Hərbi əsir olmuş əsgər Ömərin Hitlerlə müharibəsi –

104 il yaşamış qəhrəman
09 May 2020 - 01:59

…Alayın şəxsi heyəti Moldovanın azad olunmasında iştirak etdikdən sonra, Rumıniya və Bolqarıstanı azad etmək üçün hücuma keçməyə hazır idi. Lakin alayın şəxsi heyəti Dunay çayı sahillərindəki düşmən pusqusundan xəbərsiz idi.

İrəliləyən əsgərlər körpüyə yaxınlaşırdı ki, birdən çayın o tayından üzərilərinə yağış kimi güllə yağdıran düşmənin açıq hədəfinə çevrildi. Düşmən qətiyyətlə məğlub olmaq istəmir, çay üzərindəki körpünü qorumaqla hücumun qarşısını almağa çalışırdı. Qəfildən pulemyotçu əsgər ona tuşlanmış güllələrə məhəl qoymayaraq bir əli ilə “Maksim” pulmeyotunda yapışıb körpüyə tərəf sürünməyə başladı. Çəkisi 64 kq olan təkərli pulemyotla sürünmək olduqca çətin idi lakin, alayı mühasirədən azad etmək, itkilərin sayını azaltmaq lazım idi.

Cəsur pulemyotçu ona tuşlanmış, üzərinə yağış kimi yağdırılan güllələrə məhəl qoymayaraq, körpünün üzərinə çıxır. Pulemyotu döyüşə hazır vəziyyətə gətirir, tətiyi basır və güllələr yağış kimi düşmənin üstünə yağmağa başlayır.

Bu hərəkəti ilə əsgər alayın irəliyə gələ bilməsi üçün tək dəhlizi, köprünü azad etmişdi. Tərkibində döyüşdüyü alayı təkbaşına, ölümü gözə alaraq, mühasirədən qurtara bilmişdi.

Çətin döyüşün bitməsindən sonra, komandir bu cəsur əsgərə yaxınlaşır, əlini sıxır və ona “bu döyüşü sən qurtardın!” deyir. Növbəti gün, alayın sıra düzülüşündə pulemyotçu əsgər Əliyev təltif üçün sıra önünə çağırılır və ona bütün bu qəhrəmanlığına görə sadəcə diviziya komandirinin adından “təşəkkür” bildirilir…

Bəs cəsur əsgərin bu ağlasığmaz qəhrəmanlığı niyə belə soyuq qarşılanmışdı?

Burada əsgərin ömür yoluna, hərb taleyinə baxmalı olacağıq.

…İkinci dünya müharibəsi illərində 600 mindən çox azərbaycanlı  sovet ordusu sıralarına səfərbər olunmuşdü. Onlar sona qədər, qəhrəmanlıqla vuruşmuş, igidlik göstərmişlər. Bu əsgərlərdən hər biri bir tarix yazmış, film kimi həyat yaşamışlar.

Yuxarıda qəhrəmanlığından söz açdığımız pulemyotçu əsgər 104 il ömür sürmüş, Astara rayonunda, Talış dağlarının ətəyində yerləşən, mənzərəsi, Xəzər dənizinə Koraoba kəndində doğulmuş, Ömər Osman oğlu Əliyevdir.

Ömər Əliyev 10 may 1900-cu ildə anadan olub. Əmilərinin öhdəsində yaşayan Ömər Bürzüband kənd orta məktəbində 2-ci sinifə qədər oxuya bilib.

1918-ci il mart soyqrımılarının canlı şahidi olub. Ömər kişi rayonun Sıpiəpard kəndində əhalinin kütləvi soyqırıma məruz qalmasını sağlığında tez-tez vurğulayır və bunu öz gözləri ilə gördüyünü deyirdi.

…19 yanvar 1942-ci ildə isə Ömər Əliyev müharibəyə yollanır. Mart ayının 5-dən, iyun ayının 28-dək Qafqazın müdafiəsində dayanan, 15-ci ehtiyat atıcı briqadanın, 46-cı ehtiyat atıcı polkunun atıcısı kimi xidmət göstərib. Krasnodar və Stalinqrad uğrunda gedən döyüşlərdə iştirak edib.

1942-ci ilin payızında Ömər müharibədə döyüşən əsgərlər üçün ən ağır qismət sayılan hadisə ilə üzləşir. Həmin ilin oktyabr ayında faşistlər tərəfindən xidmət etdiyi alayla birgə əsir alınır.

Əsir düşdükdən sonra təltif edildiyi bütün mükafatlardan məhrum olunan Ömər hərbi əsir kimi faşist Almaniyasının hərbi sənayesində işlədilib.

Ömər kişi yalnız 1944-cü ilin sentyabr ayında əsirlikdən qaçmağı bacarıb. Əsirlik həyatı ilə isə bağlı heç vaxt danışmaq istəmirdi. Bunun da səbəbi təqiblə bağlı olub. DTK onu nəzarətdə saxlayırdı.

