Dünya işığını insanlara göstərən həkim –100 yaşlı akademik Zərifə Əliyeva

Görkəmli oftalmoloq alim, akademik  Zərifə Əliyevanın anadan olmasından 100 il ötür.

Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu bitirib.

1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib.

1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri olur.

Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunub. Xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Elmlər Akademiyasının akademiki seçilib.

Z.Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib.

Bu tərcümeyi-halın altında böyük və müdrik bir alimin həyat hekayəsi durur.

Zərifə xanım neçə-neçə gözə şəfa bəxş edib, ən ağır, mürəkkəb əməliyyatlar apararaq nağıllarda olduğu kimi görməyənləri işıqlı dünyaya çıxarmışdı.

Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Ən ağır və təhlükəli vaxtlarda Zərifə xanım həyat yoldaşının dayağına çevrilmişdi.

Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Zərifə xanımın Fəxri Xiyabanda dəfni zamanı bu bardə danışmşdı: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Bir-birinə məhəbbətlə dolu iki ürək on səkkiz ildən sonra Fəxri xiyabanda əbədi qovuşdu.

Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hər bir kəsin hörmət və məhəbbətini qazanmış bu insan, ilk növbədə böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi.

Bəşəriyyətin ən qiymətli sərvəti olan xeyirxahlıq, həya və saflıq fani aləmdə əbədiyyəti, daimi mənəvi ucalığı təmin edir. Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyeva həyatı və əməlləri ilə hələ sağlığında hörmət və izzət qazanmış bir şəxsiyyətdir.

Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. O, xalqın mənəvi dəyərlərini qiymətləndirən, bu dəyərləri müdafiə edən cəsur, işıqlı bir şəxsiyyət idi.

Zərifə xanım sərt sovet rejiminin qaydalarına rəğmən xalqın inanc yerlərinə, dini ibadətgahlarına köməyi barədə faktlar bu gün fakt kimi ortadadır.

Şeyxülislam Allahşükür Paşazadə Zərifə xanımın imanlı və xeyirxah bir insan olduğunu deyərək şahidi olduğu məqamları açıqlamışdı. “O, İslam dininə, milli-mənəvi dəyərlərimizə bağlı bir azərbaycanlı xanım idi. Allahsız bir rejimin qadağalarına baxmayaraq Zərifə xanım hər cümə günləri Təzəpir məscidinə adam göndərirdi və dünyadan köçənləri üçün yasin oxutdururdu”.

QMİ sədri daha bir xatirəsində deyib ki, sovet dövründə “Təzəpir” məscidinin günbəzinin təmiri üçün nə qədər çalışsa da vəsait ala bilməmişdi: “Məscidin günbəzinin təmirə ehtiyacı var idi, amma həmin dövrdə bunun üçün rəsmi qurumlardan maliyyə almaq mümkün deyildi. Belə bir vaxtda Zərifə xanım öz şəxsi vəsaiti hesabına məscidə yardım etdi, təmirin başa çatmasına köməklik göstərdi”.

Gəncədəki “İmamzadə” ziyarətgahının bu günə kimi gəlib çatmasında Zərifə xanımın çox böyük rolu olub.

Bu əhavalt özünün maraqlı tarixçəsini saxlayır.

Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Məhz Heydər Əliyevin sayəsidə Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan olub.

1970-ci illərin sonlarında Gəncədən bir neçə kommunist İmamzadənin sökülməsi üçün Moskvaya –Siyasi Büroya məktub yazııblar. Səbəb kimi göstəriblər ki, nə qədər İmamzadə Gəncədədir, burada ideoloji işi effektiv təşkil etmək olmur, kommunizm prinsiplərinin təbliğatı maneə ilə üzləşir.

Şeyxülislam  öyrənir ki, həmin məktub Moskvadan, Siyasi Büronun üzvü Mixail Suslovun dərkənarı ilə baxılmaq üçün göndərilib. Kommunistlər iclasda qərara alırlar ki, ziyarətgah təmir adı altında hasara alınsın, sonra gizli surətdə məhv edilsin.

Qərardan ciddi narahatçılıq keçirən gənc Şeyxülislam nəyin bahasına olursa – olsun problemin Azərbaycan Kommunist Patiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə çatdırmağı qərara alır.

“Mənim o zaman gənc din xadimi olaraq, sovet dövlətinin qərarının qarşısını almaq səlahiyyətim yox idi. Bu xəbəri yasin oxutdurmaq üçün Təzəpir məscidinə göndərdiyi qohumu Validə xanımın vasitəsilə mərhum Zərifə xanıma, onun vasitəsilə isə Heydər Əliyev həzrətlərinə yetirməyi qərara aldım”-deyə A.Paşazdə danışıb.

O zaman din xadimi üçün çox təhlükəli olsa da, bu addımı atır:  “Zərifə xanım bu xəbərə yüksək diqqət göstərdi. Validə xanım vasitəsilə məndən İmamzadə haqqında, onun məqbərəsi ilə bağlı məlumatları yazılı şəkildə təqdim etməyimi istədi”.

Beləliklə, çətinliklə məsələ ilə bağlı H.Əliyev mərhum Zərifə Əliyevanın vasitəsi ilə məlumatlandırır. Heydər Əliyev məsələdən hali olur. “Heydər Əliyevin bu qərardan xəbəri olmamışdı. Zərifə xanım ona deyəndən sonra İmamzadənin dağıdılmasının qarşısını aldı” –deyə Şeyx xatırlayıb.

Məhz Heydər Əliyevin sayəsidə Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan olur.

Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir.

Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olub.  Müasirləri deyr ki, Zərifə xanım eyni zamanda, ədəbiyyatı, musiqini də çox sevirdi. Onun ədəbiyyat sahəsindəki bilikləri, incəsənət, xüsusilə, təsviri incəsənət, rəsm əsərləri haqqında fikirləri ətrafındakıları təəccübləndirirdi.

Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Zərifə xanım həkim peşəsini çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”.

50-ci illərdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. Zərifə Əliyeva məhz belə bir vaxtda Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. O, traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.

Görkəmli alim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında çalışarkən xeyli alim yetşdirib.

O, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. Oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası mövzusunu araşdıran Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.

Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifi olub. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunub. Bu əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.

Təsadüfi deyildi ki, Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib, o özündən sonra dəyərli məktəb qoyub.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar.

SSRİ səhiyyə naziri S. Burenkov Z.Ə.Əliyevanı  “tibbi tədqiqatların istedadlı təşkilatçısı” adlandırmışdı: “Zərifə xanım sənaye oftalmologiyası sahəsində görmə orqanının peşə patologiyası məsələləri üzrə böyük mütəxəssiz, dərin klinik təfəkkürə və zəngin pedaqoji təcrübəyə malik alim idi.

Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər. Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət və səadət hissləri onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdə qaynayıb-qovuşmuşdu”.

Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışdı.

Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla  xatırlayır: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub”.

Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

“Yaxın zamanda Azərbaycanla danışıqlar başlanacaq” –

Sonrakı məqalə

“Formula 1″ə baxmağa gələn xorvat gözəli İçərişəhərdə ət qutabı yedi –