Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun (LMO) komandanı, marşal Xəlifə Həftəri və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Azpost.info bildirir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Görüş noyabrın 25-də Ankarada Prezident Kompleksində keçirilib və qapalı qapılar arxasında baş tutub.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Səlcuq Bayraktaroğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, eləcə də Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Danışıqların detalları barədə rəsmi məlumat verilməyib.
Həmin günün əvvəlində Həftər və nümayəndə heyəti Türkiyə hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə də danışıqlar aparıblar.
Türkiyə mediasının məlumatına görə, Həftər Ankaraya Ərdoğanın dəvəti ilə gəlib. Bu, onun Türkiyəyə ilk rəsmi səfəridir.
Səfər Ankaranın Liviyanın müxtəlif siyasi və hərbi qüvvələri ilə əlaqələri intensivləşdirdiyi bir vaxta təsadüf edir. Liviya hazırda Tripolidə yerləşən Milli Birlik Hökuməti ilə Həftərin qüvvələrinə arxalanan şərq administrasiyası arasında bölünüb.
Türkiyə əvvəllər ölkənin qərbindəki hakimiyyət qüvvələrini dəstəkləyib. Lakin son illərdə Liviyanın şərqindəki siyasi və hərbi strukturlarla da əlaqələrini genişləndirir.
Gözlənilir ki, dekabrın 8–9-da Ərdoğan Türkiyə-Afrika Tərəfdaşlıq Sammitində iştirak etmək üçün Tripoliyə səfər edəcək. Səfər baş tutarsa, bu, onun son 15 ildə Liviyaya ilk səfəri olacaq.
N.Talıblı