Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib-FOTO

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 29-da “Gülüstan” sarayında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.

Ənənəvi olaraq keçirilən şənlikdə Vətən müharibəsi şəhidlərinin övladları, müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.

Həmişə olduğu kimi, bu dəfə də uşaqlar şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gəliblər.

“Gülüstan” sarayı uşaqları sevindirmək üçün bayram əhval-ruhiyyəsində, nağıllar aləmini xatırladan dizaynla tərtib olunmuşdu.

Uşaqları sarayda nağıl qəhrəmanları qarşılayıblar. Onlar “Face-art” vasitəsilə özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı əldə ediblər.

Bayram şənliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Sonra “Şəngülüm, Şüngülüm, Məngülüm Yeni il şənliyini necə hazırladılar” tamaşası təqdim edilib. Teatrlaşdırılmış səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və Xeyrin Şərə qalib gəlməsi üzərində qurulub.

“Gülüstan” sarayında balacalar üçün xüsusi zövqlə qurulan və əsl bayram əhval-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların xüsusilə böyük marağına səbəb olub. Rəqslərə qoşulan, mahnılar ifa edən uşaqlar Heydər Əliyev Fondunun onlar üçün təşkil etdiyi bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində qeyd ediblər.

Musiqili-əyləncəli proqram müxtəlif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə hazırlanıb.

Qeyd edək ki, müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhidlərimizin övladları üçün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şənlik təşkil edilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu qəbildən uşaqların problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, onları qayğı ilə əhatə edir.

“Gülüstan” sarayında iki saata yaxın davam edən əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.

Bayram tədbirində iştirak edən uşaqlardan bəziləri təəssüratlarını bölüşüblər.

Paytaxtdakı 2 nömrəli internat məktəbinin şagirdi Ümid Şərifov bildirib ki, ən böyük arzusu Vətənimizə layiqli övlad olmaqdır. Balaca Ümid şanlı Zəfərimizlə qürur duyduğunu dilə gətirərək deyib: Şəhidlərimiz, qazilərimiz bizim fəxrimizdir. Onlar bizim üçün canlarından keçib, sağlamlıqlarından məhrum olublar”. Tədbirin təşkilinə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirən Ümid Şərifov deyib: “Heydər Əliyev Fondu hər il uşaqlar üçün Yeni il şənliyi təşkil edir, bütün uşaqlardan diqqət və qayğısını əsirgəmir. Çox sağ olsunlar ki, uşaqları sevindirirlər. Mehriban xanıma çox minnətdarıq”.

Digər müsahibimiz olan Fatimə Babayeva Vətən müharibəsi şəhidi Murad Babayevin yeganə övladıdır. “Bu gün özəl gündür. Biz çox əylənirik. Musiqi, teatr səhnələri ürəyimizcədir. Bu gözəl gün üçün Heydər Əliyev Fonduna, əziz Mehriban xanıma çox minnətdaram”, – deyə şəhid övladı sevinc hisslərini ifadə edib.

Atası ilə bağlı xatirələrini bölüşən Fatimə bildirib: “Atam Vətən müharibəsində şəhid olub. Atam və digər şəhidlərimiz canlarını qurban veriblər ki, biz əmin-amanlıq içərisində yaşayaq. Ən böyük arzum hərbçi olmaqdır. Bununla həm də atamın arzusunu reallaşdırmış olaram”.

Göstərilən diqqətə görə dövlətimizə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirən 16 yaşlı Gözəl Budaqova sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində təhsil aldığını deyib. Ədəbiyyatı çox sevdiyini bildirən G.Budaqova qeyd edib: “Arzum budur ki, bütün uşaqlar sülh, əmin-amanlıq içərisində, qayğısız yaşasınlar. Biz bu gün bu gözəl şənlikdə çox əyləndik, unudulmaz anlar yaşadıq”.

A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın şagirdi Renat Əlizadə isə deyib ki, bu gün onun xatirində həmişəlik qalacaq. On yaşlı Renat bayram şənliyinin onda xoş təəssüratlar oyatdığını vurğulayıb. O, bayram şənliyinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Əvvəlki məqalə

Laçından Xankəndi istiqamətinə Rusiya sülhməramlılarının 15 avtomobili maneəsiz hərəkət edib-

Sonrakı məqalə

Prezident İlham Əliyev Benyamin Netanyahunu təbrik edib