İlqar Məmmədov REAL-ın İdarə Heyətini istefaya göndərdi –

Partiya yenidən təsis qurultayı keçirəcək (QƏRAR)
03 Noyabr 2019 - 19:58

REAL  Partiyasının fəaliyyət göstərən  rəhbər strukturları buraxılıb.

Azpost.info bildirir ki, bu barədə REAL sədri İlqar Məmmədovun açıqlamasından məlum olub. O, Partiyanın yenidən qurulması üçün təkliflərini açıqlayıb.

“Bir neçə gün əvvəl yazmışdım ki, REAL-da dəyişikliklər planım olacaq. Planın bəzi ideoloji və praktiki tərəflərini ictimaiyyətə açıqlamışdım. Bu gün isə üzvlərimizə daha ayrıntılı təqdimat etdim”.

İ. Məmmədov deyib ki,  2018-ci ildə REAL hərəkatdan partiyaya çevriləndə, əvvəlcə buna qarşı çıxıb: “Deyirdim ki, hələ vaxtı deyil. Lakin müəyyən təkidlərdən sonra partiya formatına keçid etmək istəyən yoldaşlara “kart-blanş” verdim ki, nə istəyirsiniz, onu da edin”.

“Onlar bacardıqlarını və guman edirəm ki, o zaman mümkün olan işləri əsasən gördülər. Hamısına o işə görə təşəkkür etməliyəm. Qərarın o zaman düzgün olub-olmadığını indi demək çətindir. İnsanlar müəyyən iş gördülər və buna görə onların hamısına təşəkkürümü dəfələrlə bildirmişəm, bu gün də bildirdim. Bununla belə, partiyaya keçid xeyli sayda dəyərli üzvümüzü bizdən uzaqlaşdırdı və mən heç vaxt bu itkilər haqqında təəssüf hissi keçirmədən düşünməmişəm”-deyə o yazıb.

İ. Məmmədovun sözlərinə görə, həbsdən çıxdıqdan sonra partiyanın onsuz düzəldilmiş strukturunu və iş prinsiplərini təhlil edib: “Təməl uyğunsuzluqları müəyyən etdim və keçən dəfəki yazımda onları oxudunuz”

Daha sonra REAL rəhbəri təkliflərini açıqlayıb: “Dövlət qeydiyyatı almaq cəhdi qarşıdakı parlament seçkisi ərəfəsində önəmlidir. Yoxsa bizi izləyən seçicilərə və beynəlxalq seçki müşahidəsi heyətlərinə qeydiyyata aparan yolda niyə ikinci cəhd etmədiyimizi izah etmək çətin olacaq. Odur ki, rəsmən Təsis Qurultayı keçirilməli, sənədlər Ədliyyə Nazirliyinə göndərilməlidir. Partiyanın yerli təşkilatları seçki dairələri əsasında qurulmalı idi. Məhz bu cür qurulmasını indi təklif etdim”.

İ. Məmmədov İdarə Heyəti, Partiya Məclisi, Nəzarət-Təftiş Komissiyası adlandırılan qurumlar əvəzində başqa bir proto-parlament tipli qurum – şərti adını hələlik Siyasi Komitə adlandırdığı qurumun yaradılmasını təklif edib: Ən azı 10-15, ən çoxu 125 nəfərdən ibarət ola bilər. Bu qurum qurultayda seçilir, seçki dönəmində öz qərarı ilə genişlənir, başqa dönəmlərdə isə sayca darala bilər. Çevik olmalı və dəyişkən siyasi vəziyyətə tez zamanda peşəkar qiymət verməlidir. Partiya sədrini qurultay deyil, Siyasi Komitə seçməlidir ki, avtoritarizm meylləri yaranmasın, yəni sədr özünü seçkili qurumdan üstün hiss etməsin”.

Qərara alınıb ki, keçmiş İdarə Heyəti üzvlərindən ibarət Təşkilat Komitəsi yaradılsın və o, qurultay üçün təşkilati işləri həyata keçirsin: “İlin sonunadək bu işləri tamamlamağa çalışmalıyıq. Seçki ilinə əsasən hazır yeni strukturla və bacarıqlarını gündəlik gücləndirən heyətlə daxil olmalıyıq. Bu, bir növ təşkilati pauzadır. Lakin təşkilati pauza siyasi fəaliyyətimizi heç bir halda dayandıra bilməz. Əksinə, bu pauza, seçkilərə hazırlıqla bağlı yeni bir siyasi koalisiya təşəbbüsümüzü də həyata keçirməyə imkan verə bilər. Bu istiqamətdə, yəni seçki koalisiyası istiqamətində yenilik olsa, ictimaiyyətə əlavə məlumat verəcəyik”.