ƏHD Partiyası seçkilərdə iştirakla bağlı qərar qəbul edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin iclası keçirilib.

Gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali Məclis sədri Vaqif Abışov məruzə edib. İclasda təşkilati məsələlər, respublikadakı ictimai-siyasi vəziyyət, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar ƏHD Partiyasının rayon təşkilatlarının qarşısında duran vəzifələr, partiyanın Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı, partiyanın Nizamnaməsinin 10.2-ci maddəsinə uyğun olaraq növbədənkənar seçkilərlə bağlı bütün səlahiyyətlərin partiyanın idarə heyətinə verilməsi və cari məsələlər müzakirə olunub.

ƏHD Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı çıxış edib. Qüdrət Həsənquliyev ölkənin təkamül yolu ilə inkişafının dəstəklənməsinin vacibliyini vurğulayıb, radikalizmin mənfi təsirlərindən danışıb. Partiya sədri İranda keçirilən prezident seçkilərində Azərbaycan türkü Məsud Pezeşkianın qalib gəlməsinin önəminə toxunub və bu münasibətlə təbriklərini çatdırıb. Eyni zamanda dövlət başçısının bir neçə mühüm beynəlxalq tədbirlərdə iştirakının, həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və BRİKS-ə qoşulmasının qazandıracağı dividentlərə diqqət çəkib.

ƏHD Partiyasının sədri Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətindən danışıb və bildirib ki, türk xalqlarının ortaq ləhcəsi seçilməlidir.
Qüdrət Həsənquliyev bildirib ki, siyasi partiya mütləq seçki prosesində iştirak etməlidir. Boykot taktikasının özünü doğrultmadığını deyən Qüdrət Həsənquliyev partiyanın seçkidə daha uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib: “Partiyamız siyasi sistemdə öz yerini tutub. Bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. ƏHD Partiyası konstruktiv fəaliyyəti ilə hər zaman fərqlənib”.

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar ƏHD Partiyasının Rayon Təşkilatlarının qarşısında duran vəzifələrlə bağlı partiyanın baş katibi Yaşar Kələntərli məruzə edib. Daha sonra partiya sədrinin müavinləri Niyaməddin Orduxanlı, Elçin Mirzəbəyli, Ali Məclis sədrinin müavini Faiq İsmayılov, eyni zamanda müxtəlif rayon təşklatının rəhbərləri çıxış ediblər.

Qaldırılan müxtəlif məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb. Sonda partyanın Ali Məclisi müzakirə olunan məsələlər, o cümlədən ƏHD Partyasının növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı qərar verib. Eyni zamanda seçkilərlə bağlı bütün səlahiyyətlər seçkiyə qədər idarə heyətinə verilib.

Qeyd edilib ki, İdarə Heyətinin iclası 8-12 iyun aralığında keçiriləcək.

Əvvəlki məqalə

“Sülh danışıqları üçün platforma təklif etməyə hazırıq” –

Sonrakı məqalə

Vahid Əhmədovun oğlu prokuror vəzifəsindən azad edilib