Duqinin qızını kim öldürüb? Rusiyada partizanlar varmı? –Qətllə bağlı versiyaların TƏHLİLİ

Rusiyada tanınmış ultrasağçı filosof və Ukrayna ilə müharibənın ideoloqu Aleksandr Duqinin qızı, təbliğatçı Darya Duqinanın məhz kim tərəfindən öldürülməsi mövzusunda spekulyasiyalar davam edir. Həmçinin sui-qəsdin əsas hədəfinin kim – Daryanın özü, yoxsa atasının olmasına dair müxtəlif versiyalar var. Bazar ertəsi səhər FTX-nin rəsmi versiyasına görə, hədəf məhz Duqinin qızı olub və “cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib”. Çekistlərin versiyasına görə, onun icraçısı Ukrayna vətəndaşı Natalya Vovkdur, o, qətldən sonra Estoniyada gizlənib.

Versiya bolluğu

FTX-nin versiyasına görə, qadın iyulun 23-də 12 yaşlı qızı ilə Rusiyaya daxil olub. Moskvada Daryanın yaşadığı binada mənzil kirayələyib və qətl günü qızı ilə birlikdə “Ənənə” festivalına gedib. Bundan sonra sui-qəsd baş verib. Sonra qadın tələsik Rusiyanı tərk edib. Rusiya mətbuatı da iddia edir ki, Vovk Ukrayna Silahlı Qüvvələrində, hətta “Azov” alayında xidmət edib. “Azov” özü bu iddiaları təkzib edir.

Krımın anneksiyasından keçən 8 il ərzində Rusiya güc qurumlarının işğala qarşı çıxan Krım tatarlarına və yarımadanın digər dinc sakinlərinə qarşı repressiyalara haqq qazandırmaq üçün “Krım təxribatçıları” haqqında miflər yaratdığını nəzərə alsaq, FTX-nin hər hansı məlumatna nə dərəcədə inanmaq olar? Lakin indiki halda söhbət uydurma yox, real qətldən gedir.

Maraqlıdır ki, rəsmi versiyanın ortaya çıxdığı ərəfədə Duqinə qarşı sui-qəsdə və onun qızının ölümünə görə məsuliyyəti özünü Rusiyanın yeni partizan hərəkatı elan edən Milli Respublika Ordusu öz üzərinə götürüb. Hərəkat Vladimir Putini “hakimiyyətin qəsbkarı və hərbi cinayətkar”, rusiyalı məmurları və onlarla əlaqəli  olan biznesmenləri, güc qüvvələrini məhv edilməli olan qəsbkarın əlaltıları elan edib. Kiyevdə yaşayan rusiyalı müxalifətçi İlya Ponomaryov bildirib ki, bu partizan təşkilatının fəalları sui-qəsddən öncə onunla əlaqə saxlayıblar.

Eyni zamanda, bir sıra ukraynalı və rusiyalı şərhçilər konspiroloji versiya irəli sürüblər ki, FTX Rusiyada repressiyaları əsaslandırmaq, ya da əksinə, terror yolu ilə ölkədə çevriliş təşkil etmək üçün özü Duqini aradan götürməyə çalışıb. Bu versiya ilə Rusiya təbliğatçıları da çıxış edirlər. Belə ki, keçmiş casus Andrey Bezrukov bildirir ki, Duqinanın qətlinin arxasında Britaniya xüsusi xidmət orqanları dayanır və onların razılığı olmadan “ukraynalılar” Podmoskovyedə terror aktını təşkil etməyə heç vaxt cəsarət etməzdilər. Bununla əlaqədar o, Şimali Koreyadan nümunə götürərək nüvə şantajını gücləndirməyə çağırır.

FTX üçün problem

Əslində, Darya Duqinanın ölümündə kimin əlinin olmasını demək kifayət qədər çətindir – xüsusilə nəzərə alsaq ki, həm Rusiya, həm də Ukrayna təkcə birbaşa silahlı qarşıdurmaya yox, həm də amansız informasiya müharibəsinə cəlb olunublar. Ancaq mənə elə gəlir ki, “FTX-nin yaratdığı müqəddəs qurban” haqqında versiya az ağlabatandır.

