“İran tərəfdən təhdidlər həmişə var. İranın hətta bəzi rəsmi şəxsləri bildirirlər ki, onlar Şimali Azərbaycanı (Azərbaycan Respublikası-red) hətta bir dövlət kimi tanımaq istəmirlər. Azərbaycan Respublikasının mövcudluğu İran üçün bir təhlükədir”.
Azpost.info bildirir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, ancaq Azərbaycan tək deyil: “Yəni Azərbaycan İranla təkbətək üz-üzə qalmış bir dövlət deyil. Azərbaycanın çox ciddi müttəfiqi olan Türkiyə kimi bir dövlət bu regionda mövcuddur. Bundan başqa İranın təsir imkanlarının Azərbaycanda və digər ərazilərdə artmasında maraqlı olmayan dünya gücləri var ki, buna heç vaxt imkan verilməz”.
A.Hacılı bildirib ki, Azərbaycan Ordusunun özünün kifayət qədər gücü var və İranda bunu bilirlər: “Azərbaycan Ordusu çox ciddi hərbi arsenalla təmin olunmuş bir ordudur. Bundan başqa İranın Azərbaycana qarşı müharibə aparmaq imkanlarını məhdudlaşdıran əsas amillərdən biri də ondan ibarətdir ki, İran Ordusunun təxminən yarısı, generallardan tutmuş sıravi əsgərlərə qədər, bizim soydaşlarımızdır. Yəni, onları Azərbaycan üzərinə müharibəyə göndərmək mümkün olmayan bir məsələdir. Mənə elə gəlir ki, hədə-qorxulara, blefə baxmayaraq İran hakimiyyəti bu həqiqətləri dərk edir və Azərbaycan ərazisinə hərbi müdaxilə etməyə cəsarət etməz”.