Ermənistan Rusiyadan nə qədər asılıdır? –Sənaye, infrastruktur, sərhədə Moskva nəzarət edir /TƏHLİL

Ermənistanın strateji tərəfdaşı Rusiya ilə münasibətləri ikinci Qarabağ müharibəsindən sonra pisləşib, ölkə rəhbərliyi isə, görünür, geosiyasi oriyentasiyasını Qərb istiqamətində dəyişmək niyyətindədir.

Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi problemlə üzləşib. Yerevan hesab edir ki, “əsas tərəfdaşı” olan Rusiya üzərinə götürdüyü sülhməramlı funksiyaları yerinə yetirmir – daha ona “bel bağlamaq olmaz” və Qərbdə yardım axtarır.

Bu arada Fitch reytinq agentliyi bu həftə elan edib ki, Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ağır şəkildə asılı qalacaq.

Keçən ilin sonunda Wall Street Journal nəşrinə müsahibəsində Baş nazir Nikol Paşinyan Rusiya qoşunlarının Ermənistanda olmasında “heç bir prioritet” görmədiyini bildirmişdi.

Lakin Rusiya qoşunlarını çıxarmaq asan məsələ deyil, çünki Ermənistanın əksər sənaye sahələri, infrastrukturu və hətta sərhəd nəzarəti Rusiyanın əlindədir. Bəs onlar hansılardır?

Sərhədlər

Rusiya Federasiyası Sərhəd İdarəsinin sərhədçiləri Ermənistan Respublikasının Türkiyə Respublikası və İran İslam Respublikası ilə dövlət sərhədini qoruyur.

Bu, Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən həyata keçirilir.

Bundan başqa, Ermənistanda RF FTX Sərhəd İdarəsi Ermənistan MTX Sərhəd Qoşunları ilə birlikdə “Zvartnots” hava limanı və İranla sərhəddə avtomobil yolu üzərindəki “Aqarak” buraxılış məntəqəsində sərhədin mühafizəsini icra edirlər.

Rusiya bazaları

Rusiya ilə Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi” əsasında inkişaf edir. Bu sənədə əsasən, Moskva və Yerevan tərəflərdən birinə hərbi təhlükə yaranarsa, bir-birinə yardım göstərməyi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi öhdələrinə götürürlər.

Bundan başqa, hərbi əməkdaşlıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində həyata keçirilir.

Ermənistanla Rusiya arasında 1995-ci ildə bağlanmış dövlətlərarası müqaviləyə əsasən, 102-ci Rusiya hərbi bazası Ermənistanın Gümri şəhərində yerləşdirilib. Bazanın təxminən 5 min nəfərdən ibarət şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyindədir.

2010-cu ildə bazanın Ermənistan ərazisində yerləşdirilməsi müddəti 2044-cü ilə qədər uzadılıb.

Qaz

Ermənistanda ölkə iqtisadiyyatının aparıcı sahələrində 100 faiz və ya qismən Rusiya kapitalının iştirakı ilə 40-dan çox iri müəssisə fəaliyyət göstərir.

Ermənistanın enerji sektorunda fəaliyyət göstərən rus şirkətləri arasında ən əhəmiyyətli rol respublikada təbii qazın nəqli və paylanması sistemlərinin hamısına sahib olan Gazprom Armenia (Hrazdan İES-in 5-ci enerji bloku da daxil olmaqla) şirkətidir.

Respublikanın daxili bazarında təbii qazın inhisarçı satıcısı 1997-ci ilin dekabrında yaradılmış Rusiya-Ermənistan QSC “Qazprom Armenia”dır (səhmlərin 100 faizi Rusiya “Qazprom” şirkətinə məxsusdur).

“Qazprom Armenia” Ermənistan daxili bazarı üçün qaz tədarükünü, həmçinin yanacağın daşınması, saxlanması, bölüşdürülməsi və satışını təşkil edir, respublika ərazisində qaz nəqli sisteminin və yeraltı qaz anbarlarının yenidən qurulması və genişləndirilməsi ilə məşğul olur.

Ermənistan və Rusiya hökumətləri arasında müqaviləyə əsasən, Ermənistana ildə 2,5 milyard kub metr qaz nəql edilir.

