İnflyаsiyаnın “yеyə bilmədiyi” zənginlik simvolu

Qızıl bəşəriyyətə hələ bürünc dövründən məlumdur. Onun hasil olunması ilə Mesopotamiyada və Qədim Misirdə məşğul olurdular. Antik dövrdə insanlar qızılın, su və günəşin nadir birləşməsindən əmələ gəlməsinə inanırdılar. Artıq o dövrdən o, varlılıq simvolu kimi hesab edilirdi və zərgərlik bəzəklərinin və zinət əşyalarının  düzəldilməsində istifadə edilirdi.

 

Qədim zamanlardan etibarən bugünki günə qədər qızıl insan fəaliyyətinin bir çox sahəsində, maliyyə sektorunda, sənaye və digər sahələrində istifadə edilir. Qahirədən cənubda səhralıqda dünyanın ən qədim qızıl hasilatı üzrə mədən yerləşir. Bu mədən artıq 5 min ildir ki mövcuddur.

Azərbaycan ərazisi zəngin qızıl ehtiyatlarına malikdir. 2009-cu ildən Azərbaycan qızılın sənaye hasilatına başlayıb. Ölkəmizin ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri bunu təsdiq edir.

Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır.

2006-cı ildə faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılıb və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanıb və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınıb.

Bunlardan əlavə Qoşa, Ağyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının ehtiyatları sahə balansında qeydə alınıb.

Ağdərə rayonunda yerləşən Qızılbulaq yatağı, Qazaxda yerləşən Dağkəsəmən yatağı, Gədəbəydə Qoşa yataq, Gədəbəy yatağı, Kəlbəcərdəki Zod yatağı, Zəngilanda Vejnəli yatağı, Ordubadda Ağyurd yatağı, Pyəzbaşı yatağı, Şəkərdərə yatağı qızıl istehsalı ilə bağlı potensial yataqlardır.

Çovdar yatağı Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapıb. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunub. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t-  dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir.

İşğaldan azad olunan ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsi də ölkəmizdə dövlət siyasətinin mühüm prioritetləri sırasında yer alır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırılıb və  respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edilib. İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlarda birləşdirilməsi ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara əsaslanır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişaf etdirilməsi üçün nəzərdə tutulan istiqamətlər sırasında dağ-mədən sənayesi də yer alır ki, bu da təsadüfi deyil. Sözügedən ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada 167 faydalı qazıntı ehtiyatı hesabına  dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir.

 

“Vejnəli” yatağı 1959-1962-ci illərdə kəşf edilib, geoloji kəşfiyyat işləri 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə həyata keçirilib. Yataq 1984-cü ildə Resurslar üzrə Komissiya tərəfindən qeydiyyata alınıb və Azərbaycan Respublikasının Dövlət mineral resurslar balansına daxil edilib.

“Vejnəli” qızıl yatağında qızıl ehtiyatlarının həcmi 6,5 tondur. Bu qiymətləndirmə işğaldan əvvəl, yəni keçmiş SSRİ dövründə aparılıb. Müasir texnologiya ilə həmin yataqlardan daha çox qızıl hasil edilməsi mümkündür. Lakin 27 illik işğal müddəti yataqların işğalçı ölkə tərəfindən istismar olunmasına, eləcə də erməni əsilli iş adamları tərəfindən bu təbii sərvətlərin mənimsənilməsinə gətirib çıxarıb.

Şərqi Zəngəzur iqtisadi rayonunda qızıl istehsalının bərpa edilməsi və genişləndirilməsi Azərbaycanda yeni emal sənayesinin formalaşmasına imkan verəcək. Çünki həmin yataqda hasil ediləcək qızılın bir qismi emal olunacaq və daxili bazara çıxarılacaq. Bu, həm də valyuta ehtiyatlarımızın artmasına təsir göstərəcək. Bazara yerli istehsal olan qızıl məmulatlarının çıxarılacağı gözlənilir. Bu da yaxın zamanlarda reallaşacaq və Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın qızıla olan tələbatının ödənilməsində xüsusi paya malik olacaq.

Hazırda ən perspektivli Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatı olduğu güman edilir. Əgər gümüş və misi nəzərə almasaq, Gədəbəy yatağından təkcə qızıla görə 710 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir.

Hazırda dünya bazarında bir unsiya qızıl təqribən 1100 dollaradır. Bir unsiya gümüş 17, bir ton mis isə 6 min 880 dollardır. Gümüş və misi də nəzərə alanda, bu yataqdan əlavə olaraq 360 milyon dollar gəlirin əldə ediləcəyi proqnozlaşdırılır.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, sovetlər dönəmində Azərbaycanda keçmiş SSRİ-də olan ən iri zərgərlik zavodlarından biri fəaliyyət göstərirdi. Orada yüzlərlə sənətkar çalışırdı və bu zavodun məhsulları hər yerdə tanınırdı. İndi bu ənənələri bərpa etməyin vaxtı çatıb.

F.Yusifov vurğulayıb ki, əgər zərgərlik məhsullarının hazırlanması sahəsində indi peşəkar sənətkar çatışmazlığını həll etmək üçün xüsusi peşə yönlü təhsilin təşkil olunması lazımdır.

