Sabiq səhiyyə naziri, Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov Müsavat partiyasından istefasından sonra tənqidlərə tuş gələn tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğluna dəstək verib.
Azpost.info bildirir ki, bununla bağlı Ə.İnsanov açıqlama yayıb.
Açıqlamada deyilir ki, Novella xanım Cəfəroğlunun keçmiş partiyadaşları onun 2024 – cü il sentyabrın 1- də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı söylədiyi fikirlərə qarşı haqsız çıxışlar edirlər: “Yada salmaq istərdim ki, Novella xanım Cəfəroğlu Azəbaycanda Xalq Hərəkatının öncülərindən biridir, son onilliklər ərzində Azərbaycan dövlətçiliyinin, suverenliyinin və demokratiyanın carçılarındandır. O, bu müddət ərzində yorulmadan Azərbaycan dövlətçiliyinə dayaq – dəstək olduğu kimi hər bir vətənsevər Azərbaycan övladının da yorulmadan yanında olub”.
Ə.İnsanov deyib ki, Azərbaycanda siyasətlə məşğul olan hər kəs Novella xanım Cəfəroğlunun mövqeyinə və fikirlərinə hörmətlə yanaşmalı və onun dediklərində bu gün kimsə nəyi başa düşməyibsə səbirlə Novella xanımdan öyrənməlidir.
“Mən, Novella xanım Cəfəroğlunun böyük həyat və siyasi təcrübəsinə, dövlət – vətənsevərliyinə və müdrikliyinə çox böyük ehtiramla yanaşır, onu dəstəkləyir, möhkəm cansağlığı və uğurlar arzulayıram”.
Novella Cəfəroğlu bu mövqeyinə görə Ə.İnsanova təşəkkür edib: “Çox dəyər verdiyim Əli bəy. Mənə belə gözəl sözlər yazdığınız üçün çox sağ olun. Həmişə yanınızda olmuşam və olacağam. Onlar hələ mənim haqqımda eşidəcəklər. Dostluğu saxlamaq hər kişinin işi deyil”.
Azpost.info