Hindistan və Azərbaycan XİN nümayəndə heyəti Dehlidə görüşüb –FOTO

Hindistanın paytaxtı Nyu Dehlidə Hindistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin beşinci raundu baş tutub.

Hindistanın ölkəmizdəki səfirliyindən Azpost.info saytına bildiriblər ku, məsləhətləşmələrdə Hindistan nümayəndə heyətinə Hindistan Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə Katibi Sancay Verma başçılıq edib. Azərbaycanın Xarici İşlər Nazirinin müavini  Elnur Məmmədov Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin dördüncü raundu 28 iyul 2016-cı il tarixində keçirilib.

Tərəflər Hindistan-Azərbaycan ikitərəfli münasibətlərini, o cümlədən siyasi, ticarət-iqtisadi, konsulluq, mədəniyyət və təhsil məsələlərini nəzərdən keçiriblər. Regional məsələlər, BMT və digər çoxtərəfli qurumlar çərçivəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılıb.

Bu il Hindistan və Azərbaycan diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirlər. Hindistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.

İki ölkə müxtəlif sahələrdə, xüsusilə ticarət, kommersiya və enerji sektorunda əməkdaşlığı uğurla şaxələndirib. Ölkələr arasında ikitərəfli ticarət dəfələrlə artıb və bu gün təxminən 1 milyard ABŞ dolları təşkil edir (yanvar-sentyabr 2022-ci il).

Hazırda Azərbaycan Hindistan üçün mühüm xam neft tədarükçüsünə çevrilir. “ONGC Videsh Limited” şirkəti Azərbaycanın karbohidrogen sektorunda əhəmiyyətli maraqlara malikdir.

Azərbaycanda 1400-ə yaxın hindistanlı yaşayır. Azərbaycan isə daha çox hindistanlı turisti cəlb edir.

Azpost.info

Əvvəlki məqalə

Son iki ayda Qazaxıstana 400 mindən çox rusiyalı gedib

Sonrakı məqalə

İran xüsusi xidməti Qubadlının işğalı zamanı Monte Melkonyandan nə istəyib?