Ermənistan vətəndaşlarının Rusiyaya münasibəti İrəvanı Moskvanın müttəfiqi hesab etməkdən imtina edən ölkənin baş naziri Nikol Paşinyanın mövqeyindən köklü şəkildə fərqlənir.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının MDB, Avrasiya inteqrasiyası və əlaqələri komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.
Onun sözlərinə görə, Rusiya həmişə Ermənistana kömək edəcək və onu qoruyacaq, çünki ölkələr arasında uzunmüddətli dostluq münasibətləri inkişaf edib.
“Ermənistan vətəndaşlarından Rusiyaya münasibətini soruşsaq, onların mövqeyi Paşinyanın mövqeyindən köklü şəkildə fərqlənəcək. Çünki əksəriyyətinin qohumları Rusiyada yaşayır. Onlar ünsiyyət qurur və başa düşürlər ki, Rusiya onlar üçün vacib müttəfiq və tərəfdaşdır”, – Vodolatski bildirib.
Komitə rəsmisinin sözlərinə görə, Paşinyan Qərblə oyun quraraq iki stulda oturmağa çalışır. Parlamentari əmindir ki, belə bir siyasət Ermənistanı yaxşılığa aparmayacaq, bunu artıq Ukraynanın timsalından hamı görüb.
“Düşünmürəm ki, Ermənistan Ukraynanın indi keçdiyi yolla getsin, öz suverenliyini məhv etsin. Paşinyan bu gün Qərb ölkələrinin oyununda iştirak etmək qərarına gəlib ki, hər tərəfdən özünə böyük tikə dişləsin. O, bu cür siyasət yürütməkdə davam edərsə, Ermənistan sakinləri özlərinə və ölkələrinə qarşı belə məsuliyyətsiz münasibətə dözməzlər. İnanıram ki, yaxın gələcəkdə biz bu ikitərəfliliyin nəticələrini görəcəyik”, – deputat qeyd edib.
Paşinyan bundan əvvəl demişdi ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Hökumət başçısı xatırladıb ki, 1991-ci il Alma-Ata Bəyannaməsi SSRİ-nin bütün keçmiş respublikalarına, o cümlədən bir-birinin sərhədlərini tanıyan Rusiya və Ukraynaya şamil edilir.
Azpost.info