Dini liderlərin Qarabağ mesajı –Şeyxülislam Ağdam məscidində Papaya hansı çağırışı etdi?

Viran qalmış evlərin qalıqlarını seyr edərək ağır-ağır addımlayan din xadimləri dağılmış məbədin qarşısında dayandılar. Onların kədərli simaları və heyrətli baxışları vaxtilə minlərlə insanın yaşadığı, ibadət etdiyi, ömür sürdüyü-indi isə ucu-bucağı görünməyən xarabalığın üfüqdə itən sərhədinə dikilmişdi.

Bu, hər hansı dini əhvalat və ya filmdən olan fraqment deyil.

Aprelin 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycanın dini icmaları 44 günlük müharibədən sonra azad edilmiş torpaqlarla səfər etdilər. Müsəlman, xristian, katolik, yəhudi, alban icmalarının dini rəhbərlərinin Ağdama gəlişi, oradan səsləndirdikləri mesajlar rezonans doğuran bir addım oldu.

Ağdamda gördüklərindən sarsılan dini icma rəhbərlərinin dedikləri Azərbaycanda milli həmrəyliyin bir mesajına çevrildi: Şeyxülislam A.Paşazadə “Bizim qələbəmiz İslam dünyası üçün də böyük qələbədir”-deyə bəyan etdi. Rus Pravoslav Kilsəsinin Bakı nümayəndəliyindən Konstantin Ata “bu ərazilər yenidən özünün tarixi abidələri ilə işıq saçacaq” dedi. Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete “bütün dünyaya göstərək ki, bu torpaqlarda necə dağıntılar törədilmişdi” bəyanatını verdi. Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovskinin “”Ağdamı görəndə mənə elə gəldi ki, qiyamət günündəyəm” sözləri erməni vəhşiliyinin acı gerçəyini ifadə edirdi.

“İslamla bağlı tarixi abidələrin məhv edilməsi dəhşətlidir” deyən Alban-Udin Xristian İcmasının sədri Robert Mobilinin sözləri də barbarlığın doğurduğu heyrətin mesajı idi.

“Azərbaycanda olan konfessiyalara öz təşəkkürümü bildirirəm. Biz həmişə bir olmuşuq, birik və bundan sonra da Azərbaycan vətəndaşı kimi birlikdə olacağıq”-deyə Şeyxülislam bəyan edib.

QMİ sədrinin təşkilatçılığı ilə həyata keçirilən bu ziyarət Azərbaycanın son 30 ildə apardığı prinsipial siyasi mübarizənin nəticələrini əks etdirirdi.

Dini liderlərin azad edilmiş torpaqlara səfəri hansı məqamları ilə yaddaqlan oldu?

Dağlıq Qarabağ münaqişəsi başladığı ilk gündən etibarən Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Allahşükür Paşazadə baş verən ən mühüm hadisələrin birbaşa iştirakçısı olub.

Burada mühüm olan məqam münaqişəyə dini çalar verilməsi üçün Ermənistanın və erməni Apostol kilsəsinin canfəşanlığı idi. Ateist sovet cəmiyyətində dini idientikliyini saxlayan erməni kilsəsindən fərqli olaraq müsəlman dini qurumları ciddi basqı altında olublar. Geniş beynəlxalq əlaqələrə malik olan erməni kilsəsi münaqişənin ilk günündən bütün potensialını Qarabağ davasının “xristian-müsəlman” qarşıdurması kimi təqdim edilməsinə yönəltdi. Amma bütün cəhdlərə baxmayaraq QMİ-nin sədri Allahşükür Paşazadənin təşkil etdiyi ciddi müqaviməti ilə üzləşməli oldular.

QMİ sədri münaqişənin qarşısını almaq üçün aparılan danışıqlar prosesində fəal iştirak edərək etnik zəmində törədilmiş bu davanın heç bir dini motiv daşımadığını subut edə bildi. Şeyxülislam daima erməni katolikosuna və dünyanın səmavi dinlərinin rəhbərlərinə müraciətində günahsız insanların ölümünə və iztirablarına səbəb olmuş bu qanlı qarşıdurmanın səbəbkarlarını dayandırmağa çağırmışdı.

1991-ci ildən bəri dini liderlərin vasitəçiliyi aparılan danışıqlarda Azərbaycanın ədalətli mövqeyini ardıcıl müdafiə edən QMİ sədri bu illərdə “ruhani diplomatiyasının” əsas yükünü daşıyanlardan idi.

Azərbaycana düşmən olan dairələrin əsas niyyətlərindən biri ölkədə müxtəlif səmavi dinlərə məxsus icmaların münaqişəyə susqun, yaxud bitərəf münasibətinin yaranacağına olan ümid idi.

Lakin Azərbaycanda tarix boyu birgə yaşayış ənənlərinə malik, ən çətin və ağır gündə bir yerdə olan xalqları və icmaları bu avantura cəhdini ilk gündən boşa çıxardı.

