Heydər Əliyev SSRİ-də Gəncə “İmamzadəsi”nə necə rəsmi ziyarətgah statusu verib? –TARİX

Azərbaycan xalqı bu il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edəcək. Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib.

Mərhum Heydər Əliyev ömrü boyu insanın mənəvi dirçəlişində müqəddəs islam dinin rolunu yüksək qiymətləndirib.

Allahsız sovet rejimində yüksək siyasi vəzifələr tutan H.Əliyev üsul-idarənin sərt nəzarətində belə Azərbaycanın mənəvi gücünün, onun söykəndiyi məqamların qorunması üçün var-gücü ilə çalışıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə mərhum prezidentin yubiley ilində sosial şəbəkədəki səhifəsində  bu böyük insan, görkəmli dövlət xadimi ilə bağlı paylaşımlar edib.

Mərhum dövlət başçısı Heydər Əliyevlə Şeyxülislam Allahşükür Paşazadənin dostluq münasibətlərinin uzun illik tarixi var. QMİ sədri vaxtaşırı müxtəlif anım tədbirərində bununla bağlı öz xatirələrini danışır.

Bu xatirələrdən biri maraqlı bir tarixçəni saxlayır. Azərbaycanlı dindarlar üçün əziz sayılan bir məkanı –Gəncə İmamzadəsini dağıdılmaqdan Heydər Əliyev xilas edib.

Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır. Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.

Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” ziyarətgahı 1946-cı ildən “İmamzadə” piri kimi fəaliyyət göstərib. 1970-ci illərdə “İmamzadə”nin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilib.

Məhz Heydər Əliyevin sayəsidə Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan olub.

Bəs bunun tarixçəsi necədir?

2016-cı ildə Prezident İlham Əliyevin Gəncə İmamzadəsinin təmirindən sonra açılışında çıxış edən Şeyxülislam bu tarixçəni danışmışdı.

Əhvalat belə olub: 1970-ci illərin sonlarında Gəncədən bir neçə kommunist İmamzadənin sökülməsi üçün Moskvaya –Siyasi Büroya məktub yazııblar. Səbəb kimi göstəriblər ki, nə qədər İmamzadə Gəncədədir, burada ideoloji işi effektiv təşkil etmək olmur, kommunizm prinsiplərinin təbliğatı maneə ilə üzləşir.

Buna cavab olaraq Moskvadan Azərbaycan Nazirlər Sovetinin Dini işlər üzrə müvəkkiliyinə məktub gəlir.

A.Paşazadə deyir ki, o, bununla bağlı Müvəkkilliyə dəvət olunur.

Şeyx burada öyrənir ki, müvəkkillikdə o zaman Kirovabad adlanan şəhərin kommunistlərinin həmin ərizəsinin müzakirəsi planlaşdırılıb. Məlum olub ki, həmin məktub Moskvadan, Siyasi Büronun üzvü Mixail Suslovun dərkənarı ilə baxılmaq üçün göndərilib. Kommunistlər həmin iclasda “İmamzadə” ziyarətgahını sıradan çıxarılmasını təklif edirlər. Qərara alınır ki, ziyarətgah təmir adı altında hasara alınsın, sonra gizli surətdə məhv edilsin.

Qərardan ciddi narahatçılıq keçirən gənc Şeyxülislam çıxış yolu axtramağa başlayır. O, nəyin bahasına olursa – olsun problemin Azərbaycan Kommunist Patiyasının Birinci katibi Heydər Əliyevə çatdırmağı qərara alır.

“Mənim o zaman gənc din xadimi olaraq, sovet dövlətinin qərarının qarşısını almaq səlahiyyətim yox idi. Bu xəbəri yasin oxutdurmaq üçün Təzəpir məscidinə göndərdiyi qohumu Validə xanımın vasitəsilə mərhum Zərifə xanıma, onun vasitəsilə isə Heydər Əliyev həzrətlərinə yetirməyi qərara aldım”-deyə A.Paşazdə danışıb.

O zaman din xadimi üçün çox təhlükəli olsa da, bu addımı atır:  “Zərifə xanım bu xəbərə yüksək diqqət göstərdi. Validə xanım vasitəsilə məndən İmamzadə haqqında, onun məqbərəsi ilə bağlı məlumatları yazılı şəkildə təqdim etməyimi istədi”.

Beləliklə, çətinliklə məsələ ilə bağlı H.Əliyev mərhum Zərifə Əliyevanın vasitəsi ilə məlumatlandırır. Heydər Əliyev məsələdən hali olur. “Heydər Əliyevin bu qərardan xəbəri olmamışdı. Zərifə xanım ona deyəndən sonra İmamzadənin dağıdılmasının qarşısını aldı” –deyə Şeyx xatırlayıb.