Hazırda Rusiya qazının 1000 kub metri üçün Ermənistan 165 dollar ödəyir.

2006-cı ildən fəaliyyət göstərən İran-Ermənistan qaz kəməri də Rusiyanın “Qazprom” şirkətinə məxsusdur.

İrandan Ermənistana ildə 365 milyon kub metr nəql edilən qazın haqqını – 1 kub metr müqabilində 3 kilovat-saat elektrik – barter əsasında ödəyir.

Elektrik enerjisi

2002-ci ildə Ermənistan təxminən 98 milyon dollar borcunu ödəmək üçün 5 müəssisəsini Rusiyaya verib.

Borcu müqabilində Rusiya sovet dövründə hərbi-sənaye kompleksinə daxil olan elektron sənayesi məhsulları istehsalında ixtisaslaşan “Mars” qapalı səhmdar cəmiyyəti, Yerevan Materialşünaslıq, Riyaziyyat və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Elmi Tədqiqat İnstitutlarına, eləcə də Hrazdan istilik elektrik stansiyasına sahib olub (ölkədə istehsal olunan elektrik enerjinin 10 faizini istehsal edir).

Elektroenergetika sahəsinə aid enerji hasil edən və onun paylaşması və maliyyə məsələləri ilə məşğul olan bütün müəssisələr Rusiyaya məxsusdur. Müstəsna linsenziyaya Rusiyanın “Ermənistanın elektrik şəbəkələri” (EEŞ) şirkəti malikdir.

EEŞ 2002-ci ildə yaradılıb, 2006-cı ildən 100 % səhmlərinin sahibi Rusiyanın “İNTER RAO EЭС” korporasiyasına məxsusdur.

Elektrik enerjisinin əsas istehsalçısı dövlətə məxsus Ermənistan Atom Elektrik Stansiyasıdır. Elektrik enerji istehsalının təxminən 40 faizi AES-in payına düşür. 2003-cü ildə AES-in idarəçiliyi Rusiya “İNTER RAO ЕЭС” şirkətinə həvalə edilib.

Ermənistanda daha iki hidroelektrik stansiya kaskadı işləyir. ABŞ Contour Global Hydro Cascade şirkətinə məxsus Vorotan kaskadı (16%) və Rusiya “RusHidro” qrupuna məxsus Sevan-Hrazdan kaskadı (10%).

Elektrik enerjinin daha 4 faizini kiçik su elektrik stansiyaları istehsal edir.

Pul köçürülməsindən asılılıq

Moskva və Yerevan arasında münasibətlər sərinləşdikcə, Rusiyadan Ermənistan və onun vətəndaşları üçün iqtisadi problemlər yaradıla biləcəyinə dair ilk eyhamlar səslənməyə başlayıb.

Keçən ilin oktyabrında Rusiya Dövlət Duması Rusiyada sahibkarlıq və əmək fəaliyyəti üçün gərək olan Ermənistan sürücülük vəsiqələrinin tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsini təxirə salıb.

Bunu, Dumanın rəsmi saytına görə, Dumanın sədri Vyaçeslav Volodin açıq-açkar onunla izah edir ki, Ermənistan hökuməti “rus dilinə rəsmi status vermək üçün heç bir addım atmayıb”.

Rusiyada bir çox ermənistanlı miqrant ictimai xidmət sahəsində, o cümlədən taksi sürücüsü kimi işləyir, və sürücülük vəsiqələrinin tanınmaması bunu qeyri-mümkün edir.

Ermənistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan vətəninə pul göndərən əmək emiqrantlarından da asılıdır.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Ermənistandan Rusiyaya mövsüm işlərinə ildə təxminən 80 min adam gedirdi. Onların əksəriyyəti tikinti işlərinə cəlb olunur. Rusiya Federal Miqrasiya Xidməti bu rəqəmi 300 minə yaxın göstərir.

Ermənistan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə Rusiyadan Ermənistana təxminən 865 milyon dollar pul köçürülüb. Bu, ölkə ÜDM-nin 5 faizi təşkil edir. 2022-ci ildə bu rəqəm təxminən 4 dəfə artıb və 3,6 milyard dollara çatıb. Bu, Ukrayna müharibəsi ilə bağlı Rusiyada qismən səfərbərlik elan olunandan sonra təxminən 100 min rusiyalıların Ermənistana mühacirət etməsi ilə bağlıdır.

