Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə vəzifəsinin icrasına başladığı ilk həftənin yekunları və universitetdə qarşıya qoyduğu prioritetlər barədə açıqlama verib.
Azpost.info xəbər verir ki, rektor ilk həftə ərzində universitetin inzibati və akademik heyəti ilə tanış olduğunu, prorektorlar və dekanlarla ümumi görüş keçirdiyini bildirib.
Məleykə Abbaszadə görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər kəsin məsuliyyəti barədə danışdıqlarını qeyd edib.
Onun sözlərinə görə, universitetin tarixi və nüfuzu əvvəlki nəsillərdən qalan böyük mirasdır. Bu irsi qorumaq və inkişaf etdirmək üçün təhsilin keyfiyyəti, elmi tədqiqatların nəticələri, akademik dürüstlük və məzunların fəaliyyəti əsas meyarlar olmalıdır.
Rektor tələbələrin universitetdə müstəqil düşünmək, suallar vermək, cavabları araşdırmaq və elmi tədqiqatlarda iştirak etmək imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Məleykə Abbaszadə dekanların roluna da xüsusi diqqət çəkib. O bildirib ki, hər bir dekan öz fakültəsinin akademik lideri olmalı, təhsil proqramlarının vəziyyətini, elmi tədqiqatların ehtiyaclarını, müəllim və gənc alimlərin inkişaf imkanlarını yaxından bilməlidir.
Rektor yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü və zəif tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istədiyini bildirib. Bu məqsədlə həmkarlarından dürüst və peşəkar təhlil gözlədiyini vurğulayıb.
BDU-nun C bloku ilə bağlı məsələ araşdırılacaq
Məleykə Abbaszadə tələbələrin universitet həyatında daha fəal iştirak etməsinin və üzləşdikləri problemləri rəhbərliyin diqqətinə çatdırmasının vacibliyini qeyd edib.
Rektorun sözlərinə görə, bu həftə tələbələr sosial şəbəkələrdə BDU-nun C bloku ilə bağlı müraciət ediblər. O, məsələnin nəzarətə götürüldüyünü açıqlayıb.
“Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq”, – deyə Məleykə Abbaszadə bildirib.
Rektor məsələni diqqətə çatdıran tələbələrə təşəkkür edib.