Dövlətin verdiyi evlərdə yaşamayan məcburi köçkünlər oradan çıxarılıb –AÇIQLAMA

Oktyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında dövlət tərəfindən onlara verilən evlərin əllərindən alındığını deyən məcburi köçkünlər etiraz aksiyası keçiriblər. 

Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib ki, həmin şəxslərin müraciətləri ilə əlaqədar araşdırma aparılıb. Məlum olub ki, narazılıq edən şəxslər həmin evlərdə yaşamayıblar: “Şuşa şəhərindən məcburi köçkün Sədirzadə Gülşən Səid qızı 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum sanatoriyası”ndan məcburi köçkün ailələrinin köçürülməsi zamanı Sabunçu rayonunun Ramana qəsəbəsində yeni istifadəyə verilmiş yaşayış kompleksində ikiotaqlı mənzillə təmin edilib. Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin yaşayış kompleksinə xidmət edən mənzil kommunal-istismar sahəsinin (MKİS) əməkdaşlarının müntəzəm apardıqları müşahidə və baxış-yoxlama tədbirləri zamanı G.Sədirzadənin mənzildə yaşamadığı müəyyən edilib. Yaşayış sahəsinin təqdim edildiyi 2021-ci ilin may ayından bu günədək qeyd edilən mənzilin sayğac göstəriciləri (elektrik, qaz və su üzrə) sıfır olub. O özü də ötən gün Dövlət Komitəsində qəbulda olarkən mənzildə yaşamadığını etiraf edib.

Mövcud qanunvericiliyə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayə müqaviləsinə Dövlət Komitəsi tərəfindən xitam verilir. Bu səbəbdən, əvvəlcədən xəbərdarlıq edilməklə, G.Sədrizadə ilə imzalanmış müqaviləyə xitam verilib və ona məxsus mənzil məcburi köçkün şəhid ailəsinə təqdim edilib.

Əvvəlki məqalə

“Bu qərarın nəticələrini görəcəklər” –

Sonrakı məqalə

“Bizdə istinadla bağlı monitorinq aparmaq üçün proqram təminatı var” –