“Ermənilər təxribat edəcək, sülhməramlıların rolu vacibdir”-TOFİQ ZÜLFÜQAROV

“İndi Azərbaycan üçün əsas çətinlik Qarabağın erməni icması ilə münasibətin necə qurulması olacaq”.

Azpost.info bildirir ki, bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Laçında Azərbaycanın sərhəd məntəqəsinin yaradılmasını Azadlıq Radiosuna şərh edərkən deyib.

Sabiq nazirin sözlərinfə görə, erməni əhalini yeni vəziyyətə- Azərbaycanın Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurması faktına uyğunlaşdırmaq zaman alacaq: “Burda problem o zaman olacaq ki, hansısa təxribat baş verəcək. Ermənilər özləri də gərginlik yaratmaq üçün təxribat yaratmaq istəyəcəklər. Ona görə də indiki mərhələdə sülhməramlıların rolu vacibdir. Prosesə psixoloji cəhətdən baxmalıyıq. Qarabağda yaşayan ermənilərin iki nəslinin Azərbaycanla heç bir əlaqəsi olmayıb. Onları ardıcıl şəkildə yeni şəraitə öyrəşdirmək üçün vaxt lazımdır. Biz öhdəlik götürmüşük ki, onların hüquqları qorunacaq. Prosesi elə aparmalıyıq ki, bizim xeyrimizə olsun və erməniləri də yavaş-yavaş öyrəşdirək”.

Sabiq nazirin fikrincə, Ukrayna müharibəsində zəifləmiş Rusiya Laçın dəhlizində Azərbaycanla müştərək işləməyə razılaşacaq. Belə ki, səlahiyyət müddəti bitənə kimi Rusiya ermənilərin təhlükəsizliyinə zəmanət verəcək, Azərbaycan isə gömrük-sərhəd xidməti həyata keçirəcək.

Azərbaycan Dövlət Sərhəd Xidməti aprelin 23-də bəyanat yayıb ki, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda bu addımın atılması Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə əsaslandırılır.

Azpost.info

Əvvəlki məqalə

Biləsuvarda yaşayış binasında partlayış olub, mənzil dağılıb –

Sonrakı məqalə

Azərbaycanda 5 nəfər COVID-19-a yoluxub