“Ermənistanın mina terroruna göz yummayın!”- XİN beynəlxalq ictimaiyyətə çağırış etdi

Martın 16-da Ağdam rayonunda mina partlayışı nəticəsində iki nəfər dinc sakin həlak olub. Bununla da, 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 286 nəfər mina partlamasından zərər çəkib ki, onların da 48 nəfəri həlak olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat məlumatında bildirilib.

“Ağdamda baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.

Ermənistanın bu addımları regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq”, – deyə XİN-in məlumatında vurğulanıb.

Nazirlik, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Əvvəlki məqalə

Avropa Şurası Ukrayna üçün xüsusi iclas keçirəcək

Sonrakı məqalə

“Antiterror əməliyyatına başlamaqdan başqa seçimimiz qalmayıb” –