Dar günün dostu olan Qarabağ atları

Qədim zamanlardan Azərbaycan  dünyada  Qarabağ, Quba, Bakı və Qazax atları ilə tanınıb. Belə  atlar arasında yerli cinslərdən olan Qarabağ atları özünəməxsus keyfiyyətləri ilə fərqlənir. 

Qarabağ atı Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilib.

Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılıb. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb. Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atı yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən “Sumqanda” adlı adi yerişi saatda 8 kilometrdən çoxdur.

Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıb. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. Qarabağ atlarının köhnə tipləri “Maymun” (Xoşbəxt), “Qarnıyırtıq” və “Əlyetməz” (Ceyran) adlı ayğırlar nəsli olub.

XIX əsrin ikinci yarısında Qarabağ atının Axaltəkə atı ilə qarışığıdan “Təkə-Ceyran atı” yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur.

Tarixçi Herodot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Xəzərin cənub-qərbində) yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilib. Bir çox tədqiqatlardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə, Nesey atlarından götürüb. Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf edib. Onlardan biri türkmən xalqının yetişdirdiyi Axaltəkə atları, digəri isə Azərbaycan xalqına məxsus olan Qarabağ atları olub.

İstər qədim dövrdlərdə və orta əsrlərdə, istərsə XIX və XX əsrlərdə Azərbaycanın yerli Qarabağ və Dilbaz atlarının təkmilləşdirilməsində xüsusilə, Ərəb atlarından geniş istifadə edilib. Lakin o zaman Azərbaycan atları keyfiyyətcə üstün olduqlarına görə onların gəlmə atlara təsiri daha çox olub. Bəzi ərəb mənbələrində VIII əsrdə Azərbaycanda artıq islam dininin bərqərar olduğu dövrdə burada qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qəsb edilib Ərəbistana aparılması qeyd olunur.

Faktlar sübut edir ki, Qarabağ atı qədim dövrlərdən Azərbaycanda mövcud olmuş yerli atların əsasında uzun təkamül yolu nəticəsində formalaşmış, xalqın əsrlər boyu apardığı yaradıcı xalq seleksiyası sayəsində yaranmış at cinsidir.

Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın Xan zavodlarının əvəzsiz rolu olub. O zaman təkcə Şuşa qəzasında yüzdən çox atçılıq zavodları olub. Onlardan xüsusilə Pənah xanın, onun oğlu, Qarabağın sonuncu müstəqil hakimi olmuş İbrahim xanın, İbrahim xanın oğlanları Mehdiqulu xanın, Məhəmməd Həsən ağanın, onun oğlu Cəfərqulu – Cavanşir xanın, Xan qızı Natəvanın (Usmiyevlərin), Xan nəvəsi Mirzə Əli bəyin, Əsəd bəyin, Fərəculla bəyin, Ibrahim bəyin, Süleyman xanın, Tağı bəyin, Hüseyn Ağa Ağanlının, Məmməd bəy Gilaninin, Adıgözəl bəy Gilaninin, Adıgözəl bəyin olğu Hüseyn bəyin, Mədətovun mehtəri Əbdülrəhmanın, kavaler Əli bəyin övladlarının, Məmməd bəy Qarabağlının, Məmmədqasım ağanın və digər xan zümrəsinə daxil olan sülalərin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işlərinin aparılıb.

“Qarabağnamələr”də atçılıq təsərrüfatının bəzi məsələlərinə ətraflı şəkildə toxunulur. Bu qaynaqlara əsasən iddia etmək olar ki, Qarabağ xanlığında atçılıq təsərrüfatın mühüm sahələrdən biri idi. Bütün Cənubi Qafqazda Qarabağ atları cinsi, yaraşığı, dözümlülüyü, yüngüllüyü və qaçışı ilə şöhrət qazanıb.

Məlumdur ki, at bütün dövrlər üçün sərfəli nəqliyyat növüdür. Fasiləsiz feodal müharibələri və basqınları zamanı at minik vasitəsi kimi döyüşlərdə əvəzedilməz rol oynayırdı. Atdan Qarabağ xanlığında nadir hallardakənd təsərrüfatı işlərində – əsasən xırmanlarda dərzlər döyülərkən istifadə olunurdu.

1832-ci ildə Qarabağ əyalətində 250 ayğırı və 1400 madyanı olan 11 atçılıq zavodu var idi. Satış üçün atların yetişdirilməsi ilə iri feodallar məşğul olurdular.

