“Ermənistanı ərzaq qıtlığı gözləyir” –

Keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan
30 Noyabr 2020 - 15:33

“Qarabağ və ətrafında ərazi itkiləri nəticəsində Ermənistanda ərzaqla bağlı ciddi problemlər yaranacaq”.

Bunu Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan bildirib.

Onun sözlərinə görə, Ermənistanın ərzaq təhlükəsizliyinə təhdidlər ciddidir. İlk təhlükə mümkün taxıl çatışmazlığıdır. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edir, halbuki müharibə zamanı ermənilərin itirdikləri ərazilərdə 150 min ton taxıl istehsal olunurdu: “Biz 75% taxıl itirdik. Ermənistan ildə təxminən 250 min tona yaxın taxıl idxal edir. Kəsiri xaricdən almaqla doldurmaq lazım gələcək. Dolların məzənnəsinin artmaqda davam edəcəyini nəzərə alaraq, çörək və onun qiyməti ilə bağlı problem yaranacaq”, – o, News.am-a müsahibəsində bildirib.

“Çörəyin qiyməti artarsa, hər şeyin qiyməti artacaq. Ermənilərin itirdikləri ərazilərdə maldarlıq inkişaf etmişdi. Nəticədə böyük mal-qara itirilib. Bu, ət və süd qıtlığı deməkdir”, – o qeyd edib.