“Deputat ola bilərəm, bu işin öhdəsindən gələrəm” –AĞADADAŞ AĞAYEV

Xalq artisti, müğənni Ağadadaş Ağayev 525-ci qəzet”ə müsahibə verib.

Azpost.info müsahibəni təqdim edir.

 

– Ağadadaş bəy, ağır xəstəliklə mübarizədən qalib ayrıldınız. Bu savaş sizə nə öyrətdi?

– O günlər rəbbimə əl açıb dedim ki, ya rəbbim, sənə qurban olum, on yeddi yaşımda şan-şöhrət, xərcləməsi mümkün olmayan pul qismət etdin, hər şey verdin, indi də bir dərd vermisən, imtahan kimi qəbul edirəm. Təkcə bir diləyim var, bu sınaqda ətrafımdakıların iç üzünü mənə göstər.

– Göstərdi?

– Ətrafım insanlarla dolu idi. Çox təmizləndi sağım-solum. Övladlarım daxil ətrafımdakı doxsan faiz adam bu imtahanı keçə bilmədilər. Xəstəliyimi öyrəndiyim ilk günlərdə mənə deyirdilər ki, sənin filan dostların var, onlara zəng elə. Dedim yox, eləmərəm. Yaşayacamsa, yaşayacam, öləcəmsə, öləcəm. Bu söhbətdən bir gün sonra Prezidentin köməkçisi Anar Ələkbərov zəng edib dedi ki, cənab Prezidentlə hörmətli Mehriban xanım sizi bizə çox ciddi tapşırıblar. Heydər Əliyev Fondu maddi olaraq mənə çox dəstək oldu. Həkimimə qədər dəyişdilər, altı dəfə əməliyyat keçirdim və uzun müalicədən sonra sağaldım.

– Yaxın tarixdən danışdıq. İstəyirəm söhbətimizi köhnə tarixlə davam edək. Elə başlayaq sənətə gəlişinizdən.

– Yeddinci sinifdə oxuyurdum. Dərsdən sonra hamı getmişdi, xadimənin oğlu Ramizlə ikimiz qalmışdıq. Mən həmişə gizlin yerlərdə oxuyurdum. Çox utancaq idim. Heç kimin olmamağını fürsət bilib oxumağa başladım. Bu vaxt fizika müəllimi içəri girdi. Qapı açılan kimi tez dayandım. Sərdar müəllim soruşdu ki, oxuyan kim idi? Əvvəlcə səsimi çıxarmadım, amma müəllim bildi ki, mənəm. Başqa otağa aparıb dedi ki, oxu. Utana-utana bir mahnı oxudum. Bundan sonra Səməd Vurğunun “Vaqif” pyesi əsasında uşaqlarla bir tamaşa hazırladıq. Ordakı xanəndə obrazını mənə verdilər. Beləcə Sərdar müəllim məni inandırdı ki, yaxşı oxuyuram.

– Bəs Sərdar müəllimin haqlı olduğunu nə vaxt anladınız?

– Özüm özümə çox gec inandım. Artıq populyar idim, hər şey var idi, ancaq yenə narazı idim. İndi bilirəm ki, oxuduqlarımın doxsan faizinin haqqını verə bilmişəm. Ancaq gənclikdə oxuduğum, mənə populyarlıq gətirən mahnılara bu gün qulaq asa bilmirəm, təcrübəsizliyi hiss edirəm. İndi özümə güvənirəm.

– Şöhrət, pul, insanların sevgisi… özü də gənc yaşda. Şanslı insansınız.

– Çox. Azərbaycanda populyarlıq sarıdan mənim qədər şanslı sənətçi olmayıb. Xəstə olduğum dövrdə dünyanın müxtəlif ölkələrindən zəng edən fanatlarım mənə orqanlarını bağışlamaq istəyirdilər. Halbuki heç xəstəliyimin nə olduğunu da bilmirdilər. O vaxt mən oxuyum deyə toyunu iki-üç il təxirə salan adamlar vardı. Təsəvvür edirsiniz?

– Eyni zamanda, sizi ara müğənnisi hesab edənlər də olub. Bu təyin sizi qıcıqlandırmırdı?

– Xalq məni o replikalardan sonra daha çox sevdi. Çəkilib bir tərəfdə dayanmışdım, sənətimi sevənlər məni müdafiə edirdilər. Bundan çox böyük zövq alırdım. Senzura dövrü çox gülməli idi. Gördüyüm işdən arxayın idim deyə narahat olmurdum. Çünki oxuduğum mətnin də, musiqinin də keyfiyyətini bilirdim.

Oxuduğum mahnıların doxsan doqquz faizi öz həyatımla bağlı deyil. Bizim xalqın özünəməxsus kültürü var. Musiqiçilər bu kültürün dalğasında ən çox olan adamlardandır. Mən isə onların daha çox dönüb-dolaşanlarından olmuşam. Millətimin dəyərlərini, poeziyaya olan münasibətini bildiyim üçün mahnıları ehtiyac kimi düşünüb oxumuşam.