Ermənistanda yaşayan ermənilərin sayı, bəzi rəqəmlərə görə, 2 milyondan çoxdur. Bəzi mənbələr isə bu rəqəmin 3 milyon olduğunu iddia edir.

Dəmir yolları

2008-ci ildə Ermənistan dəmir yolları 30 il müddətinə Rusiya Dəmir Yolları şirkətinin konsessiya idarəçiliyinə keçib. Hazırda Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları şirkətinə daxil olan Cənubi Qafqaz Dəmir Yolunun (CQDY) idarəçiliyindədir. Tərəflərin razılığı ilə, 20 ildən sonra müqavilə daha 10 il müddətinə uzadıla bilər.

2023-cü ilə olan məlumata görə, Ermənistanın dəmir yollarının ümumi uzunluğu 1252,5 kilometrdir, onlardan əsas yollar – 759,8 km təşkil edir.

CQDY 74 stansiyadan ibarətdir, lakin cəmi 55-i istismar olunur. Ermənistandan xaricə dörd sərhəd məntəqəsindən [Ayrum–Sadaxlo (Gürcüstan), Axuryan-Doğukala (Türkiyə), Yerasx-Vəlidağ (Azərbaycan), İcüvan-Barxudarlı ()Azərbaycan] yalnız biri işləyir: Ayrım-Sadaxlo (Gürcüstan).

Cənubi Qafqaz Dəmir Yolları şirkəti infrastrukturun inkişafına dair üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün tənqidə məruz qalıb.Bu günədək Vanadzor-Fioletovo xəttinin 32 kilometrlik qolunun tikintisi həyata keçirilməyib. Bu, Yerevandan Tbilisiyə və Qara dəniz limanlarına yolu 112 km qısaldardı.

Tikinti 2011-ci ildə başlanmalı idi, lakin CQDY layihənin dəyərini iki dəfədən çox artıraraq, 2012-ci ildə 200-250 milyon dollara çatdırıb, sonradan isə layihə unudulub. Bundan başqa, “Ermənistan beynəlxalq hava limanları” QSC-nin bəyanatına görə, CQDY-nin fəaliyyətsizliyi ucbatından daha bir layihə – Yerevanda Çarbax metro stansiyasından Zvartnots aeroportuna dəmir yol xəttinin tikintisi kağız üzərində qalıb.

Yuxarı Lars yolu

Ermənistan ixracatının xaricə nəql edilməsinin yeganə quru yolu Gürcüstan-Rusiya sərhədinin “Yuxarı Lars” adlanan məntəqəsindən keçir. Qış aylarında yol, buz bağladığına görə, vaxtaşırı bağlı olur. Lakin bəzən Ermənistan yük maşınları başqa səbəblərə – əsasən Rusiya tərəfinin göstərişi ilə – günlərlə yolun açılmasını gözləməli və ya geri qayıtmağa məcbur olurlar.

Keçən il, noyabrın sonunda Ermənistan baş naziri KTMT-nin Minsk sammitində iştirak etməkdən imtina edəndə, Ermənistan yük daşıyanları da Yuxarı Lars nəzarət keçid məntəqəsində problemlə üzləşirlər. Yüzlərlə məhsul, o cümlədən tez xarab olan, balıq və meyvə aparan yük maşını nəzarət məntəqəsində dayandırılır, çünki Rusiya fitosanitariya nəzarəti məhz Ermənistan məhsulları üçün tələblərini sərtləşdirmişdi.

Rusiya və Ermənistan Müstəqil Dövlətlər Birliyinin üzvləridir və KTMT formatında əməkdaşlıq edirlər. 2015-ci ilin yanvarından Ermənistan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın daxil olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür.  (BBC)

Əvvəlki məqalə

Şotlandiyada 170 milyon il əvvəl yaşamış uçan kələz tapılıb

Sonrakı məqalə

Bolşevik rəhbəri Leninin dəfnindən GÖRÜNTÜLƏR –