Sovet dövründə Qarabağ atları diqqət mərkəzində olub.

1949-cu ilin sentyabr ayında Ağdamın yaxınlığındakı Göytəpə adlanan yerdə Qarabağ atçılıq zavodu uğurla fəaliyyətə başladı. 1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Moskvaya göndərildi.

Mütəxəssislərin fikrinə görə, Qarabağ atlarının Rusiyada, Avropa ölkələrində atcılığın inkişafına böyük təsiri olub. 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparıblar. Qarabağ atının döllük və iş qabiliyyəti həmişə diqqəti cəlb edib.

XIX əsrin ortalarından başlayaraq, bu cinsdən olan atlar Ümumrusiya, Parisdə keçirilən Ümumdünya at sərgilərində nümayiş etdirilib, yüksək mükafatlara layiq görülüb. Ağdam Atçılıq Zavodunda yetişdirilən “Sumqanda” adlı at iki yaşında 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə, üç yaşında isə 2400 metri 2 dəqiqə 52 saniyəyə qaçaraq rekord sürət göstərib. Bundan başqa “Liston”, “Siqnal”, “Naliv” adlı Qarabağ atları da müxtəlif vaxtlarda rekord nəticə göstəriblər.

Qarabağ atının Avropaya gəlişi tarixində 1956-cı il də mühüm yer tutur. O vaxt Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça II Elizabetə Ağdam Atçılıq Zavodundan olan “Zaman” adlı Qarabağ atı da bağışlayıb. Sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Elizabetə zavodda yetişdirilmiş “Zaman” adlı ayğırın hədiyyə edilməsi cinsin tarixində önəmli hadisələrdən hesab edilir. Həmin atı Kraliçaya məşhur jokey Əli Tağıyev aparmışdı.

1960–1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir. Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 1980-ci illərdə Moskva auksionu vasitəsilə çoxlu sayda Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya, Fransaya və digər ölkələrə satılmasını qeyd etmək olar. Həmin illərdə respublika daxilində də zavoddan çoxlu sayda damazlıq atları satılmışdı.

İsveçrəli at saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı Əlyetməzə heykəl də qoyub. Bu həmin Əlyetməzdi ki, Rusiyada knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb.

Hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfyə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar.

1987-ci ilin göstəricilərinə görə, Azərbaycanda yalnız 569 cins Qarabağ atı olub. Qarabağ müzaribəsi atçılığa da ağır zərbə vurdu. 1993-cü ilin iyul ayında Ağdam rayonu erməni təcavüzkarları tərəfindən işğal edildi. Erməni qoşunları rayonun ərazisinə soxulan zaman onları ilk növbədə maraqlandıran obyektlərdən biri məhz Ağdam Atçılıq Zavodu zavodu idi. Lakin ermənilər bu istəklərinə nail ola bilmədilər, fədakar atçılar Qarabağ atlarının döyüş bölgəsindən çıxarılmasını təmin etdilər.

Döyüş bölgəsindən çıxarılan Qarabağ atları əvvəlcə bir müddət Yevlax rayonundakı “Aran” damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirildi. Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə atlar zavodun Ağcabədi rayonu ərazisindəki Lənbəran qışlağına köçürüldü. Ağdam Atçılıq Zavodu köçürüləndə 300-ə qədər at qeydə alınıb.

Qarabağ atlarının yetişdirilməsiylə Ağcabədiyə köçürülmüş Ağdam Atçılıq Zavodu məşğul olur. 1997-ci ilin hesabatalarında bu zavodun cəmi 21 bala aldığı göstərilib. “Atçılıq haqqında” Azərbaycan Respublikasının 27 fevral 2007-ci il tarixli, 255-IIIQ nömrəli Qanununun 27-ci maddəsinin 27.4.-cü bəndinə əsasən Milli at cinslərinin beynəlxalq miqyasda tanınması üçün Qarabağ və Dilbaz at cinsləri qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən patentləşdirilir.

Prezident İlham Əliyev 19 noyabr 2014-cü ildə Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi üçün sərəncam verib. Sərəncama əsasən, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 2,0 (iki) milyon manat ayrılıb.

Ölkə başçısının 21 avqust 2015-ci il tarixli Sərəncamına əsasən isə Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5 milyon manat ayrılmışdır.

Prezidentin 22 fevral 2017-ci il tarixli Sərəncamına əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi üçün “Ağdam Atçılıq Təsərrüfatı” MMC-nin Atçılıq kompleksinin tikintisi üçün 2 milyon manat ayrılıb.

