Erməni sərhədçilərinin İranla sərhədə yaxın keçid məntəqəsində təhlükəsizliyin təmin edilməsində iştirakı ölkənin sərhəd və gömrük xidmətlərinin inkişafına və möhkəmlənməsinə fayda verəcək.
Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” regional platformasının iclasında çıxışı zamanı deyib.
Qeyd edək ki, oktyabrın 8-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə razılıq əldə olunub. Razılaşmada Rusiya hərbçiləri Ermənistan-İran sərhədindəki keçid məntəqəsini tərk etmələri, onların yerinə erməni sərhədçilərin gətirilməsi nəzərdə tutulur.
O, təhlükəsizliyin təmin edilməsində uzun illər göstərdiyi köməyə görə Rusiya tərəfinə təşəkkür edib və xatırladıb ki, yanvarın 1-dən Ermənistan sərhədçiləri keçid məntəqəsində tam xidməti öz üzərinə götürəcəklər.
Regional kommunikasiyaların və əməkdaşlığın bərpasına toxunan Mirzoyan Ermənistanın bu problemin həlli üçün bütün regional oyunçularla işləməyə hazır olduğunu qeyd edib: “Ermənistan regionumuzda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında səmimi maraqlıdır”.
O qeyd edib ki, region ölkələri arasında bu layihəni ilk alqışlayanlardan biri də İran olub.
Mirzoyan həmçinin qeyd edib ki, Ermənistan Şimal-Cənub magistralının tikintisi üçün fəal praktiki addımlar atır, İranın Çabahar limanından istifadənin üstünlüklərini yüksək qiymətləndirir və tranzit tariflərinin qarşılıqlı şəkildə aşağı salınması üzərində işləyir.
Azpost.info