Gənclər Fondunun “Karyera Mərkəzi” sabiq nazirə yaxın sayılan şirkətlə müqavilə imzalayıb

“Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC  “SS-İnşaat” MMC ilə satınalma müqaviləsi bağlayıb.

Azpost.info xəbər verir ki, maliyyə dəyəri 278 029.42 manat təşkil edilən müqavilədə qurumun Yevlax şəhərindəki inzibati binasının təmiri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “SS-İnşaat” MMC 19 mart 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Həsən Salmanlı küçəsi, ev 5/7, mənzil 16-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qurbanov Fuad Sərxan oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. 14 ildir fəaliyyət göstərməsinə baxmayaraq, “SS-İnşaat”ın nə veb-səhifəsinə, nə də əlaqə telefonlarına rast gəlmək mümkündür.

“SS-İnşaat” MMC dövlət satınalmalarında əsasən Heydər Əsədovun kənd təsərrüfatı naziri olduğu dövrdə bu nazirliyin keçirdiyi tenderlərin qalibi olub. Mediada gedən məlumatlarda “SS-İnşaat” MMC-nin daha bir keçmiş kənd təsərrüfatı naziri – İsmət Abbasovun nəzarətində olduğu deyilir. Bu faktı dəqiqləşdirmək üçün şirkət və İsmət Abbasovla əlaqə saxlamaq mümkün olmayıb.

“Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC 2 fevral 2019-cu il tarixində Gənclər Fondunun maddi-texniki bazası əsasında fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılıb. Hazırda Mərkəzin 55 rayonda nümayəndəlikləri fəaliyyət göstərir. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovdur.

Hüseyn

Əvvəlki məqalə

ABŞ Çinlə iqtisadi məsələlər üzrə danışıqları nə vaxt bərpa edəcək?

Sonrakı məqalə

Martın 5-də XI siniflər üçün buraxılış imtahanı keçiriləcək