– Yaxınlarınızdan sənətdə olan var?

– Yox. Məni də qoymurdular.

– Niyə?

– Babam bəy olub. O vaxt musiqi cameəsinə yanlış yanaşma vardı. Evdəkilər də müğənni olmağımı istəmirdilər. Buna görə də onlardan xəbərsiz kaset yazdırmışdım. Bir gün qonşumuz Şəmsəddin atamla anama həmin kaseti dinlətdi. Anam da səsi eşidəndə dedi ki, bəxtəvər bunun anasının başına. Mənim səs yazımı əvvələr eşitmədiyi üçün bilmədi ki, oxuyan mənəm. Atam da dedi ki, Allah var, “kopoğlu” yaxşı oxuyub. Sonra da mahnılarım sürətlə bütün ölkəyə yayıldı. İnanın, həyətimiz toya görə müraciət edən müştərilərlə dolu olurdu. Anam onlar üçün çayı böyük xeyir-şər samovarında dəmləyirdi.

– Ağadadaş bəy, sizin yaradıcılığınızda diqqətimi çəkən məqamlardan biri də xanım həmkarlarınızla duetlərin olmamasıdır. Bunun səbəbi nədir?

– Duet oxuyarkən səslərin bir-birinə uyumu çox vacibdir. Duet monoton olmamalıdır. Bunun üçün də sən özünə uyğun səsi tapmalısan. Həmkarının ad-sanından öncə buna fikir verməlisən. Bizim coğrafiyada kişilərin çoxunun səsi tenordur. Məndə də tenordur, ancaq bununla bərabər, səsimdə başqa çalarlar da var. Qadın səsi ilə kişi səsi eyni zamanda, eyni kökdə oxuna bilməz. Qadınlar major oxuyur, kişilər minor. O səsləri bir-birinə uyğunlaşdırıb duet oxuyanda duetin tələbləri icra olunmalıdır. Bu olmayanda musiqi baxımından gülməli kompozisiya ortaya çıxır. Konsertlərdə, toylarda xanımlarla duet oxumuşam, ancaq studiyada heç vaxt mahnı yazdırmamışam. Dediyim kimi, gərək uyğun səsi tapasan.

– Nə əcəb, bu illər ərzində uyğun bir səs tapmamısınız?

– Belə bir arzum olmayıb.

– Bəs deputat olmaq arzunuz necə? Belə bir istəyinizin olduğunu deyirlər.

– İnsanların marağı çərçivəsində o suallar mənə verilib, mətbuatda yazılar da gedib. Bu söhbətlər yayılanda Almaniyadaydım. Özümə də təəccüblü gəlirdi ki, bunları kim danışır? İndi millət vəkili olmaqla bağlı düşünə bilərəm. Çünki mənim kimi millət vəkillərinə xalqın çox ehtiyacı var. Özümə və mərhəmətimə güvəndiyim, dövlətimi sevdiyim üçün, hesab edirəm ki, bu işin öhdəsindən gələ bilərəm. Amma bu, sadəcə arzudur.

– Bu arzunu reallaşdırmaqda sizə nə mane olur?

– Mən heç indiyə qədər buna cəhd etməmişəm. Proqramla, cədvəllə yaşamağı sevən adam deyiləm. Hər şeyi Allahın qismətinə buraxmışam. Allah qismət eləsə, olacaq.

– Ağadadaş bəy, illərdir ki, məşhur mahnılarınızdan olan “Sevirəm de”nin plagiat olması haqqında iddialar səslənir.  Bu iddialarda doğruluq payı varmı?

– Bu musiqini qırx beş ildir mənim millətim oynayır. Kimin ifasında? Mənim ifamda. Mənimdir desəm, yaxud deməsəm, heç nə dəyişmir. “Sevirəm de” mənim pasportumdur. Onun müəllifi varsa da, mənəm, yoxsa da, mənəm. Kimin adına çıxırlar, çıxsınlar, incimirəm. Desinlər. Artıq üçüncü, dördüncü nəsildir ki, bu mahnını sevə-sevə dinləyir. Nə farsın, nə erməninin 6/8 ritmi yoxdur, mən mahnını bu ritmdə oxumuşam. Əgər musiqi başqasının olsaydı, qırx beş ildə bir dəfə müraciət edib, müəllif hüququnu tələb edərdi. Çox təəssüf ki, bu sualı mənə verdiniz.

Aytac SAHƏD

Əvvəlki məqalə

Zığ şosesi ilə hərəkət edən sürücülərin nəzərinə!

Sonrakı məqalə

Sanksiyalara məruz qalan 40-a yaxın tanker Rusiya neftinin daşınmasını dayandırıb