Hindistanın şərqində miqyasına görə rekord hesab olunan, ən azı 400 min insanın iştirak etdiyi çoxgünlük toy keçirilib.

Bu barədə ANI agentliyi məlumat yayıb.

Şənlik ölkənin ən yoxsul ştatlarından biri hesab olunan Bihar ştatının kəndlərindən birində 5 gün davam edib. Toyu yerli qanunvericilik məclisinin deputatı Mokama Ananta Sinqh kiçik qızının evliliyi münasibətilə təşkil edib.

Bir neçə hektar ərazidə keçirilən dəbdəbəli tədbir üçün 6 helikopter meydançası yaradılıb. Qonaqlar üçün 150 çeşiddən ibarət yemək 300 mətbəxdə ən azı 500 peşəkar aşpaz tərəfindən hazırlanıb.

Bəy toy mərasiminə vintage kabrioletdə gəlib. Onu 150-dən çox limuzindən ibarət, uzunluğu 8–10 kilometrə çatan avtomobil karvanı müşayiət edib.

Bol süfrə müxtəlif əyləncələrlə müşayiət olunub. Proqramda ölkənin müxtəlif bölgələrindən gətirilmiş 20-yə yaxın atın iştirakı ilə yarışlar da təşkil edilib. Yarışın qalibinə avtomobil hədiyyə olunub.

Tanınmış siyasətçinin qızının toyu minlərlə yerli sakin arasında böyük maraq doğurub. İnsanlar pulsuz yemək əldə etmək üçün mərasimə axın ediblər. İzdihamın yaratdığı basabas təhlükəsi ilə əlaqədar təşkilatçılar yüzlərlə mühafizəçi cəlb ediblər. Lakin mühafizəçilər asayişi qorumaqda ciddi çətinlik çəkiblər.

Gəlinin atası Mokama Ananta Sinqh müxtəlif cinayət əməlləri ilə bağlı ittihamlar üzrə həbsdə saxlanılır. O, toy mərasimində iştirak etmək üçün zaminə buraxılıb. Gələn həftə isə cəza müddətini çəkmək üçün yenidən həbsxanaya qayıtmalıdır.

Sunay Aydın