Məhz Heydər Əliyevin sayəsidə Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan olur.

Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilməsində də Heydər Əliyev həlledici rol oynayıb.

QMİ sədrinin sözlərinə görə, on birinci Şeyxülislam, axund Mirqəzənfər vəfat etdikdən sonra  Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə yeni rəhbər seçmək üçün namizədlər müəyyən olunur. İrəli sürülən 6  namizədlərdən biri Daşkənd İslam  Universitetinin məzunu olan gənc A.Paşazadə idi.

O zaman mühüm dini vəzifələrə namizədliyi irəli sürülmüş din xadimlərinin sənədləri Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə göndərilirdi. Burada QMİ-nin planlaşdırılan qurultayından əvvəl bu namizədlərin sənədlərinə baxılırdı.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev namizədlərin sənədləri ilə tanış olduqdan sonra görür ki, Şeyxülislam postuna namizədlərin hamısı yaşlı adamlardır. Onların içində yalnız bir gənc var. H.Əliyev anket məlumatlarını oxuduqdan sonra A.Paşazadənin qovluğunun götürərək “qoy bu cavan oğlan Şeyxülislam olsun” deyir.

Bu A.Paşazadə üçün də gözlənilməz olur. Özü də, digər namizədlər də onun Şeyxülislam seçiləcəyinə şübhə edirlər. Lakin QMRİ-nin qurultayında A.Paşazadə yekdilliklə sədr seçilir.

Çox illər sonra Heydər Əliyevin qəbulunda olarkən Ulu öndər bu tarixçəni QMİ sədrinə xatrıladıb.

Sovet dövründə QMİ-nin qapalı fəaliyyəti gənc Şeyxin seçilməsi ilə canlandı.

Şeyxülislam həmişə çıxışlarında, söhbətlərində Heydər Əliyevi qəlbən imanlı insan olduğunu deyir və bunun şahidi olduğunu vurğulayırdı. QMİ sədri H.Əliyevdə Allah sevgisinin, dinimizə müqəddəs yanaşmanın mömin valideynlərindən qaynaqlandığını deyirdi. İstər Heydər Əliyev oğlu İlhama müsəlman qaydası ilə kəbin kəsdirərkən, həyat yoldaşı Zərifə xanımın dəfnində sovet rəhbərinə xas olmayan qaydada cənazə duasının oxunmasına şərait yaradarkən bu iman kamilliyi mühüm rol oynayıb.

Şeyxülislam mərhum prezidentin həyat yoldaşı Zərifə xanımın Moskvada dəfnində iştirak edib. Bununla bağlı xatirəsində o, maraqlı detalları açıqlamışdı: “Zərifə xanımın dəfnində mən və Kamil Əliyev “Yasin”oxuyurduq. Dəfndə SSRİ DTK-nın sədri də iştirak edirdi. O, mərasimdə bizim yüksək səslə “Yasin” oxuduğumuzu görüb tərs-tərs baxırdı. Yaxınlaşıb nə isə demək, “Yasin” oxumağımıza maneəçilik törətmək istədi. Rəhmətlik Heydər Əliyev buna imkan vermədi. Əlinin sərt hərəkəti ilə ona geri qayıtmaq işarəsi verdi, dedi ki, işin olmasın, qoy “Yasin” oxusunlar.  SSRİ DTK-nın sədrinə belə bir söz demək mümkün deyildi. Hamı qorxardı. Onun sözünün qarşısında söz deyilə bilməzdi. Ancaq Heydər Əliyev qorxmazlığını hər məqamda göstərirdi. İnam buna deyərlər. Heydər Əliyevin dinə, islama inamı bu qədər güclü idi”.

QMİ sədri H.Əliyevin Vətənə qayıtdıqdan sonra ömür-gün yoldaşının Bakıda müsəlman dininin qaydalarına uyğun dəfn edilməsi yönündə səylərini də xatırladığını vurğulamışdı.

Azərbaycan Prezidentinin andiçmə mərasimində Ana Qanun olan Konstitusiyamızla yanaşı, müqəddəs Kitabımız Qurani-Kərimin yanaşı qoyulma ənənəsinin əsasını Heydər Əliyev qoyub.

QMİ sədrinin açıqlamasına görə, 1993-cü ildə çətinliklə əldə etdiyi və uzun illər boyunca qoruyub saxladığı, vaxtilə Nadir şaha məxsus olmuş nəfis Quran kitabını məhz təntənəli andiçmə mərasimi üçün təqdim edib.  Prezidentin həmin gün öpüb and içdiyi həmin Quran kitabı uzun illər boyu Heydər Əliyevin iş otağında qoyulub, hal-hazırda da dövlətçilik tarixi muzeyində dəyərli eksponat olaraq qorunub saxlanılır.

