“Halal təyinat nöqtəsi” –Bakıda Halal Forum nə ilə yadda qaldı?

Bu ay Bakıda keçirilmiş Azərbaycan Halal Biznes və Turizm Forumu  bir sıra məqamları ilə yadda qaldı.

İlk dəfə keçirilən bu Forumun təşkilatçıları İqtisadiyyat Nazirliyi nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyi idi.

Foruma dəstək verənlərin siyahısı da kifayət qədər mötəbər idi. Bu sırada İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) yer almışdı.

Tədbirdə 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları iştirak edib.

Forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etmək idi.

Qlobal İslam iqtisadiyyatının reallığına dair hesabata görə, 2024-cü ildə halal məhsullara dünya üzrə istehlak xərclərinin 2,4 trilyon dollara çatacağı gözlənilir.

İslam maliyyə sektoru siyahıya liderlik edir, ondan sonra sıralamaya görə qida və içki sektoru, əczaçılıq və tibb, sağlamlıq və kosmetika preparatları, həmçinin səyahət və turizm və digər halal sənaye məhsulları və xidmətləri gəlir. Digər sektorlara təhsil və səhiyyə daxildir.

“Orta Dəhliz”in ən böyük nəqliyyat və logistika qovşaqlarından biri olan Azərbaycan Mərkəzi Asiya iqtisadiyyatlarını Cənubi Qafqaz və Şərqi Avropa ilə birləşdirən tranzit marşrutuna çevrilir. Bu geosiyasi və coğrafi xüsusiyyətlər Azərbaycana istehsalçılar, istehlakçılar, investorlar, siyasətçilər, beynəlxalq tərəfdaşlar daxil olmaqla müxtəlif auditoriyalar arasında halal iqtisadi əməkdaşlıq üçün əsas platformaya çevrilməyə və region üçün halal mərkəzə çevrilməyə imkan verir.

Forumun məqsədi yeni ticarət, iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələri və tərəfdaşlıqları stimullaşdırmaq və saxlamaq, MDB, Türkiyə, İran, Körfəz ölkələri və ölkənin əsas regionları kimi mühüm Halal bazarlarında müxtəlif investisiya imkanlarını araşdırmaq olub.

Azərbaycan Böyük İpək Yolunda ticarət, nəqliyyat, logistika və kommunikasiya qovşağı kimi mühüm rol oynayır. İnfrastruktura qoyulan əhəmiyyətli sərmayələr sayəsində Azərbaycan Şərqlə Qərb arasında multimodal daşımaları səmərəli şəkildə həyata keçirir və bu, ona qlobal halal iqtisadiyyatına mühüm töhfə verməyə imkan verir. Forum halal məhsul və xidmətlərin istehsalçıları, təchizatçıları, pərakəndə satıcıları və istehlakçıları da daxil olmaqla müxtəlif iri və sürətlə inkişaf edən sənaye və biznes sahələrinin maraqlarını əhatə edib.

Müasir dünyada halal anlayışı hər il işgüzar münasibətlər sferasına daha inamla daxil olan dini anlayış hesab olunur. İslam biznesinin aparılması standartı bir çox ölkələrdə mal və xidmətlərin istehsalında bir növ keyfiyyət nişanına çevrilir. Son illərdə halal brendindən qida sənayesi, əczaçılıq, təhsil, səhiyyə və xidmətlər kimi sahələrdə fəal şəkildə istifadə olunur.

İkinci onilliyin sonuna qədər qlobal halal bazarı 10,8% artacaq və 3,7 trilyon dollar dəyərində qiymətləndiriləcək. Bu barədə Dubayda keçirilən Dünya İslam İqtisadi Sammitində danışılıb.

Halal ərəb dilindən tərcümədə “Allahın icazə verdiyi” deməkdir. İslam dünyasından kənarda bu termin əsasən qida məhsullarına aiddir. Bu gün bir çox məhsul və mallara “halal” damğası vurulur, lakin onların İslam qanunlarına nə dərəcədə uyğun olması əksər hallarda cavabsız qalan sualdır.

“Halal Forum” qlobal halal ticarət sahəsində yeni biznes imkanlarını araşdırmaq üçün çoxsahəli şəbəkə təklif edən unikal tədbir hesab olunur.

Forumda Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya, Türkiyə, Azərbaycan, Pakistan, Rusiya və Özbəkistandan olan halal standartlarının tətbiqi sahəsində nüfuzlu ekspertlərin və sənaye təhlilçilərinin müzakirələri yer alıb.

Forumun müzakirə mövzularına Azərbaycanın halal xidmətlər mərkəzinə çevrilmə imkanları, Regional Halal Ticarət Mərkəzinin, halal məhsulların istehsalı üzrə azad ticarət zonaların yaradılması, halal bazarların gələcəyi, MDB ölkələrində halal bazar, sertifikatlaşdırma və standartlar, halal bankçılıq və halal sığorta daxil edilmişdi.

Bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi, istehlakçılara keyfiyyətli ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir. Bu baxımdan kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Əhalinin artan qida ehtiyaclarının qarşılanması, ixrac olunan məhsulların çeşidinin və həcminin artırılması üçün aqrar və emal sənayelərində məhsuldarlığın, keyfiyyətin artırılması zəruri tələblərdən birinə çevrilib.

Əlverişli coğrafi mövqedə yerləşən respublikamızda beynəlxalq mötəbər tədbirlərin keçirilməsi, nəhəng transmilli nəqliyyat layihələrinin icrası nəticəsində ölkəmizin turizm məkanı kimi cəlbediciliyinin daha da artırır. Son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axınının halal qida sektorunun inkişafını və halal turizm standartlarının tətbiqini zəruri edir.

Hazırda qlobal halal sənaye böyüməkdə davam edir. Respublikamızda da bu istiqamətdə mühüm işlər görülür. Artıq halal sertifikatlaşma prosesinin dörd kateqoriya üzrə aparılacağı müəyyənləşib. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal olunmuş məhsullar üzrə təşkil ediləcək.

Həmçinin müraciət prosesinin asanlaşdırılması məqsədilə də artıq müvafiq işlərə başlanıb. İnnovativ həllərin tətbiq olunması ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq. Eyni zamanda halal sertifikatlaşma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərindən ibarətdir.

Bununla yanaşı, İnstitutun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu müəyyənləşdirilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna müraciət edib. Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq müəssisələrdən birində müvafiq standart (“OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər”) üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda deyib ki, Azərbaycan halal sektorun hablarından birinə çevrilməyi hədəfləyir.

Onun sözlərinə görə, Azərbaycan ətraf ölkələrlə birlikdə 400 milyon nəfərlik müsəlman istehlak bazarının qovşağında yerləşir. Halal konsepsiya bu gün artıq sadəcə qida və xidmət sektoru ilə kifayətlənmir. O eyni zamanda ətraf mühiti, dayanıqlı inkişafın əsas aspektlərini əhatə etməklə yeni bir müstəviyə çıxarır.

Bəşirli bildirib ki, hazırda Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin qovşağında yerləşən Azərbaycanın nəqliyyat imkanlarının artırılması yönündə fəaliyyət aparılır: “Bura Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Ələt azad iqtisadi zonası və sair layihələr daxildir. Lakin nəqliyyat imkanlarının artması kifayət deyil. Bununla yanaşı ticarət imkanlarının genişləndirilməsi də vacib rol oynayır. Bizim region ölkələri ilə sərbəst ticarət sazişlərimiz var. Bununla yanaşı İƏT-in üzvü olan iki ölkə ilə, yəni Türkiyə və Pakistanla preferensial ticarət sazişləri imzalanıb. Bu sahədə ticarətin liberallaşdırılması bizim əsas prioritetlərimizdən biridir”.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Natəvan Məmmədovanın fikrincə, Azərbaycanda halal standartların tətbiqi perspektivləri böyükdür. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqeyi bu baxımdan vacib detaldır. Böyük müsəlman dövlətləri ilə həmsərhəd olmaq böyük avantaj sayıla bilər. Xüsusən də Orta Asiyada yaşayan 70 milyon müsəlmanla eyni kökə malik olduğunu, həmçinin Rusiya ərazisində yaşayan 30 milyona yaxın müsəlman xalqlarının daha çox cəmləşdiyi Cənubi Qafqazda yerləşdiyini nəzərə alsaq, Azərbaycana bu coğrafiyada “Halal təyinat nöqtəsi” kimi baxıla bilər.

Halal standartları əsasında emal prosesinin təşkili dəyər zəncirini formalaşdırmaqla fermer və sahibkarların gəlirlərini artıracaq, kənd təsərrüfatı məhsullarına olan tələbatı yüksəldəcək, maliyyə bazarlarını canlandıracaq, ixrac potensialını daha da artıracaq. Bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud olan trendlər dəyərləndirilməli, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı günümüzün çağırışlarına uyğun qurulmalıdır. Kənd təsərrüfatında yüksək məhsuldarlıq və keyfiyyətli məhsul yetişdirmək üçün tarladan süfrəyədək hər bir addıma xüsusi diqqət və innovativ yanaşma tətbiqi zəruridir. Bu baxımdan göstərilən hədəflərə nail olmaqda əsas ağırlıq özəl sektorun üzərinə düşür.

Zəngin mədəni irsə və çoxəsrlik İslam sivilizasiya tarixinə sahib Azərbaycanın regionda halal sənayenin daha da inkişafı üçün böyük potensiala malikdir.

Bakı Forumu bu baxımdan yeni imkanlar və fürsətlər üçün yaxşı platforma sayıla bilər.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə  “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.