20–54 yaş arası insanlarda insult riski bu gün 30 il əvvəl eyni yaş qrupuna aid şəxslərlə müqayisədə təxminən iki dəfə yüksəkdir.
Bu barədə nevroloq Li Şvamm Newsweek nəşrinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, xəstələnmə hallarının artması əsasən gənclər arasında şəkərli diabet, piylənmə və yüksək qan təzyiqinin daha geniş yayılması ilə bağlıdır. Həkim əlavə edib ki, insultun daha gənc yaşlarda baş verməsinin mümkün səbəblərindən biri də elektron siqaretlərin (veyp cihazlarının) populyarlaşması ola bilər. Onun sözlərinə görə, bu cihazların sağlamlığa təsirləri hələ tibb mütəxəssisləri tərəfindən tam öyrənilməyib.
İnsult riskini azaltmaq üçün Şvamm gənclərə sağlam qidalanmağı, fiziki cəhətdən fəal olmağı, siqaretdən imtina etməyi və gecələr kifayət qədər yatmağı tövsiyə edib.
Həkim, həmçinin müntəzəm tibbi müayinələrdən keçməyə, arterial təzyiqi, qanda şəkər və xolesterin səviyyəsini nəzarətdə saxlamağa çağırıb.