İsveçrə və Özbəkistan Gülənara Kərimovanın işi ilə bağlı müsadirə edilmiş daha 252,5 milyon dolların Daşkəndə qaytarılması barədə saziş imzalayıb. Vəsait səhiyyə və təhsil sahələrinin inkişafına yönəldiləcək.

Azpost.info bildirir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

Söhbət ölkənin ilk prezidenti İslam Kərimovun böyük qızı Gülənara Kərimova ilə bağlı müsadirə edilmiş aktivlərdən gedir.

Vəsaitlərin bölüşdürülməsinin ikinci mərhələsinə dair sazişi Özbəkistanın iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fazilkarimov, İsveçrənin bu ölkədəki səfiri Simona Giger və BMT-nin Özbəkistandakı daimi əlaqələndiricisi Sabine Mal imzalayıblar.

Pul Özbəkistan, İsveçrə və BMT-nin iştirakı ilə yaradılmış “İşonç” (Uzbekistan Vision 2030 Fund) trast fonduna köçürüləcək. Fond müsadirə olunmuş aktivlərin geri qaytarılması və əhalinin maraqları naminə istifadə edilməsi məqsədilə yaradılıb. Proqramlar BMT və Dünya Bankının iştirakı ilə həyata keçiriləcək.

Səhiyyə sahəsində vəsait uşaqlara və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına, xəstəliklərin profilaktikası və erkən aşkarlanmasına, bəzi xərçəng növlərinin müalicəsinə çıxış imkanlarının genişləndirilməsinə, eləcə də tibb işçilərinin ixtisasının artırılmasına yönəldiləcək.

Təhsil sahəsində isə yeni məktəblərin tikintisi, tədris prosesinə rəqəmsal texnologiyaların tətbiqi, müəllimlərin peşə hazırlığının artırılması və keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Xüsusilə kənd yerlərinə və sosial baxımdan həssas əhali qruplarına diqqət yetiriləcək.

Vəsaitlərin bölüşdürülməsinin birinci mərhələsində fond səhiyyə və təhsil sahələrinə 87 milyon dollar ayırıb.

Aktivlərin qaytarılması İsveçrə ilə Özbəkistan arasında Kərimovanın işi üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilir. 2022-ci ilin avqustunda tərəflər təxminən 131 milyon dolların, 2025-ci ilin fevralında isə daha 182 milyon dolların qaytarılması barədə razılığa gəliblər.

Yeni saziş də nəzərə alınmaqla, bu razılaşmalar çərçivəsində qaytarılması nəzərdə tutulan vəsaitlərin ümumi həcmi 565,5 milyon dollara çatacaq.

İsveçrənin hüquq-mühafizə orqanları 2012-ci ildə Gülənara Kərimova və onun ətrafı barəsində araşdırmalara başlayıb. 2020-ci ilin martında Özbəkistan məhkəməsi onu, o cümlədən mənimsəmə və çirkli pulların yuyulması ittihamları üzrə 13 il müddətinə azadlıqdan məhrum edib.

N.Talıblı