Avropa nümayəndə heyəti Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqların növbəti raundunda iştirak edəcək.

Azpost.info bildirir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bəyan edib.

“Son həftələrdə sülh danışıqlarında yeni canlanmanın şahidi oluruq. Güclü Avropa komandası danışıqların növbəti raundunda iştirak edəcək”, – deyə o bildirib.

Fon der Lyayenin sözlərinə görə, Ukraynanın təhlükəsizliyi birbaşa Avropanın təhlükəsizliyinə təsir göstərir.

Avropa İttifaqı Kiyevə dəstəyini davam etdirmək və öz maraqlarını qorumaq niyyətindədir. Danışıqlarda əldə olunan irəliləyiş isə yalnız Rusiyanın bəyanatları ilə deyil, konkret addımları ilə qiymətləndiriləcək.

Avropa Komissiyasının rəhbəri Moskvanı enerji infrastrukturuna qarşı qış müddətində hücumları dayandırmağa və Qara dəniz vasitəsilə ərzaq yüklərinin təhlükəsiz daşınmasını təmin edəcək atəşkəsə razılaşmağa çağırıb. Onun sözlərinə görə, belə addımlar Rusiyanın danışıqlar prosesində niyyətlərinin nə dərəcədə ciddi olduğunu göstərən mühüm sübut olardı.

Fon der Lyayen vurğulayıb ki, Avropa Ukraynanın suverenliyinə zəmanət verəcək və uzunmüddətli təhlükəsizliyini təmin edəcək davamlı sülhün əldə olunmasına çalışır. “Sülh sadəcə münaqişənin dayandırılması demək deyil. O, həm də Ukraynaya xalqının uğrunda böyük mübarizə apardığı gələcəyi qurmağa kömək etməlidir”, – deyə Avropa Komissiyasının sədri bildirib.

O əlavə edib ki, Avropa İttifaqı müharibədən sonrakı Ukraynanın bərpasında aparıcı rol oynayacaq. İttifaq, həmçinin cari ilin sonuna qədər Ukraynanın quruma üzvlüyü ilə bağlı danışıqların son iki klasterini açmağı planlaşdırır.

N.Talıblı