ABŞ dolları son 20 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb. Lakin onun möhkəmlənmə dövrü artıq 2027-ci ilin ikinci rübündə başa çata bilər. İsveçrənin UBS investisiya bankının iqtisadçıları belə proqnozla çıxış ediblər. Onlar dünya valyuta bazarında ciddi dəyişikliklərin baş verəcəyini gözləyirlər.

Azpost.info bildirir ki, bu barədə ICE nəşri məlumat yayıb.

Son aylarda ABŞ iqtisadiyyatının dayanıqlılığı və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha da artıracağı ilə bağlı gözləntilər dolların möhkəmlənməsinə səbəb olub. Bu fonda avro və Britaniya funt sterlinqi dollar qarşısında son bir neçə ayın ən aşağı səviyyələrinə yaxınlaşıb.

UBS iqtisadçıları hesab edirlər ki, yaxın aylarda ABŞ valyutası mövqelərini qoruyacaq. Avropada siyasi və büdcə qeyri-müəyyənliyi də avronun bərpasına mane olan amillər sırasındadır.

Lakin 2027-ci ilin ikinci rübündən etibarən vəziyyət dəyişə bilər. ABŞ-da iqtisadi artımın və inflyasiyanın yavaşlaması FED-ə faiz dərəcələrini daha da artırmaqdan imtina etməyə imkan verəcək. Maliyyə bazarının iştirakçıları isə sonrakı mərhələdə faizlərin azaldılması ehtimalını nəzərə almağa başlayacaqlar.

ABŞ dollarına əlavə təzyiq onun həddindən artıq bahalaşması, ölkənin böyük büdcə kəsiri və cari əməliyyatlar hesabının defisiti ilə bağlı ola bilər. UBS-in proqnozuna görə, 2027-ci ilin sonuna qədər DXY dollar indeksi 100 bənddən aşağı düşəcək, avronun məzənnəsi isə 1,15 dolları ötəcək.

İqtisadçılar investorlar üçün risklərə də xüsusi diqqət yetiriblər. Dolların zəifləməsi təkcə dollarla əmanət saxlayanlara deyil, ABŞ səhmlərinə, beynəlxalq fond indekslərinə, istiqrazlara və daşınmaz əmlaka investisiya yatıranlara da təsir göstərə bilər.

ABŞ səhmlərinin dəyəri artsa belə, investor öz milli valyutası ilə hesabladıqda gəlirinin azaldığını görə bilər. UBS investisiya portfelinin məzənnə dəyişikliklərindən asılılığını azaltmaq üçün valyuta risklərinin sığortalanması (hedcinq) imkanlarını nəzərdən keçirməyi təklif edir.

Qeyri-müəyyənlik yaradan digər amil ABŞ Prezidenti Donald Trampın ticarət siyasətidir. ABŞ administrasiyası Çindən, Avropa İttifaqından və daha 14 ölkədən idxal olunan məhsullara əlavə gömrük rüsumları tətbiq etdiyini elan edə bilər.

Bununla belə, UBS yaxın perspektivdə ticarət müharibəsinin ciddi şəkildə kəskinləşəcəyini gözləmir. Yüksək inflyasiya və istehlak mallarının daha da bahalaşması riski ABŞ hakimiyyətinin tarifləri artırmaq imkanlarını məhdudlaşdırır.

İsveçrə bankı Avstraliya dolları ilə bağlı da mənfi proqnozunu dəyişməyib. Bu, Avstraliyada baza inflyasiyasının oktyabr ayında 3,8 faizə yüksəlməsinə baxmayaraq belədir. Daşınmaz əmlak bazarındakı zəifləmə və işsizliyin artması ölkənin Mərkəzi Bankını 2027-ci ildə faiz dərəcələrini azaltmağa sövq edə bilər.

Britaniya funt sterlinqi ilə İsveçrə frankının nisbətində də dəyişikliklər gözlənilir. UBS-in proqnozuna görə, İsveçrədə faiz dərəcələrinin artırılması tədricən Britaniya valyutasının üstünlüyünü azaldacaq. 2027-ci ilin dekabrına qədər bir funt sterlinqin məzənnəsi 1,07 İsveçrə frankına qədər enə bilər.

N. Talıblı