Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti Ermənistana gəlib.
Azpost.info bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Onu Zvartnots beynəlxalq hava limanında Ermənistanın müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan qarşılayıb.
Lekornu Ermənistanın müdafiə naziri Suren Papikyanın dəvəti ilə Ermənistana iki günlük rəsmi səfərə gəlib.
Bundan əvvəl bildirilmişdi ki, bu, Fransa Silahlı Qüvvələr nazirinin Ermənistana ilk səfəridir.
“Fransa və Ermənistan arasında tarixən dostluq münasibətləri var, lakin müdafiə sahəsində əlaqələr ikitərəfli münasibətlərin intensivliyi səviyyəsində deyildi”, – Fransa Müdafiə Nazirliyi bildirib.
Fransanın “Le Figaro” nəşri xatırladır ki, 2023-cü ilin oktyabrında Fransa və Ermənistan hava hücumundan müdafiə ilə bağlı niyyət protokolu imzalayıblar. Bu protokola “Thales” şirkətindən 3 ədəd “Ground Master” (GM200) radarının alınmasına dair müqavilə də daxildir. Bu radarlar rəqibi 250 km-dən müəyyən etməyə imkan verir. Müqavilədə həmçinin “Safran” şirkətinin istehsalı olan gecəgörmə sistemləri üçün durbin və avadnlıq var.
Azpost.info