Deputat: Soçi görüşünü Ermənistana verilən son şanslardan biri kimi qiymətləndirmək olar

25 Noyabr 2021 - 12:09

Ermənistanın baş naziri Nikol Paşinyan Soçi görüşü öncəsi verdiyi müsahibəsində Zəngəzur dəhlizinin açılmasının qəti şəkildə əleyhinə olduğunu bildirib. Düşünürəm ki, Paşinyanın bu müsahibəsi Ermənistanın daxili auditoriyasının sakitləşdirilməsinə hesablanmış bir addımdır. Çünki İrəvanda Paşinyana qarşı etiraz aksiyalarının dalğası yenidən genişlənməkdədir. Paşinyan çalışır ki, ermənilərin həssas yerlərinə toxunmaqla könlünü alsın, siyasi sabitlik pozulmasın. Amma Paşinyan başda olmaqla, bütün ermənilər bilirlər ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla öhdəlik götürüb. Rusiya da bu dəhlizdə təhlükəsiz hərəkətimizi təmin etməlidir.

Deputat deyib: “Paşinyan onlayn müsahibə zamanı üçtərəfli Bəyanatda “dəhliz” ifadəsi olmadığını bildirib. Qeyd etmək istəyirəm ki, bu Bəyanatın 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması qeyd edilib. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Hələ də icra olunmamış bu bənddən də göründüyü kimi, Zəngəzurdan nəqliyyat vasitələrin, vətəndaşların və yüklərin maneəsiz keçidi təmin olunmalıdır və nəzarəti də Rusiya həyata keçirməlidir. Burada Ermənistanın hər hansı bir nəzarətindən danışılmır. Bu o deməkdir ki, Zəngəzur dəhlizindən Azərbaycanın bir hissəsi kimi rahat şəkildə keçidimiz təmin edilməlidir”.

A.Badamov qeyd edib ki, əgər Azərbaycanın Laçın rayonundan keçən nəqliyyat qovşağı dəhliz adlandırılırsa, Zəngəzur kommunikasiya qovşağı niyə “Zəngəzur dəhlizi” adlandırılmasın?! Bu Bəyanatın 6-cı bəndində Laçından ermənilərin təhlükəsiz keçidinin təmin edilməsi nəzərdə tutulur. Həmçinin Rusiya sülhməramlılarının nəzarəti altında bu keçidin təmin edilməsi qeyd olunub. Yəni, üçtərəfli Bəyanatın hər iki maddəsində keçidlə bağlı eyni prosedur nəzərdə tutulub və Ermənistanla bağlı hissəsi də tezliklə icra olunmalıdır. Amma reallıqda vəziyyət odur ki, Ermənistan Azərbaycanın suveren ərazisindən koridor kimi istifadə edir və bu ərazini “Laçın dəhlizi” adlandırır. Lakin ermənilər Zəngəzur koridorunu “dəhliz” adlandırmaq istəmirlər. Zəngəzur dəhlizin açılmasını da yubadırlar. Paşinyan və ermənilər başa düşməlidirlər ki, burada diktə edən tərəf Azərbaycandır. Əgər Azərbaycan Zəngəzur dəhlizinin açılmasının alternativi yoxdur deyirsə, bu, belədir. Çünki Azərbaycanın əlində kifayət qədər təsir vasitələri var. Azərbaycan bu təsir vasitələrdən istifadə etməklə Ermənistanı bataqlığın dibinə sala bilər. Azərbaycan üçtərəfli Bəyanatın imzalanmasından sonra humanistlik göstərərək ermənilərə Qubadlı rayonu ərazisindən keçən Gorus-Qafan yolundan istifadəyə icazə verdi. Amma Ermənistanın təxribatçı hərəkətləri Azərbaycanın bu ərazidə nəzarət məntəqələrimizin yaradılmasına və keçidi dövlətimizin qanunlarına əsasən tətbiq olunması ilə icazə verilməsinə vadar etdi. Əgər Ermənistan yenə manipulyasiya edərək 10 noyabr Bəyanatının yerinə yetirilməmiş bəndlərinin icrasından yayınmaq istəsə, Laçın dəhlizini də bağlaya bilərik. Bundan əlavə, Ermənistan Bəyanatın öhdəliyinə düşən bəndlərini yerinə yetirməsə, yenidən “Dəmir yumruq”un fəaliyyətə düşməsini zəruri edəcək. Bu, Azərbaycanın suveren, tam və təbii hüququdur. Üçtərəfli Bəyanatdan 1 il keçməsinə baxmayaraq, Azərbaycan hələ ki, məsələlərə kifayət qədər səbirlə yanaşır. Ermənistan dövləti anlamalıdır ki, imzalanmış sənəd gec-tez reallaşacaq. Bundan sonrakı proseslər isə Ermənistanın özünü necə aparmasından aslı olacaq. Prezident İlham Əliyevin son çıxışları da təsdiq edir ki, Azərbaycan fikrində qətidir, nəyin bahasına olur-olsun istədiyinə nail olacaq.

Soçi görüşü haqqında danışan deputat vurğulayıb ki, bu görüş müəyyən məsələlərin həllinə təkan verəcək. Çünki Soçi görüşünü Ermənistana verilən son şanslardan biri kimi qiymətləndirmək olar. Necə ki, 44 günlük müharibədən əvvəl Ermənistan Azərbaycanın etdiyi xəbərdarlıqlara məhəl qoymadı və cəzasını çəkdi. Əgər Ermənistan rəhbərliyi bir il əvvəl olan hadisələrdən dərs çıxarmasa, nələrin baş verəcəyini indidən düşünməlidir.