Etimad platformasının qurulmasında Şeyxülislam Allahşükür Paşazadənin mövqeyi çox mühüm idi. QMİ sədri ölkədə bütün dini icmaları səfərbər edərək birgə əməkdaşlıq və tolerantlıq müstəvisi qurmağı bacardı. Azərbaycanla bağlı ən mühüm məsələlərin müzakirəsində ölkənin səmavi din rəhbərlərinin bir yerdə addımlaması, vətənin üzərini qara buludlar aldığı zaman bir hədəfə vurması düşmənləri xeyli heyrətləndirmişdi. Qarabağ münaqişəsi ilə bağlı dini cameənin birmənalı olaraq həmrəylik nümayişi erməni kilsəsini və bu münaqişədən öz maraqları üçün istifadə etmək istəyən digər  güclərin niyyətlərini puça çıxartdı.

Bu fəaliyyətin nəticəsində Rus Pravoslav Kilsəsi, Vatikan, Avropa və ABŞ-ın nufuzlu dini rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər və Qarabağ davasına dini rəng verilməsinin qəti əleyhinə çıxdılar. Erməni kilsəsinin və avanturist siyasi dairələrinin ərazi münaqişəsini dini bəndlərlə möhkəmlətmək cəhdi iflasa uğradı.

Nufuzlu dini mərkəzlərdən A.Paşazadənin sülh və barış mesajlarına verilən dəstək QMİ sədrini dünya çapında səsi eşidiləcək dini rəhbər kimi tanınması idi. Ölkə daxilində dini həmrəylik və xaricdə dəstək Azərbaycanın haqlı mövqeyini möhkəmləndirən ciddi rıçaq idi.

İslam Əməkdaşlıq Təşkilatı, MDB Dinlərarası Şura, BMT-nın Sivilizasiyalar Alyansı-bütün bu platformalarda Azərbaycanın ərazi bütövlüyü əsas xətt kimi keçirdi.

Ən müxtəlif dini konfessiya nümayəndələrinin cəmləşdiyi KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Azərbaycanın haqlı mövqeyini ifadə etmək üçün daha bir mötəbər müstəvi oldu.

Prezident İlham Əliyev bütün çıxışlarında ölkədə tolerantlıq prinsiplərinin mühümlüyü “qırmızı xətt” kimi keçir. Məhz bu həmrəylik cəmiyyətin vahid hədəfdə birləşdirilməsi üçün mühüm indikator idi. Müharibədə dinindən və millətindən asılı olmayaraq səngərdə çiyin-çiyinə düşmənə qan udduran qəhrəman əsgərlərimiz bu həmrəylikdən güc alırdılar.

Ağdam səfərində dünyaya verilən mesjlar nə idi?

İşğal altında saxladıqları müddət ərzində 7 rayonu yerlə-yeksan edən erməni vandalizminin canlı şahidi olan dini rəhbərlərinin etiqadın birləşdirdiyi milyonlarla dindar əqidədaşına deməyə sözü oldu. Məscidləri, kilsələri, məbədləri vəhşicəsinə dağıdan düşmənin bu addımı təkcə mədəni barbarlığın deyil, etiqad etdikləri vahid Allaha ibadət ocağı olan bu məkanlara saxta inancının nümayişidir. Bütün dünya azad edilmiş torpaqlarda olan bu qüssəli və dəhşətli dağıntıları seyr etdikcə Ermənistanın “din müdafəsi” altında axıtdığı saxta göz yaşlarının və idbar yalanının şahid olur.

Dini konfessiyaların birağızdan Qarabağın Azərbaycan torpağı olmasını bəyan etməsi beynəlxalq müstəvidə öz izini qoyan məqam sayılmalıdır.

Ağdam səfərində Şeyxülislamın Roma Papasına müraciəti ziyarətin ən mühüm məqamı idi. Papaya müraciətində A.Paşazadə yarıdağıdılmış məscidin qarşısından katolik dünyasının nufuzlu rəhbərinə müraciət edərək minalanmış ərazilərlə bağlı mövqeyini açıqlamağa çağırdı.

Hələ 2004-cü ildə Papa II İohann Pavel  A.Paşazadəyə göndərdiyi məktubunda QMİ sədrinin dinlərarası əməkdaşlıq mövqeyini təqdir edərək ona yazmışdı ki, “müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.

Ağdam səfəri Azərbaycanın dini və məzhəb həmrəylinin nümayişi idi. Bu həmrəyliyin uzun və şərəfli tarixi keçmişi və ənənələri var. Azərbaycan dövlətinin, prezident İlham Əliyevin yürütdüyü tolerantlıq və mədəniyyətlərarası dialoq siyasəti bu ənənələri daha da sıx bir-birinə bağlayıb.

Prezident İlham Əliyev Dünya dini liderlərinin 2019-cu ildə Bakı sammitində bu pltaformanı yüksək qiymətləndirib: “Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”-deyə dövlət başçısı bəyan etmişdi.

44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu qələbə payında Azərbaycanın dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının payı oldu. Bu illər ərzində yaranan və möhkəmlənən sarsılmaz həmrəyliyimiz sonda düşmənin başını “dəmir yumruq” kimi əzdi.

“Analitik” Təhlil Mərkəzi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

Sonrakı məqalə

Türkiyədə 4.2 bal gücündə zəlzələ baş verib