Fazil Salayevin unudulmuş, Əliağa Ağayevin çatlamış qəbri  –Məşhur aktyorların gözdən uzaq son mənzilləri /FOTOLAR

 İstedadlı sənətkarlar öz rolları ilə yadda qalır, tamaşaçı zövqünü oxşayır, səhnədə izlərini saxlayırlar.

Ömür karvanı insanı son mənzilə çatdırandan sonra bu aktyorların adı xatirələrdə yada düşür, məzarlarını ziyarət edərkən anılır.

Azpost.info bildirir ki, instagramda bir sıra tanınmış aktyorların məzarları əks olunan görüntülər yayımlanıb. Bu görüntülərdə bəzi məzarların baxımsız və xeyli vaxtdır ki, diqqətdən kənar qaldığı hiss olunur.

Belə məzarlardan birində sevimli aktyorumuz Fazil Salayev uyuyur. “Qurd qapısı” məzarlığındakı qəbir daşından adının pozulması, bəzi yerlərin qar-yağış altında qalaraq zədələnməsi hiss olunur.

İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da, oynadığı rolları, gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı. İllər keçsə də, onun yaratdığı rollara və filmlərə maraq itməyib, sevilə-sevilə baxılır.

Sənətkar 1978-ci il iyunun 20-də 46 yaşında kiçik qızı Ofeliyanın doğum günündə vəfat edib.

Diqqətdən kənarda qalmış daha bir qəbir Azərbaycan kinosunun tarixində epizodik rollarla yadda qalan aktyorlarımızdan biri Kamil Məhərrəmovundur. “Yol əhvalatı” filmindən Paşa rolu ilə yaddaşlards qalan K.Məhərrəmovun filmoqrafiyasında 40-dan çox ekran əsərinin adı var. “Evlənmək istəyirəm”dəki Hüseyn obrazı da aktyorun karyerasında mühüm yer tutub.

Kamil Məhərrəmov 1941-ci il mayın 9-da Şamaxıda dünyaya gəlib. Aktyor 1993-cü ilin oktyabrında vəfat edib. K.Məhərrəmov Sumqayıtda dəfn olunub.

Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan SSR Xalq Artisti Əliağa Ağayevin məzarı da xoşagəlməz təəssürat bağışlayır. Qəbrin üzərində mərmər çatlayıb.

Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub.

 

“O olmasın, bu olsun” bədii filmindəki Məşədi İbad obrazı ilə şöhrətlənən Əliağa Ağayev  kino və teatr səhnəsində unudlmaq obrazlar yaradıb.

Əliağa Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb. Məzarı Bakıda, Yasamal qəbiristanlığındadır.

Azərbaycan teatr rəssamı laureatı Elçin Məmmədovun məzarı da bu qəbildəndir. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Elçin Məmmədov peşəsi rəssam olsa da kino yaratdığı bir sıra obrazları ilə tamaşaçı yaddaşına həkk olunub. Bu sırada “Yeddi oğul istərəm” filmində Mirpaşa, “Dədə Qorqud”da Çoban rollarını qeyd edtmək olar.

 

E.Məmmədov 29 may 1946-cı ildə görkəmli teatr rejissoru Mehdi Məmmədov və tanınmış aktrisa Barat Şəkinskayanın nigahından dünyaya gəlib.

O, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. Elçin Məmmədov 18 fevral 2001-ci ildə Bakı şəhərində vəfat edib.

Balaxanı qəbristanlığında dəfn olunmuş Əhməd Rumlunun məzarı da gözdən uzaq qəbirlər sırasındadır. “O olmasın, bu olsun” filmində hambal obrazı ilə yadda qalan Ə.Rumlu Gənc Tamaşaçılar Teatrında işləyib.

Diqqət çəkən bu məzarların müəyyən təmirə ehtiyacı var. Mədəniyyət Nazirliyi belə məzarların bərpa işlərini həyata keçirsə sənətkarların ruhları da şad olar.

…Öləndən sonra insan cismən getsə də ruhu səmada, adı yadda qalır. Məzar isə təsəlli yeri kimi…

R.Vahidqızı.

Azpost.info

Əvvəlki məqalə

“Sədərək”də yanğın zamanı oğurluğa cəhd edənlər saxlanılıb

Sonrakı məqalə

Braziliyada dövlət çevrilişinə cəhd oldu, etirazçılar Konqresə girdi –