2012-ci ildə İngiltərədə keçirilən Azərbaycan mədəniyyəti günlərində azərbaycanlı rəqqasələrlə bərabər, Qarabağ atlarıda iştirak edib və avropalıların qəlbini fəth etib. Bu tamaşada 3 Qarabağ atı iştirak edirdi. 2014-cü ildə  yenidən həmin atlar dünya ictimaiyyətini heyran etdi.  Bu gün Azərbaycan Atçılıq Federasiyası sahənin ildən-ilə genişlənməsinə öz töhfəsini verir. Ölkəmizdə  yaxşı təlim görmüş  Qarabağ atları müxtəlif ərazilərdə sərhəd xidmətinə cəlb olunur.

Dövlət Sərhəd Xidmətinin “Süvarilər” dəstəsinin Böyük Britaniya Kraliçası II Yelizavetanın anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən mərasimə on dörd Qarabağ və bir  “Dilboz” atı ilə  bərabər Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı fərqli rəng qatmışdı.  Atların ritmik hərəkəti, çaparların dəqiqliyi və səhvsiz nömrələr hamının diqqətini çəkirdi. Qarabağ atlarının göstərdiyi şou proqramın birində 3 at və 6 çapardan ibarət piramida formalı nömrə nümayiş olundu..Təsadüfi deyil ki, tamaşa boyu auditoriyanı ovsunlayan Qarabağ atları Kraliça II Yelizavetada xoş təəssürat yaratdı. Atlara xüsusi marağı və sevgisi olan Kraliça  Qarabağ atlarının gözəlliyini və çaparların ustalığını yüksək qiymətləndirdi.

“Qarabağ Atçılıq Zavodu”nun direktoru Maarif Hüseynovun sözlərinə görə, dünyada 265 cins at var ki, onun da 2-si Azərbaycandadır. Bunlardan biri Qarabağ atı, digəri isə Dilboz atıdır.

Direktorun verdiyi məlumata görə, hazırda zavodda 245 baş Qarabağ cinsindən olan at saxlanılır. Ən ucuzunun qiyməti 2 000 manat, ən bahalısının isə 10 min manat arasında dəyişən heyvanların Avropanın inkişaf etmiş ölkələrinə ixrac edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, Sovetlər İttifaqı dövründə bu atlar Rusiyanın paytaxtı Moskvaya göndərilirdi, oradan isə xarici ölkələrə satılırdı. Hazırda Azərbaycandan dünya bazarına at çıxarılmır, amma Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrə ixrac nəzərdə tutulub. İldə, təxminən, 25 baş at satıla bilər.

Qarabağ atları 30 ildən bir az çox ömür sürürlər.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunun aparıcı elmi işçisi Bəhmən Əliyevin sözlərinə görə,  Azərbaycanın Ərəb xilafətinin işğalında olduğu dövrdə 20000-dən çox Qarabağ atının Ərəbistana aparıldığını və eyni zamanda Rusiya atçılıq zavodunun inkişafında Qarabağ atlarının əsas rol oynadığını bildirib.

8 oktyabr 2007-ci ildə Nazirlər Kabineti “Atçılığın inkişafı üzrə Proqram”ı təsdiq edib. Proqramda atçılığın, o cümlədən məşhur Qarabağ atlarının inkişafı üzrə məsələlər sadalanır.

Azərbaycan atçılığın inkişafı üzrə dövlət proqramında həmçinin qeyd olunur ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar “Dilbaz” və “Qarabağ” atlarıdır. Proqrama əsasən son məlumatlara görə Azərbaycanda 69 984 baş at yetişdirilir. Bunun 20–22%-i “Qarabağ”, 14%-i “Dilbaz”, 8–10% “Quba yorğası” və “Kiçik Qafqaz”, həmçinin “Şirvan” atları, 1%-i əsil “ingilis” və “ərəb” cins atlarına məxsusdur, qalanları isə cins deyil. Proqramda elmi-tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması, müvafiq kitabların buraxılması, reyestr, cins atların, pasportlarının, qeydiyyat formalarının, həmçinin normativ-hüquqi sənədlərin hazırlanması, genetik fondun qorunması nəzərdə tutulub.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.

 

 

 

 

 

 

 

Əvvəlki məqalə

ABŞ Rusiya biznesmenlərinin pullarını ukraynalı veteranlara verəcək

Sonrakı məqalə

Payız sentyabrın 23-də Azərbaycana daxil olacaq​