Bibiheybət məscidinin Azərbaycan dindarları arasında xüsusi yeri var. Bu məscidin  təmir olunaraq Azərbaycan müsəlmanlarının istifadəsinə verilməsində Heydər Əliyev xüsusi rol oynayıb.

Məscidin taleyi isə çox ağır olub.

Sovet hakimiyyəti illərində Azərbaycanda fəaliyyət göstərən 1700 məsciddən 1683-ü məhv edilmişdi. Dağıldılmış məscidlərdən biri də XII əsrdə Şirvanşah II Fərruxun memar Mahmud ibn Sadın layihəsi əsasında tikdirdiyi Bibiheybət məscidi idi. 1936-cı ildə dağıldılan məscidin yerində Stalinin heykəli qoyulmuşdu.

Şeyxülislam Allahşükür Paşazadə  hələ sovet dövründən Bibiheybət məscidinin bərpası üçün daha ciddi cəhdlər göstərməyə başlamışdı.  1990-cı ildə yenidən hökumət orqanlarına xahişlə müraciət edən Şeyxülislam nəhayət tikinti üçün torpaq sahəsi ayrılmasına nail olur. 1997- ci il iyulun 23-də Bibiheybət məscidinin tikintisinə başlanır, cəmi bir il sonra isə bərpa və tikinti işləri başa çatdırılır.

Prezident Heydər Əliyev tikintinin gedişinədək bütün məsələləri xüsusi diqqətdə saxlayıb. 1996-cı ildə təməlqoymada şəxsən iştirak edən Heydər Əliyev  1998-ci ilin 12 iyulunda məscidin ilk minarəsinin açılışında iştirak edib. Prezident İlham Əliyevin iştirakı ilə 2008-ci ilin 14 iyulunda Bibiheybət məscid ziyarətgahının artıq tam kompleks olaraq açılışı oldu.

Ulu Öndər 1998-ci ildə Bibiheybət məscidinin açılışında çıxışı zamanı QMİ və onun sədrinin fəaliyyətinə də toxunub: “Bizim doğma islam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri var. Azərbaycanın Prezidenti kimi, mən bu fürsətdən istifadə edərək, insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, xalqın birliyinin, həmrəyliyinin möhkəmləndirilməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə və onun rəhbəri hörmətli Hacı Allahşükür Paşazadəyə hörmət və ehtiramımı bildirirəm…”

QMİ sədri müsahibələrinin birində qeyd edib ki, onun unudlmaz xatirəsi Heydər Əliyevlə birgə Məkkə ziyarəti ilə bağlı olub. Dünyanın ən müqəddəs yerində, yalnız seçmə insanların ayaq basdığı Kəbə evinin içində Azərbaycan Prezidenti  Allahdan millətimizi hifz etməsini, xalqının bəlalardan qurtulmasını diləyir, dövlətimizin müstəqillyinin əbədi, yaşayışımızın firavan və xeyir-bərəkətli olmasını arzulayıb.

Prezident İlham Əliyev də Ramazan tədbirlərinin birində Allahşükür Paşazadənin  atası ilə bu dostluğundan danışmışdı: “Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanırlar. Onların şəxsi dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərmişdi. Mən onun şahidiyəm ki, Şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olmuşlar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratmışdır”.

QMİ sədri özünün etirafına görə, fəaliyyətində əldə etdiyi uğurlar, o cümlədən milli-mənəvi dəyərlərin bərqərarı və inkişafı, din-dövlət münasibətlərinin təkmilləşdirilməsə, dinlərarası əlaqələrin tolerantlıq müstəvisində gerçəkləşməsi sahəsində əldə etdiyimiz müsbət nəticələr bilavasitə Heydər Əliyevin ənənələri ilə bağlıdır.

Şeyxülislam mərhum Heydər Əliyevlə dəfələrlə xarici ölkələrdə səfərdə olduğunu xatırladaraq istər İslam Konfransı Təşkilatı xəttilə keçirilən tədbirlərdə, istər beynəlxalq konfrans və zirvə görüşlərində, istərsə də rəsmi nümayəndə heyəti tərkibində yol yoldaşlığı zamanı hər dəfə Heydər Əliyevin yeni, maraqlı cəhətlərini özü üçün kəşf etdiyini demişdi.

Bu gün bu xatirələr kövrək izini saxlamaqla dövlətçiliymiz üçün görülən böyük işlərin miqyasına bir daha işıq salır.

Aydın ABBASOV

Əvvəlki məqalə

Sabiq MTN generalı həbsdən çıxmaq üçün vəkilə yarım milyon pul verib?

Sonrakı məqalə

Bakı, Sumqayıt, Abşeronda fevral ayının pensiyaları artımlarla birgə ödənilib