Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Noyabrın 29-da keçirilən Akademiyanın Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi haqqında məsələyə də baxılıb.

Məsələ ilə bağlı çıxış edən Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət başçısının 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 5.6. bəndinə əsasən, dünya miqyasında dövlət, ictimai, elm və mədəniyyət xadimləri kimi tanınmış Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Akademiyanın fəxri üzvləri seçilə bilərlər.

Akademiyanın Nizamnaməsinin verdiyi səlahiyyətlərə əsaslanan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-da elmi prioritetlərin müəyyənləşdirilməsinə və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının gücləndirilməsinə verə biləcəyi töhfələri nəzərə alaraq, dünya miqyasında tanınmış elm xadimi, Türk dünyasının elm sahəsində ilk Nobel mükafatı laureatı, professor Əziz Səncərin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilməsi ilə bağlı təşəbbüs irəli sürüb.

Akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı, professor Əziz Səncərə ünvanladığı 24 oktyabr 2023-cü il tarixli məktubda bildirib ki, “Azərbaycan Milli Elmlər Akademiyasının 29 noyabr 2023-cü il tarixində keçiriləcək Ümumi yığıncağında görkəmli elm xadimi, Türk dünyasının fəxri və Azərbaycan xalqının xüsusi rəğbət bəslədiyi böyük vətənpərvər alim kimi sizin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilməyiniz nəzərdə tutulur”.

Məktubda o da bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyət göstərdiyi 78 il ərzində Akademiyanın Ümumi yığıncağı tərəfindən 13 nəfər fəxri üzv seçilib.

Nobel mükafatı laureatı, professor Əziz Səncərin akademik İsa Həbibbəyliyə ünvanladığı 25 oktyabr 2023-cü il tarixli məktubda təklifə müsbət cavab verilib və vurğulanıb ki, “məni vətənim bildiyim Azərbaycanın adını daşıyan Milli Elmlər Akademiyasının fəxri üzvlüyünə layiq görən bütün Akademiya üzvlərinə minnətdarlığımı bildirirəm. Akademiya rəhbərliyinin bu təklifini böyük məmnuniyyətlə qəbul edirəm. Azərbaycan hər zaman mənim qəlbimdədir. Bunu hər fürsətdə dilə gətirirəm. Türk dünyasının ayrılmaz parçası olan can Azərbaycanda elmin inkişafına əlimdən gələn dəstəyi göstərməyə hər zaman hazır olduğumu bilməyinizi istəyirəm. Bu vəsilə ilə Akademiyanın bütün kollektivinə gələcək fəaliyyətində uğurlar diləyirəm”.

Qeyd olunub ki, akademik İsa Həbibbəyli Nizamnamənin 5.15. bəndinə müvafiq olaraq Nobel mükafatı laureatı, professor Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması üçün Kimya Elmləri Bölməsinə müraciət edib. Akademik İsa Həbibbəylinin müraciətinə uyğun olaraq, 20 noyabr 2023-cü il tarixində AMEA-nın Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib və Şimali Karolina Universitetinin professoru Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

AMEA-nın Kimya Elmlər Bölməsinin Ümumi yığıncağının vəsatətini nəzərə alaraq, AMEA-nın Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.

Qeyd edək ki, indiyədək 17 nəfər AMEA-nın fəxri üzvü seçilib.

Əvvəlki məqalə

Bu ay 867 mindən çox sərnişin daşınıb

Sonrakı məqalə

“Ali təhsil müəssisələri ilə elmi müəssisələrin inteqrasiyası vacib məsələdir”