İİsveç kralı heç kimə vermədiyi ali mükafatı ABBA qrupuna təqdim edəcək

İsveç kralı XVI Karl Qustav ABBA qrupunun üzvləri Benni Andersson, Anni-Frida Reys (Linqstad), Byorn Ulveus və Aqnet Feltskoqu son 50 ildə hələ heç kimə verilməyən Vaza cəngavər ordeni ilə təltif etmək qərarına gəlib. Mükafatlandırma mərasimi bu il mayın 31-də Kral sarayında keçiriləcək.

Kral sarayının rəsmi saytının açıqlamasına görə, qrup üzvləri “İsveçə və beynəlxalq aləmə görkəmli töhfələrinə görə” birinci dərəcəli komandor ordeni ilə təltif olunacaqlar.

Vaza ordeni – Qılınc, Şimal ulduzu və Serafim ilə birlikdə İsveçin dörd Cəngavər ordenindən biridir. İsveçdə Cəngavər ordenlərini almaq üçün müraciət edənlər ictimaiyyət arasında nüfuzlu şəxslərdir. Bu təklifləri Əlahəzrətin ofisində xüsusi şura nəzərdən keçirir və hazırlayır. Mükafatın verilməsi qərarını əvvəlcə hökumət dəstəkləməli, daha sonra isə kral bu qərarı imzalamalıdır.

Vaza ordeninin nişanı, mərkəzində qırmızı emallı qızıl halqa ilə əhatə olunmuş iki oraqlı qızıl dərz olan ağ emallı Malta xaçından və üzərindəki “Təsisçi Üçüncü Qustav, 1772” yazısından ibarətdir. Ordenin ən mühüm bəzəyi üzərindəki kral tacı nişanıdır.

XVI Karl Qustavın hakimiyyətinin başlanğıcı ABBA-nın dünyada populyarlığının artması ilə üst-üstə düşüb. 1974-cü ildə “Avroviziya” mahnı müsabiqəsində “Waterloo” mahnısı ilə qalib gələn kvartet, 1976-cı ilin iyun ayında, XVI Karl Qustav və gələcək Kraliça Silviya Zommerlatın toyundan əvvəl televiziya konserti zamanı “Dancing Queen” (Rəqs edən kraliça) mahnısını ifa edib. 2022-ci ilin may ayında isə monarx və həyat yoldaşı Londonda “ABBA Voyage” musiqi şousunun premyerasında iştirak ediblər.

Əvvəlki məqalə

Kanadada doğum evində iki uşaq səhvən başqa ailələrə verilib –

Sonrakı məqalə

“Terrorçular salona qapıdan yox, pəncərədən daxil olublar” –