Əvvəla, repressiyaya bəraət qazandırmaq üçün Rusiya xüsusi xidmət orqanlarının bu cür əməliyyat keçirməsinə ehtiyac yoxdur. Rusiyada “feyklər” haqda yeni qanunların əsasında rus ordusuna qarşı repressiyalar həyata keçirilir və görünür, sosial şəbəkələrin monitorinqi texnologiyaları təkmilləşdikcə onlar daha da kütləvi hal alacaq. Bundan əlavə, artıq qeyd edildiyi kimi, tammiqyaslı hərbi təcavüzün başlanmasından xeyli əvvəl “ukraynalı diversantlar” haqqında ortaya çıxan çoxsaylı “feyklər” göstərir ki, FTX-ya repressiyalar üçün bəhanə yaratmaq lazım  olduğunda, son illər o, terror aktlarının qarşısının uğurla alınması illüziyasını yaratmağa üstünlük verir.

İndiki halda, qətlin Podmoskovyedə, rusiyalı məmurların iqamətgahlarına yaxın baş verməsi faktının özü FTX-nin uğursuzluğundan başqa bir şey deyil. Uğurlu sui-qəsd onların gücsüzlüyünün göstəricisi oldu, deməli, qaçılmaz olaraq cəmiyyətdə panik əhval-ruhiyyənin artmasına gətirib çıxaracaq ki, bu da hakimiyyətə qətiyyən lazım deyil. Bundan əlavə, düşmənin istənilən uğurlu əməliyyatı dərhal təqlidçi kütləsi yaradır və digər adamları da mübarizəyə ruhlandırır. Ən azı son 10 ildə xüsusi xidmət orqanlarının terrorla mübarizə bölməsinin əsasən fərqli düşünənlərlə haqq-hesab çəkməklə məşğul olduğunu və əsl terrora qarşı mübarizə vərdişlərini itirdiyini nəzərə alsaq, belə versiya FTX üçün arzuolunmazdır.

Müharibə Rusiya ərazisinə keçir

Rusiya hakimiyyəti daxilində gizli qrupun bu şəkildə fəaliyyət göstərməsinə dair versiyanı da inandırıcı hesab etmirəm. Əvvəla, Rusiya güc strukturları Putin rejiminin iflasını şəxsən özləri üçün təhlükə hesab edirlər. Çünki belə olduğu halda, öz cinayətlərinə görə cavab verməli olacaqlar. İkincisi, əgər hakimiyyət daxilində belə bir qrup olsaydı, o, daha ciddi fiqurların aradan götürülməsilə  məşğul olardı. Darya Duqinanın və atasının məhv edilməsi üçün belə bir qrupun heç bir mənası yoxdur. Bundan əlavə, bu sui-qəsddən sonra həyata keçiriləcək əks-terror tədbirləri daha ciddi aksiyaları qeyri-mümkün edəcək.

“Ukrayna izi”nə gəlincə, aydındır ki, müharibə şəraitində heç nəyi istisna etmək olmaz. Həm Darya, həm də atası Ukraynaya hücumun fəal təbliğatçıları və ideoloqları olublar. Tamamilə mümkündür ki, məhz onların “öldürmək” çağırışları öz təcəssümünü bu cür tapıb.

Lakin mənim fikrimcə, bu cür peşəkar işi yerlərdə yaxşı agentura şəbəkəsi olmadan kənardan gələn adamlar həyata keçirə bizməzdi. Odur ki, yeni yaranan partizan hərəkatı haqda versiyanı tamamilə real hesab edirəm.

Bu yerdə rusiyalılar tərəfindən hərbi komissarlıqların və çağırış məntəqələrinin yandırılmasını yada salmaq olar. Dolayı məlumatlara görə, Rusiyada kifayət qədər çox sayda adam əslində müharibəyə qarşı çıxır, rusiyalıların əsas kütləsi müharibəni görməməyə və “əvvəlki kimi” yaşamağa çalışır, konformizmdən irəli gələrək hakimiyyəti dəstəkləyir. Belə atmosferdə bu cür qorxutma aksiyaları təbliğatçıların arzuladığı kimi “əhalinin birliyi”nə yox, indiki vəziyyətdə Kremlin əleyhinə işləyən təşvişin səviyyəsinin artmasına gətirib çıxaracaq.

Kseniya Kirillova
Center for European Policy Analysis (CEPA) və Jamestown Foundation eksperti, ABŞ   

Əvvəlki məqalə

Almaniya Ukraynaya 500 milyon avroluq silah vermək niyyətindədir

Sonrakı məqalə

Hulusi Akar ABŞ-ın müdafiə naziri ilə telefonla danışıb