İşığa güzəşt limitinin  artırılması gözlənilir – "Azərenerji"də müzakirələr gedir (AÇIQLAMA)

Vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Tarif Şurasının 30 aprel 2019-cu il qərarı ilə əhali üçün təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu il mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanır. İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödənilir.

Həmin dövrdə işığa tətbiq edilən limitin artırılacağı bildirilsə də, məsələ elə təklif olaraq qaldı.

Maraqlıdır, qarşıdan payız-qış mövsümünün gəlməsi səbəbilə elektrik enerjisinə tələbatın artacağı nəzərə alınaraq, məsələyə yenidən baxıla bilərmi? Ümumiyyətlə, işıq limitinə baxılması məsələsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaqmı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, mətbuatda yer alan təkliflər təqdirəlayiqdir: “Təkliflər var ki, məktəblilər ictimai nəqliyyatda gedişhaqqından azad edilsin, minimum əməkhaqqından gəlir vergisi tutulmasın, dərsliklərə yenidən baxılsın və s. Ayrı-ayrı şəxslərin, ekspertlərin bu fikirləri çox maraqlıdır. Nəzərə almaq lazımdır ki, bunların hamısı dövlət büdcəsindən asılı olan məsələlərdir. Qazın limitinə dəyişiklik edildikdən sonra “Azərenerji”, “Azərişıq” rəhbərliyilə görüşlər keçirmişdik. Onların arqumenti bu idi ki, güzəştə getmək üçün kifayət qədər gəlirləri yoxdur. Bu məsələyə baxılması üçün dövlət tərəfindən mütləq dotasiya ayrılmalıdır”.

 V.Əhmədov qeyd edib ki, payız sessiyasında əhalini narahat edən bir çox məsələlərə toxunulacaq: “Amma istənilən halda dövlət başçısının göstərişilə Milli Məclisdə məsələyə baxıla bilər”.

Modern.az-a daxil olan məlumata görə, Tarif Şurasının 30 aprel qərarından sonra elektrik enerjisinin istehlakı ilə bağlı da analoji addımın atılacağı gözlənilir.

Mənbə bildirir ki, hazırda “Azərenerji”ASC-də hökumət nümayəndələri, iqtisadçılar və deputatlar tərəfindən daxil olan təkliflər dəyərləndirilir. Müzakirələr yekunlaşdıqdan sonra ən optimal variant üzrə qərar veriləcək.
Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisinin tarifi 300 kilovat-saatadək 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyanın BMT tribunasında sərsəm çıxışı:

Sonrakı məqalə

Müxalifətin mitinqinə icazə verildi –