Qırmızı ev qarışqaları və ya firon qarışqaları yaşayış yerlərində sürətlə yayıla, ərzaqlara daxil ola və əlçatmaz yerlərdə yuva qura bilirlər. Bu həşəratlardan xilas olmaq üçün yalnız gözlə görünən qarışqaları məhv etmək deyil, bütün koloniyaya təsir göstərmək vacibdir.

Bu barədə URA.RU nəşrinin materialında bildirilir.

Qarışqalar ayaqları və bədənləri vasitəsilə dizenteriya, salmonellyoz və digər infeksiyaların törədiciləri də daxil olmaqla müxtəlif mikroorqanizmləri daşıya bilirlər. Həşəratlar qida məhsullarının, mətbəx səthlərinin və məişət əşyalarının üzərinə düşdükdə çirklənmə və infeksiyaların yayılması riski yaranır. Kiçik uşaqlar və immun sistemi zəif olan insanlar bu infeksiyalar qarşısında xüsusilə həssasdırlar.

Firon qarışqaları isti və rütubətli məkanlara üstünlük verirlər. Buna görə də daha çox mətbəxdə, vanna otağında və sanitar qovşaqlarda məskunlaşırlar. Onların yuvaları divar və döşəmələrdəki çatlarda, tavan örtüklərinin boşluqlarında, eləcə də kommunikasiya xətlərinin yaxınlığında yerləşə bilər.

Həşəratlar mənzillərə havalandırma sistemləri, boruların ətrafındakı boşluqlar, plintuslar və divar birləşmələri vasitəsilə daxil olurlar. Bəzən evə ərzaq məhsulları, mebel və ya qablaşdırma materialları ilə də gətirilirlər.

Mətbəx çanağının, soyuducunun və ya zibil qabının yaxınlığında mütəmadi qarışqa izlərinin görünməsi koloniyanın qida mənbəyi tapdığını göstərə bilər. Bununla belə, yuvanın mütləq həmin mənzildə olması vacib deyil. Qarışqalar qonşu mənzillərdən də gələ bilərlər.

Qarışqalardan xilas olmaq üçün nə etmək lazımdır?

Mübarizənin ilk mərhələsi təmizlik olmalıdır. Mətbəx mebellərinin, plitənin və döşəmənin üzərindəki qırıntılar, yağ ləkələri və şirin içki qalıqları təmizlənməlidir. Yarma, şəkər, çörək və digər ərzaqların kip bağlanan qablarda saxlanılması tövsiyə olunur.

Çirkli qabları və qida tullantılarını gecə ərzində açıq saxlamaq olmaz. Zibil qabı mütəmadi yuyulmalı, çanağın altındakı su yığılması və borulardakı sızmalar aradan qaldırılmalıdır.

Həşəratların hərəkət marşrutlarını müəyyənləşdirmək və evə daxil olduqları yolları bağlamaq da vacibdir. Bunun üçün plintusların yaxınlığındakı çatlar, boruların ətrafındakı boşluqlar, kafel birləşmələri və havalandırma barmaqlıqları yoxlanılmalıdır. Aşkar edilən keçidləri hermetiklə bağlamaq mümkündür.

Qarışqa koloniyasını məhv etmək üçün insektisid tərkibli gel və pastalardan istifadə edilə bilər. Bu vasitələr qarışqaların hərəkət etdiyi yollar boyunca, çatlara və digər əlçatmaz yerlərə kiçik damcılarla çəkilir.

İşçi qarışqalar yemi yuvaya daşıyır və bu vasitə digər qarışqalara, o cümlədən ana qarışqaya və sürfələrə təsir göstərir. Preparatlardan istifadə zamanı istehsalçının təlimatlarına əməl etmək, onları ərzaq məhsullarından, qab-qacaqdan, uşaqlardan və ev heyvanlarından uzaq saxlamaq lazımdır.

Adi aerozol vasitələri gözlə görünən işçi qarışqaları məhv edə bilər, lakin yuvaya çatmaya bilər. Buna görə də belə emaldan sonra həşəratlar yenidən ortaya çıxa bilər. Əgər koloniya divarların içərisində və ya qonşu mənzillərdə yerləşirsə, kompleks dezinfeksiya tədbirləri tələb oluna bilər.

Qarışqaların sayı çox olduqda və ya onlar təkrar meydana çıxdıqda mütəxəssislərə müraciət etmək tövsiyə olunur. Mütəxəssislər gizli yuvaları aşkar edə və əlçatmaz sahələri dərmanlaya bilərlər. Qarışqalar bir neçə mənzilə yayılıbsa, qonşularla birlikdə eyni vaxtda dezinfeksiya aparmaq daha effektivdir.

Sunay Aydın