Ekspertlərin fikrincə, Azərbaycan sərvətlərinin xammal qismində deyil, həmin xammalın emal olunaraq məhsula çevrilməsi qismində ixraca üstünlük verilməsi daha çox arzu olunandır. Hər hansı xammalın məhsula çevrilərək ixrac edilməsinin böyük sosial-iqtisadi əhəmiyyəti var.

Qızılın xammaldan məhsula çevrilməsini Azərbaycanda gerçəkləşdirmək olar. SSRİ zamanı Azərbaycanda qızıl istehsalı olmayıb, bu sahədə ənənə formalaşmayıb. Sovet dövründə Azərbaycana xammal bazası kimi baxılırdı. Burada əldə edilən xammal ittifaqın başqa bir ölkəsinə aparılır, orada emal olunur, məhsul əldə edilirdi.

Ekspertlər hesab edir ki, hazırlanacaq məhsula daxili tələbat var. Xarici bazarlara da hazır qızıl məhsulumuzu çıxarmaq olar. Eyni zamanda, xammal qızılın məhsula çevrilməsindən sənayedə də istifadə etmək mümkündür. Bu baş verərsə, xaricdən gətirilən qızılın qiyməti də aşağı düşər, keyfiyyət amili də üzə çıxar.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun açıqlamasına görə, vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda daxili bazarda qızıl və gümüş məhsullarına tələbat kəskin artıb.

İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən qızılın və gümüş məhsullarının satışının ƏDV-dən azad edilməsi ilə xüsusən pərakəndə satışda böyük canlanma yaranıb.

Zakir İbrahimov deyib ki, “AzerGold” QSC tərəfindən bu günə qədər daxili bazarda ümumilikdə 3 660 unsiya qızıl, 14,6 min unsiya gümüşün satışı həyata keçirilib.

Onun sözlərinə görə, bu satış əməliyyatları nəticəsində dövriyyəyə ümumilikdə 11,6 mln. manat vəsait cəlb edilib ki, bu da ötən illə müqayisədə 7 dəfə çoxdur.

ASC-nin fəaliyyət dövrünün geoloji kəşfiyyat göstəricilərinə toxunan Z. İbrahimov əlavə edib ki, hasilat həcminin artırılması və ixracın genişləndirməsi ilə yanaşı resursların artırılması istiqamətində də fasiləsiz olaraq işlər aparılıb.

“İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən gömrük rüsumundan, həmçinin sikkə, külçə və qranul şəklində qızıl və gümüş məhsullarının satışının  əlavə dəyər vergisindən azad edilməsi satışda böyük canlanma yaradıb. Belə ki, qızıl məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılması daxili bazarda qiymətlərin aşağı düşməsinə səbəb olub. Daxili bazarda canlanma xammal satışı  göstəricilərində də müşahidə edilib”, – deyə məlumatda qeyd olunub.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci ilin yekunlarına həsr edilmiş illik hesabatında qeyd edilib ki, ötən il satılan qiymətlilərin  97 faizini qızıl məhsulları təşkil edib. 2021-ci ildə “AzerGold” məhsullarının daxili pərakəndə bazarda satış həcmi 2649 unsiya olub. Bu, 2020-ci illə müqayisədə 46 faiz çoxdur.

Hesabata əsasən, 2019-2021-ci illərdə yerli bazarda ümumilikdə 3405 unsiyadan çox külçə və sikkələrin satışı həyata keçirilib ki, bunun 78 faizi məhz ötən il qeydə alınıb. Satışlardan dövriyyəyə cəlb edilən vəsaitin həcmi isə 8,7 milyon manatdan çoxdur.

Azərbaycanda qızıl hasilatı ilə “Anglo-Asian Mining” şirkəti məşğul olur. 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

Şirkət 2022-ci ildə 43,114 unsiya qızıl hasil edib. 31 dekabr 2022-ci il tarixinə “Anglo-Asian Mining”in 3,6 milyon ABŞ dolları dəyərində qızıl və gümüş (2,5 milyon dollarlıq qızıl və gümüş külçələri və 1,1 milyon dollarlıq mis konsentratı) ehtiyatı yaranıb.

Azərbaycan Dövlət Neft Fondunun ötən ilin yekunlarına həsr edilmiş illik hesabatına əsasən, fondun 101,8 ton qızılı (3 milyon 272,975 min troya unsiyası) var. Həmin tarixə olan qiymətləndirməyə görə, fondun qızıl ehtiyatının dəyəri 5,92 milyard dollardır.

Nеftin qiyməti аrtdıqcа, dünyа qızılı yаddаn çıхаrtmır. Qızıl özünün ümumi еkvivаlеnt rоlunu itirsə də,  inflyаsiyаnın “yеmədiyi” bir əmtəə kimi öz cаzibаdаrlığını sахlаyır.

V.ABBAS

Yazı MEDİA-nın  dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

“Vərəm xəstəliyinə yoluxma 3 dəfə azalıb”

Sonrakı məqalə

Göz sağlamlığı üçün faydalı olan