Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə və qonaqlarına müraciət edib.

Noyabrın 23-25-də Bakıda əlamətdar hadisə – BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümünə həsr olunmuş Zirvə görüşü keçiriləcək.

Tədbir Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində keçiriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, sammitin yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusən də şəxsi avtomobil sürücülərindən xahiş olunur ki, şəhər mərkəzinə gedərkən ictimai nəqliyyata üstünlük versinlər və tədbir günlərində imkan daxilində şəxsi avtomobillərdən istifadəni azaltsınlar.

“Qonaqların tədbir yerlərinə rahat və təhlükəsiz hərəkəti və bu prosesin idarə olunması üçün Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Həsənoğlu və Təbriz küçələrindən hərəkət zamanı müvəqqəti məhdudlaşmaları nəzərə almağı xahiş edirik”, – deyə Araz Əsgərli vurğulayıb.

Əvvəlki məqalə

“Paşinyanı dekabrda Moskvada gözləyirik” –

Sonrakı məqalə

Mədəniyyət və İncəsənət Universitetinin yubileyinə həsr olunmuş konsert keçirilib