Ermənistan Avropa Şurasının Rusiya Prezidenti Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini dəstəkləyən bəyannaməsini imzaladığı barədə yayılan məlumatı təkzib edib.
Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yayıb. Onun sözlərinə görə, ölkəsi həmin sənədi imzalamayıb: “Ermənistan bu bəyannaməyə əvvəldən qoşulmayıb”.
Dünən Rusiyanın “Lenta.ru” saytı Ermənistan və Gürcüstanın Avropa Şurasının sözügedən bəyannaməsini imzalamasına dair məlumat yayıb. Ermənistanın ilk olaraq bəyannaməni imzaladığı, daha sonra isə imzasını geri götürdüyü vurğulanıb.
Bəyannamədə Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və digər rusiyalı siyasətçilərin həbsi ilə bağlı orderləri yer alıb. Şuranın Mətbuat xidmətinin yaydığı məlumata görə, Avropa Şurasına üzv ölkələrin və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi Litvanın sədrliyi ilə keçirilən görüşdə qəbul ediblər.