1944-cü ildə əsirlikdən qaçdıqdan sonra Ömər 213-cü ehtiyat atıcı alaya qoşulur. Sənədlərdə yazılan məlumatlara əsasən 1944-cü ilin sentyabr ayının əvvəllərində 244-cü atıcı diviziyanın 907-ci atıcı alayına təyinat alıb. Ona burada fiziki gücü nəzərə alınaraq pulemyotçu vəzifəsi verilir. Ömər Əliyev 2 nəfərlik heyəti,  64 kq çəkisi olan “maksim” pulemyotunu tək başına həm daşıyır, həm də rahatlıqla döyüşə hazır vəziyyətə gətirə bilirdi. Belə əsgərlər müharibə şəraitində, əsgər heyəti çatışmayan ordu üçün üstünlük əsas qüvvə hesab olunurdu.

Ömər Əliyev əsirlik həyatı yaşadığı üçün SSRİ rəhbərliyi üçün önəmli əsgər hesab olunmurdu. Bütün döyüşlərdə ən öndə, dağıdıcı, taran qüvvə kimi göndərilməsi nəzərdə tutulmuşdu.

Yazının girişində nəql etdiyimiz Dunay çayı ətrafında gedən döyüşlər zamanı Ömər əsirlikdən 1 ay idi qaçmışdı. Həmin il Ömər döyüşərdə müstəsna xidmətlər göstərərək, Rumınya və Bolqarıstanın azad olunmasında iştirak etmişdi. Müharibənin sonunadək 244-cü atıcı diviziyanın tərkibində Kazanlık şəhərində xidmət edən Ömər 1945-ci ilin dekabr ayında 1-ci kateqoriya və ehtiyata buraxılıb.

Yaxınlarının, kənd sakinlərinin dediklərinə görə Ömər Əliyev SSRİ dağılan günə qədər müharibə və hərbi əsirlik dönəmi haqqında heç bir hadisəni ətraflı şəkildə nəql etməyib. Müharibə haqqında isə çıx qısa və az danışırdı. Buna əsas səbəb isə əsirlik həyatı idi. Əsirlik həyatı yaşaması, əsirlikdən qaçması və yenidən orduda xidmət etməsi, onu, SSRİ süqut edənədək SSRİ “КГБ”-sinin diqqət mərkəzində saxlayıb.

Müharibədən sonrakı həyatında fəhlə işlədiyi müddətdə belə SSRİ “КГБ”-si onu təqib etməkdə davam edirdi. Öz övladı kimi baxdığı əmisi oğlu onun aylarla sovet-rus zabitləri tərəfindən gecə saatlarında təqib olunmasının dəfələrlə şahid olduğunu qeyd edirdi. Hətta adı yubiley medallarının verilməsi üçün belə müharibə iştirakçısı siyahılarına əlavə edilmirdi.

Ömər Əliyev müharibədən sonrakı həyatını yaşadığı rayonun iqtisadiyyatının dirçəlməsinə, kənd əhalisinin firavan yaşamasına həsr edib.

1963-cü ildə doğulduğu Koraoba kəndində onun təşəbbüsü ilə 1963-cü ildə kənddə 3 sinifli ibtidai məktəb binası tikilib və tikintisində şəxsən özü təmənnasız iştirak edib. Lenin adına sovxozda fəhlə işlədiyi müddətdə yaxşı işlədiyinə görə, dörd nəfərilk əmək normasını təkbaşına doldurduğuna görə, “Staxonovçu Ömər” ləqəbini almışdı.

Zəhmət cəbhəsində də qisməti ağır olur.

Rayon tarixində rekord nəticəyə imza atmış Ömər kişnin təltif edilməsi üçün, Bakıdan gəlmiş komissiya ona “Lenin” Ordeni verilməsi üçün Mərkəzə müraciət edir. Ordenin təqdim olunması üçün sənədlər hazırlansa da müəmmalı şəkildə təltif təxirə salınır. Qısa müddət sonra tamam “unudulur”.

Yenə də müharibənin fəsadı öz rolunu oynayır…

Əvəzində isə 1979-cu il sentyabrın 17-də “Əmək veteranı” medalı ilə təltif olunur.

Ömər kişi 10 övlad, 30 nəvəyə sahib idi.

2004-cü ilin iyunun 8-də ömrünün 104-cü ilində doğulub boya başa çatdığı kənddə dünyasını dəyişib. Ölümündən 16 il keçməsinə baxmayaraq bu gün də böyükdən kiçiyə hər kəs kənd ağsaqqalını dərin hörmətlə yada salır və onun səxavəti, fiziki gücü haqqında ağız dolusu danışır.

Bu gün SSRİ-nin faşist Almaniyası ilə müharibədə qalib gəldiyi gündür. Qələbənin 75 yaşı tamam olur. Ömər kişi kimi yüz minlərin ömründən müharibə “qırmızı xətt” kimi keçərək hərəsinə bir tale yazmışdı.

Bu qələbənin əldə olunmasında Ömər kişinin də payı var. Döyüş təltifləri əlindən alınsa da, hərbi əsir taleyini yaşasa da sonda vətəni Azərbaycana sonsuz sədaqəti onu zəmanəmizin adsız qəhrəmanına çevirə bilmişdi.

Azpost.info