətimiz 2025-ci ilədək Azərbaycanın logistika və ticarət sahəsinə investisiya qoyuluşları baxımından regionda ən cəlbedici bölgəyə çevrilməsini əsas məqsəd kimi qarşıya qoyub.  Bu perspektivin tərkib hissəsi  olan dəmir yolları ölkənin beynəlxalq bazarlara çıxmasında önəmli rol oynayır.

Göründüyü kimi Azərbaycan dəmir yollarının yenidən qururlmasında ciddi nəticələrə nail olur. Bu öz növbəsində ölkəmizi beynəlxalq tərəfdaşlıq sistemində etibarlı dövlətə çevirəcək.

 “Analitik” Təhlil Mərkəzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Yol Polisi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib