Gömrük Komitəsi ilə şirkət arasında qalmaqal –Bakı Baş Gömrük İdarəsi məhkəməyə verildi

“Fitolek Azerbaijan” şirkəti Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib.

Azpost.info xəbər verir ki, işin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. Birinci instansiya məhkəməsi şirkətin iddiasını təmin etməyib. İş hazırda apellyasiya mərhələsindədir. “Fitolek Azerbaijan” MMC-nin şikayəti Bakı Apellyasiya Məhkəməsində Kamran Əkbərovun sədrlik etdiyi hakimlər kollegiyasi tərəfindən araşdırılacaq.

“Fitolek Azerbaijan” MMC 2 noyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi İsmayılov Eldar Vaqif oğludur. Şirkət barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Əldə etdiyimiz məlumata görə, MMC ilə gömrük arasında bir müddətdir ki, mübahisəli durum yaranıb. Hələ iki il əvvəl Dövlət Gömrük Komitəsi (DGK) bu şirkəti gömrük qanunvericiliyini pozmaqda ittiham edib. “Xarici ticarət içtirakçısı “Fitolek Azerbaijan” MMC malın ümumi gömrük dəyərinə dair bildirişlə razılaşmadığı üçün gömrük orqanı tərəfindən qanunamüvafiq qaydada malın real dəyərinin müəyyən edilməsi məqsədi ilə 04.12.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası “AZƏREKSPERTİZA” Birliyinə müraciət edilib.

“Fitolek Azerbaijan” MMC malın ümumi gömrük dəyərini 57 min 635 manat göstərdiyi halda, “AZƏREKSPERTİZA” Birliyinin 8 dekabr 2020-ci il tarixli, 241 saylı cavab məktubuna əlavə edilmiş ekspert rəyinə əsasən malın orta bazar qiymətinin 196 min 088 manat dəyərində olduğu, buna uyğun olaraq malların ümumi gömrük dəyərinin isə 122 min 776.56 manat təşkil etdiyi müəyyənləşdirilib.

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsində “Fitolek Azerbaijan” MMC tərəfindən gömrük qanunvericiliyinin pozulması faktı üzrə araşdırma davam etdirilir”, – qurumun rəsmi internet səhifəsində yerləşdirilən açıqlamada bildirilir.

Abbas

Əvvəlki məqalə

NATO Baş katibi sabah Türkiyəyə gedir

Sonrakı məqalə

Tibb Universitetinin tələbəsi zəlzələdə həlak olub