“Dövlət universitetlərində təhsil tam pulsuz olmalıdır”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ali məktəblər üçün açıqlanan ödəniş qiymətlərini şərh edərkən bildirib.
N. Cəfərlinin sözlərinə görə, ali təhsil müəssisələrində hər il təhsil haqqı artır, ailələrin üzərini böyük yük düşür. Hər il yüzlərlə ödənişli təhsilə düşən tələbələr pulsuzluğa görə təhsildən imtina edirlər: “Əslində çox rahat və ucuz həll yolu var: Dövlət büdcəsindən maliyyə alan, dövlət universitetləri sayılan bütün ali məktəblərdə təhsil ödənişsiz olmalıdır”.
Ekspert bildirib ki, özəl universitetlər qiymətləri özləri təyin edir, bu, onların məsuliyyətidir. Yeganə öhdəlikləri qazanclarından vaxtı-vaxtında dövlətə vergi vermək, Elm və Təhsil Nazirliyinin proqramından kənara çıxmamaqdır.
“Amma dövlət universitetlərində təhsil tam pulsuz olmalıdır. Əgər dövlət universitetidirsə, biz vətəndaş olaraq dövlətə vergilər şəklində vəsait ödəyirik, həmin vəsait bizim övladlarımızın təhsilinə getməlidir. Dövlət ali məktəblərində dövlət dilində (xarici dildə pullu olmalıdır) pulsuz təhsil üçün ildə cəmi 120-130 mln. manat lazımdır. Bu, çox kiçik, asan həll oluna biləcək məbləğdir”-deyə ekspert bildirib.