Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Novruz bayramı şənliyi keçirilib.
Bayram tədbirində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edib.
Hökumət başçısı etno guşənin, əl işlərinin sərgisinin təşkil edildiyi məkana da baş çəkib. Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay ilə birlikdə Novruz tonqalı alovlandırılıb.
Baş nazir İrakli Qaribaşvili Gürcüstan azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib:
“Əziz etnik azərbaycanlı həmvətənlərimizi, qardaşlarımızı, qardaş Azərbaycan və Türkiyəni, dünyanın hər yerində Novruz bayramını qeyd edənləri təbrik edirəm. Bu gün münasibətilə vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, ruzi-bərəkət, xalqımıza daha çox sevinc, sabitlik və firavanlıq arzulayıram. Mən Azərbaycanlı həmvətənlərimizə, zəhmətkeş və ziyalı insanlara böyük hörmət və məhəbbətimi ifadə etmək istəyirəm və bir daha qeyd etmək istəyirəm ki, bu gün sülh, firavanlıq, sevinc günüdür. Xalqımızın bu gün birliyə və bərabərliyə ehtiyacı var”, – deyə Qaribaşvili bildirib. (APA)