“Dövlət və özəl provayderlər razılığa gəliblər ki, 15 avqustdan minimal tarifləri qaldıracaqlar.
Ehtiyac olub-olmamasından asılı olmayaraq istifadəçilərə aşağı sürətlər üçün tarif seçimi imkanı verilməyəcək. Hazırda mövcud olan tarif, 15-18 manat (40 Mbit/s), avqustun 15-dən başlayaraq
25 manat (100 Mbit/s ) müəyyən olunacaq”.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC -nin yeni tariflərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Antiinhisar və İKTA hələlik istifadəçilərin seçim imkanlarının məhdudlaşdırılmasına və minimal tariflərin 40% qaldırılmasına münasibət bildirməyiblər.
O.Gündüz bildirib ki, son illərdə provayderlər üçün biznes mühiti nisbətən liberallaşıb, provayderlərin sayı kəskin artıb. İKTA 160-dan çox provayderi uçota alıb. Maraqlıdır ki, internet xidmətləri təqdim edən bu qurumların 40-dan çoxunun saytı yoxdur.
Ekspertin sözlərinə görə, son üç ildə bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq xeyli yaxşılaşsa da, dövlətin payı da hədsiz yüksəlib: “Aztelekom, Baktelekom, AzEuroTel, Azercell, hətta yetərincə müştəri sayı olan Azeronline provayderinin də Azercell dövlət şirkətinə aid olduğunu nəzərə alsaq pərakəndə bazarda dövlətin xüsusi çəkisinin xeyli artdığını görmək olar”.
Onun fikrincə, İKTA gərək tənzimləyici qurum olaraq internet sektorunda dövlətin xüsusi çəkisinin yuksəlməsini də nəzarətdə saxlasın: “Düşünürəm ki, Aztelekom-un, Azercell dövlət sirkətinin özəlləşdirilməyə çıxarılması məqamı yetişib”.