Baş Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib.
APA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməməsinin məsuliyyətə səbəb olması ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunmuş və bu tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə 2 iyun 2020-ci il tarixdə dəyişiklik edilərək inzibati məsuliyyət müəyyən edilib.
“Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, xüsusi karantin rejimində şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə ediləcəklər”, – deyə müraciətdə qeyd olunub.